"Tibbi maskalardan istifadə edərkən burun da bağlanmalıdır" AÇIQLAMA-ÖZƏL

“Koronavuris artıq bütün dünya üçün ciddi problemə çevrilib. Ümumdünya Səhiyyə Təşkilatı da virusu pandemiya elan edib. İndiyədək neçə xəstəlik pandemiya elan olunub? Əlbəttə ki bu hala dünyada çox nadir halda rast gəlinib və bu da o deməkdir ki vəziyyət çox ciddidir”. Bunu SİA-ya açıqlamasında cərrah –transplantoloq Mircəlal Kazımi deyib.

Onun sözlərinə görə, çox təəssüf ki, bəzən yazılan informasiyalarda koronavirusun 20-30 il bundan əvvəl məlum olması, hətta müalicəsinin də olduğu ilə bağlı məlumatları görürük: “Düzdür, 20-30 il bundan öncə koronavirus təbabətə, səhiyyəyə, bəşəriyyətə bəlli idi. Virusun özü haqqında da geniş məlumatlar var idi. Lakin zaman keçdikcə müəyyən amillərin təsiri nəticəsində virus mutasiyaya məruz qalaraq nəticə etibarı ilə daha əvvəl heyvanlarda yaşayıb, onlarda xəstəlik törətmirdisə, hazıki COVİD-19 insanlara keçərək onlarda xəstəlik halı yaradıb. Koronavirus çox ciddi xəstəlikdir və hazırda dünyada bu virusa yoluxanların sayı getdikcə artır”.

Mütəxəssis söyləyib ki, hətta səhiyyəsi güclü inkişaf edən ölkələrdə belə xəstəliklə bağlı vəziyyət ürək açan deyil: “Əgər bi virus güclü olmasa idi, infeksiya ilə bağlı yaranan problemi inkişaf etməkdə olan və digər ölkələrin səhiyyələrindəki çatışmazlıqlarla əlaqələndirə bilərdik. Lakin inkişaf etmiş ölkələr, eləcə də Avropa Birliyində sərhədlərin bağlanması, izolyasiya tədbirləri onun nə qədər ciddi olduğunu bir daha göstərdi”.

M.Kazımi qeyd edib ki, virusdan qorunmaq üçün şəxsi gigiyenaya riayət etmək, qoruyucu üsullardan istifadə etmək mütləqdir: “Əl yuma qaydaları bəsitdir və ən azı 20-30 saniyə yuyulmalıdır. Dezinfekdantlardan istifadə edərkən bir neçə məsələlərə diqqət etmək lazımdır. Biz həmin məhlulun qabından düzgün istifadə etməli, qollarımız, dirsəklərimizlə sıxıb əllərimizin bütün səthini dezinfeksiya etməliyik. Evə girərkən mütləq şəkildə bu məhlullardan istifadə etməli, qapının dəstəyini, açarı məhlulla təmizləməliyik”.

Cərrah-transplantoloq vurğulayıb ki, tütün məmulatından istifadə etmək virusa yoluxma riski üçün çox təhlükəlidir: “Xüsusilə də rsik qrupunda olan şəxslər bu məsələdə biganə yanaşarsa, xəstəliyə yoluxduqları zaman yenidən sağlamlıqlarına qaytarmaq çox çətin olur. Düzdür, hazırda tibb müəssisələrində bu xəstəliyin diaqnostikası, xəstələrin müalicəsi üçün bütün lazımi avadanlıqlar var. Lakin hər kəs özü-özünü qorumalıdır”.

Tibbi maskalardan istifadəsinə gəlincə, M. Kazımi əlavə edib ki, adi tibbi maskalardan istifadə müddəti 2 saatdır: “Bu maskalardan istifadə edərkən tənəffüs yolları (burun) bağlanmalıdır. Bunun üzərində olan metal şəxsən buruna görə ayarlanmalı və sıx şəkildə olmalıdır. Tibbi maskanın istifadə müddəti bitdikdən sonra ona əllə toxunmaq düzgün deyil, əks halda biz virusu əlimizlə daxilə qəbul edə bilərik. Digər N 95 maskalarının qoruculuq qabiliyyəti 1 günə qədər davam edir. Əgər bu mskalar daxildən islanıbsa o zaman həmin an maska dəyişilməlidir. Filtrli maskalar da var ki, onların qoruyuculuq qabiliyyəti daha yüksəkdir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə