Azərbaycan internet-media məkanında yeni portal istifadəyə verilib

Bu günlərdə Azərbaycan internet-media məkanında yeni, çoxşaxəli portal istifadəyə verilib. Azərbaycan Milli Elmlər Akademiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata əsasən, "aztibb.az" portalı ölkə mətbuatının bir parçası kimi, özündə tibb sahəsinə aid ən son yenilikləri ehtiva edir.

Oxucular “aztibb.az” portalında ölkəmizdə və dünyada səhiyyə sahəsində baş verən hadisələr, tibbi maarifləndirici məqalələr, tibbi təhsil, eləcə də gündəmin əsas mövzusu olan koronavirus pandemiyası ilə bağlı rəsmi xəbərlər və yeni məlumatlarla tanış ola biləcəklər. Saytda tibdə informasiya kommunikasiya texnologiyalarının tətbiqinə dair yeniliklər də yer alacaq. Həmçinin oxucuların sağlamlıq mövzusunda maarifləndirilməsi məsələsinə geniş yer veriləcək: xalq təbabətinə dair maraqlı məlumatlar, dünya mediasında dərc olunan tibbi informasiya və faydalı məlumatlar saytda əksini tapacaq.

İstifadəçilər bu saytda ölkənin müxtəlif rayon və şəhərlərində mövcud olan özəl və dövlət tibb müəssisələri ilə bağlı yeniliklər, eləcə də orada fəaliyyət göstərən həkimlərin fəaliyyəti ilə tanış ola biləcəklər.

“aztibb.az”da, həmçinin ölkənin ən tanınmış, peşəkar həkimləri ilə prioritet mövzularda müsahibələr, videoçarxlar, ölkədə fəaliyyət göstərən dövlət və özəl tibb müəssisələrinin təşkil etdiyi aksiya və kampaniyalar haqqında məlumatlar, eləcə də tələbələr üçün tibbi dərsliklər yer alacaq.

Portalın kollektivinin əsas məqsədi ictimaiyyətə məlumatları dəqiq və operativ şəkildə çatdırmaq, eləcə də keyfiyyətli məzmun təqdim etməkdir.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə