Həkimlər nəslinin maraqlı tarixçəsi

Anar Əliyev: "İnsan öz işlərini elə qurmalı, elə çalışmalıdır ki, xarici qüvvələrin təsirinə düşməsin və o qüvvələrə az məruz qalsın"

Mingəçevir Dövlət Dram Teatrında Qənbər Şəmşiroğlunun “Caninin etirafı” tamaşasına quruluş verdiyim vaxtlarda işin çoxluğundan, pyesdə gərgin, psixoloji, dramatik motivlər çox olduğundan, məşqlərin çətin keçməsi istər-istəməz bir quruluşçu rejissor kimi mənə təsir elədiyindən, ürəyimdə, əsəblərimdə problelər yaranmışdı. On səkkiz il bundan qabaq infakt keçirdiyimdən, hər an yenidən ifakt keçirmək qorxusu məni kardeoloq- həkimə müraciət etməyə məcbur və sövq edirdi. Özümün kardeoloq-həkimlərim Sumqayıtda olduğudan, əlbəttə, mən işin çoxluğundan Sumqayıta gedə bilməzdim. Ona görə də yaxşı kardeoloq- həkimi Mingəçevidə tapmlıydım və ona müraciət etməliydim. Teatrın işçiləri birmənalı şəkildə bu şəhərdə ən yaxşı kardeoloq-həkim Anar Əliyevi məsləhət bildilər. Mən vaxt itirmədən ona müracit etdim.

Beləliklə, Mingəçevirdə fəaliyyət göstərən Regional Hospitala getdim. Anar həkimin qəbulunda ayrı-ayrı yaş həddində olan adamlar çox idi. Növbə axır ki, mənə də çatdı. Məni gülərüz, cavan bir oğlan qarşıladı. İlk öncə fikirləşdim ki, “axı bu cavan oğlanın elə də təcrübəsi yoxdur. O, mənə nə köməklik eləyə bilər?” O, ilk öncə təzyiqimi ölçdü. Sonra ürəyimin kardeoqramını çəkdi. Və ondan sonra mənimlə söhbət etməyə başladı. Onun savadlı danışığı, hər bir məsələni yerli-yataqlı deməsi, hətta ürəyimlə, əsəblərimlə, səhhətimlə bağlı bir vaxtlar ən məşhur həkimlərin dediklərini o da olduğu kimi mənə dedi. Ürəyimin arxa divardında kiçik çapığın olması, amma indi daha heç bir qorxusu olmamasını da vurğladı. Bundan sonra ürəyimi, əsəblərimi qorumaq üçün mənə çoxlu məsləhətlər də verdi. İstifadə etdiyim dərmanların da düzgün yazıldığını vurğuladı və daha heç bir dərman əlavə eləmədi. Məlum oldu ki, Anar Əliyev həkim nəslindəndir. Onların ailəsində, qohumları arasında iyirmidən çox həkim var. Və atası Rəfael həkim bir vatlar bu şəhərdə ən məşhur uşaq həkimərindən biri olub. Artıq üç il bundan öncə dünyasını dəyişsə də bu şəhərdə və qonşu raynlarda insalar həmişə onu xoş xatirələrlə, hörmətlə yad edirlər.
Qəbulda adamlar çox olduğundan biz onunla çox söhbət eləyə bilmədik və belə qərara gəldik ki, onunla ayrıca görüşüb söhbətləşək. Onu bir kardeoloq- həkim kimi oxucularla daha yaxından tanış edək.
Budur biz, qarşı-qarşıya əyləşib, onunla söhbətləşirik.

- Anar həkim, sizin nəsil şəcərəniz haqqında Gəncəbasar bölgəsində və Mingəçevirdə çox maraqlı şeylər danışırlar. Hətta bu haqda tarixi mənbələrdə də maraqlı yazılar var. Yaxşı olar ki, bütün bunları sizin özünüzdən eşidək.
- Bizim əslimiz-kökümüz indiki Daşkəsən rayonunun Qalaqtəpə kəndindəndir. Orada tanınmış nəsillər olub. Biz də Rəsullu nəslinin nümayəndləriyik. Atam 1973-cü ildən Mingəçevir şəhərində həkim kimi işə başlayıb. Elə ilk gündən pediator-uşaq həkimi işləyib. Üç ildir ki, dünyasını dəyişib. Məndən kiçik qardaşım Azin də həkimdir. Təkcə ata nəslimizi götürəndə mənim kişik qardaşım bu nəsildən olan 18-ci həkimdir. Ümumilikdə isə nəslimizdə 20-dən çox həkim var. Bu da yəqin Allahın bir lütfü, bir vergisidir ki, bizim nəslimizə verilib. Bu da mənim öz sözüm yox, insanların dediyi sözdür ki, “bu nəsilə həkimlik Allah vergisi kimi verilib”. Hamı deyir ki, bizim nəsildə bir əl yüngüllüyü var. İnsalarla xoş rəftar eləmək kimi bir istedad var. Bu da elə həqiqətən İlahi tərəfindən verilmiş bir vergidir. Anamgilin nəsli isə 1948-50-ci illərdə Mingəçevir su anbarı tikilən vaxtı Samux rayonundan Mingəçevirə köçürülən ailələrdəndir. Çünki həmin vaxtı demək olar ki, Samux rayonunu bütövlükdə Mingəçevirə köçürdülər və onun yerində Mingəçevir dəryaçası, su anbarı yaranıb. Anamın atası Museyib Kərimov da Böyük Vətən Müharibəsində iştirak edən və Mingəçevir şəhərinin quruculuğunda böyük xidmətləri olan kişilərdən biri olub. Ona görə də bu şəhərdə hamı onun haqqında böyük hörmətlə danışır.

- Sizin nəsillə bağlı yazılmış bir maqaqlı fakt da var. Xahiş edirəm onu da deyin.
- Bizim nəsilin uluları Mirzə Sadıq Haqverdiyev, molla Rzaqulu Daşkəsənin Qabaqtəpə kəndinin Rəsullu nəslindən olan ulu nümayəndələridir. Mirzə Sadıq Haqverdiyev Azərbaycanın Qərb bölgələrinin indiki Göygöl rayonun ərazisində keçirilən iclasında Azərbaycanın Qərb bölgəsinin Ermənistana verilməsinə kəskin etiraz eləyən ilk azərbaycanlı nümayəndə olub. Hətta erməni Osipyan ona 30 kiloqram qızıl təklif etsə də, o, etiraz eləyib və bu məsələ ilə qəti razılaşmayıb. Ermənilər belə olduqda zor gücü ilə həmin bölgəni Ermənistana birləşdirmək qərarına gəliblər. Onlar 1200 silahlanmış ermən ilə həmin bölgəyə hücum ediblər. Azərbaycanılardan ibarət 45 nəfərlik kiçik dəstə Gədəbəy rayonunun Səbətkeçməz ərazisindəki cığırda erməniləri pusquya salıb və erməninin hamısını öldürüblər. Bu 45 azərbaycanlılın içərisidə Rəsullu nəslinin nümayəndələrindən Tərlan, Mamed Pirverdi oğulları, Çörəkçi Səməd, Məşdi Kərim, Mehralı və əsas qəhrəman isə məşhur nişançı, “Patavalı Hüseyn” ləqəbli mənim ulu babam olub. Onlar ermənilərə necə divan tutublarsa daha "hay"lar Azərbaycan torpaqlarına hücum etmək fikrində olmayıblar. Bir daha deyirəm ki, həmin “Patavalı Hüseyn” də mənim atamın ulu babası olub. Yəni babam Fərhad Əliyevin atası. Hətta bizim nəslin əsas aparıcısı Mirzə Sadıq Haqverdiyev ermənilərin Xoşbulaq kəndinə də iddialı olduqlarını bildiyindən Xoşbulaqda 1920-ci illərdə ilk ev tikdirmiş və bütün nəslini də ora köçürmüşdü ki, ermənilər bu yerdən gözlərini çəksinlər. Ermənilər də ondan qisas almaq üçün yollar axtarıblar. Beləliklə, günlərin bir günü ermənilər ondan öz qisaslarını alıblar. Belə ki, 31 yaşında onu yatdığı yerdə öldürüblər. Sovet hökuməti həmin vaxtı erməniləri müdafiə eləyib və Mirzə Sadıq Haqverdiyevin qanını ermənilərdən almayıblar. Heç bir ermənini həbs eləməyiblər. Bizim nəsil də həmin vaxtdan Sovet hökumətini qəbul eləməyib. 1930-cu illərdə Sovet hökumətini qəbul eləmədiyinə, qaçaqçılıq elədiyinə görə və ermənilərin fitfası ilə həmin “Patavalı Hüseyn”i Azərbaycandan Sibirə sügün eləyiblər. Onun nəsli də məcbur olub Daşkəsəndən Bərdə rayonunun Tanrıqullar kəndinə köçüblər və burada məskunlaşıblar. Babam Fərhad Əliyev də burada yaşayıb və 101 yaşında dünyasını dəyişib. Atam Rəfael də həkim-pediator olub. 1973-cü ildən təyinatla Mingəçevirə gəlib və ömrünün sonuna qədər burada fəaliyyət göstərib. Atamın əmisi Müzəffər Əliyev də həkim olub və Tanrıqullar kəndində həkim işləsə də həmin bölgədə tanınan həkimlərdən biri olub. Mənim əmim Mikayıl Fərhad oğlu Əliyev də Mingəçevir şəhər Təcili Yardım Stansiyasında həkim işləyir. Kiçik qardaşım Azin Rəfael oğlu Əliyev də cərrahiyyə şöbəsində həkim-cərrah işləyir. Gəncədə, Gədəbəydə, Daşkəsəndə həkim işləyən qohumlarımız da çoxdur. Ümumilikdə bizim nəsil ziyalı nəslidir. Bu nəsildən yuxarıda dediyim kimi 20-dən çox həkim işləyən var.

- Deməli, uşaq yaşlarından evinizdə, qohumlar arasında həkimləri çox görməyiniz də bu sənətə sizdə mataq yaradıb. Eləmi?
- Bəli, elədir. Lap uşaq yaşlarından da mənim həkimlik sənətinə marağım çox olub. Ona gərə də 1995-ci ildə orta məktəbi bitirib, Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika şöbəsinə qəbul olmuşam. 2001-ci ildə ali təhsilli həkim kimi Mingəçevir şəhərinə gəlib, Təcili Tibbi Yardım Stansiyasında həkimlik fəaliyyətinə başlamışam. Mənim imkanım vardı ki, qalıb Bakıda işləyim. Çünki ali məktəbi də yüksək qiymətlərlə bitirmişdim. Hətta Tibb İnstitutunda da dərs demək və elmi işlə məşğul olmaq imkanım da vardı. Amma mən, Mingəçevirə gəlməyi üstün tutdum. Çünki mən, bu şəhərə çox bağlı bir insanam. Həm də camaata tibbi xidmət eləmək lazımdırsa elə öz şəhərimin və qonşu rayonların insanlarına xidmət eləyim də. Niyə adamlarımız müalicə üçün Bakıya və başqa yerlərə getsinlər?

- Siz həkim kimi ilk dəfə Təcili Tibbi Yardım Stansiyasında fəaliyyətə başladınız və bir neçə ildən sonra tibbin kardeologiya sahəsini seçdiniz. Bu, nədən irəli gəldi?
- Təcili Tibbi Yardım Stansiyasında işləyən həkim, tibbin bütün sahələrini yaxşı bilməlidir. Çünki xəstənin yanına gedəndə gərək sən hər şeyi bilməlisən ki, ona lazım olan kimi ilk tibbi yardımı göstərə biləsən. Mən Təcili Tibbi Yardım Stansiyasında işləyəndə gördüm ki, ürək xəstəlikləri insanlar arasında daha çox yayılıb və bü xəstəlikdən ölənlərin sayı dünyada daha çoxdur. Deməli, bu sahədə yaxşı mütəxəssislərə ehtiyac daha böyükdür. Ona görə də fikirləşdim ki, mən xalqa bu sahədə daha çox kömək edə bilərəm. Çünki Mingəçevirdə də həkim-kardeoloqa ehtiyac daha böyükdür. Həm də hələ tələbəlik illərimdən də bu sahəyə meylim çox idi. Kardeologiya ilə bağlı daha çox tibbi kitablar oxuyurdum. Bu sahə ilə ciddi maraqlanırdım. İmam Sadiq Cəfərin belə bir hədisi var: “Elm bir nurdur, Allah Təala istədiyi bəndənin qəlbinə salar”. Yəni insan hansı arzunun dalınca böyük istəklə, həvəslə getsə və bütün həvəsini, istəyini həmin işə sərf eləsə, onda öz istəyinə, arzusuna, məqsədinə çata bilər. Mən də həkimlikdə kareologiyanı seçdim və bütün fikrimi, savadımı, düşüncəmi bu işə daha çox yönəltdim. Kardeologiya ilə bağlı daha çox tibbi kitablar oxudum. Bu sahədə böyük təcrübə və ixtisas artırma kursları keçdim. Dünya səviyyəli məşhur kardeoloqlardan bu sahənin incəliklərini dərindən öyrəndim.

- Siz düz deyirsiniz ki, tibb elmində kareologiya bu gün daha çox lazım olan sahədir. Dünyada da bu sahədə ölüm riski daha çoxdur. İnsanların ürək xəstəliyinə tutulmaması və bu xəstəlikdən yan keçmələri üçün nə məsləhətlər verərdiniz?
- Ürək xəstəliklərinin yaranma səbəbləri var. İnsan ilk öncə həyatda öz şəraitini yaxşı və düzgün qurmalıdır ki, ürəyinə güc salmasın. Birinci əsəb faktorlarını aradan götürmək lazımdır. İkinci insan özünün qida rejiminə düzgün əməl eləməlidir. Üçüncüsü gün rejiminə düzgün riayət etməlidir. Axı gücə-gündüz bir-birini əvəz elədiyi kimi, insanların da istirahəti ilə iş rejimi, fəaliyyəti bir-birini əvəz eləməlidir. Əgər biz qanunla hər gün 8 saat işləyiriksə, deməli, hökmən 8 saat da yatmalıyıq ki, ən azından orqanizm öz istirahətini təmin eləyə bilsin. Əgər bu gərginliklər aradan götürülsə ürək xəstəliklərinin riski də azalar. Ümumiyyətlə ürərlə bağlı dəyişilə bilməyən risk faktorları var. Birinci yaş faktoru. İkinci dəyişilə bilməyən risk faktorları. Üçüncü nəsildən gələn irsi, genetik faktorlar. Dəyişilə bilən faktorlarda da var. Birinci oturaq həyat şəraiti. Siqaret çəkmə. Alkaqoldan həddən artıq istifadə etmə. Qida rejimini düzgün qurmamaq. Xalestrin tərkibli qidalardan daha çox istifadə etmək. Məsələn heyvan mənşəli yağlarda doymamış yağ turşuları həddindən artıq çoxdur. Biz də onlardan çox istifadə edirik. Bunlar da xalestrin şəkilində ürək-damar və ümumiyyətlə orqanizmdə olan arterial sistemin divarlarına çökür. Bununla da damar keçiriciliyinin tamlığını pozur. Damar mənfəcini daraldır və bununla da insan orqanizmində olan orqanların qidalanması kəskin pozur. Buna da biz tibbi dildə işemiya deyirik. Beləliklə, orqanizmdə işemik vəziyyət yaranır. Yəni el dililə desək, orqanizmdə oksigensiz, qidasız ac bir vəziyyət yaranır. Həmin bu vəziyyət davamlı olduqca və hər hansı bir risk faktoru da bunun üstünə düşdükdə və qəflətən əsəbləşəndə kəskin damar spazması baş verir, bu da orqanların, toxumaların məhvinə gətirib çıxarır. Bu da ən dəhşətli hal olan ölüm riskini artırır.

- İnsan orqanizmində ən vacib olan hansı üzvlərdir?
- Birinci növbədə ürəkdir. Sonra beyin damarlarıdı. Ona görə də hər bir insan əgər sağlam yaşamaq istəyirsə ürək və beyin damarlarını qorumalıdır. Yenə də qayıdıram sizin o sualınıza ki, nə etməlisən ki, xəstələnməyəsən? Ona görə də insan gününü düzgün qurmalıdı. Qida rejiminə düzgün əməl eləməlidi. İş rejimini düzgün təyin eləmək lazımdır. Ən azından əsəb gərginliyi faktorlarından nəyin bahasına olursa olsun, uzaq olmaq lazımdır. Əslində sağlamlığı qorumaq üçün görürsünüzmü, mən elə də çox şey demədim. Yəni, insan öz sağlamlığını qorumaq üçün bunlar ona kifayət eləyir. Sadəcə insan dərk eləməlidir ki, yaşadığı həyat çətindir. Həyatda hər dəhşətli şey var, olub, olacaq. Bütün bunları o, özünə dərd, ağlasığmaz problem eləməməlidir. Çünkü yer kürrəsində bu vaxta qədər yaşayan 65 mlyarddan çox bütün insanlar bu problemlərdən keçib və keçir. Əgər insan övladı yaşayırsa deməli, bu çətinliklərlə üzləşəcək. Çünki bu çətinliklər də insan üçün yaranıb. Ona görə də hər bir insan öz işlərini elə qurmalıdır, çalışmalıdır ki, xarici qüvvələrin təsirinə düşməsin və o qüvvələrə az məruz qalsın. Hər şeyə ağılla, səbrlə yanaşsın. Bilirsiniz ki, Səbr Allahın birinci adıdır. Hər bir insan bunu həmişəlik yadında saxlamalıdır.

- Mingəçevirdə və qonşu rayonlarda kardeoloq-həkim çoxdur. Bəs niyə xəstələrin çoxu məhz sizə müraciət eləyir?

- Bu, yəqin etibardan, inamdan, işimdən razı olmaları və mən başqa həkimlərdən fərqli olaraq, xəstəyə cəmi iki-üç dərman yazmağımdan irəli gəlir. Mənə elə gəlir ki, hər bir mütəxəssis həkim öz işini yaxşı bilsə, xəstələrə düzgün, dəqiq diaqnoz qoya bilsə və onlara özünün ən əziz adamı kimi yanaşsa onu xəstələr çox sevəcək, onun ən böyük təbliğatçısı olacaqlar. Əgər mən bu gün Mingəçevir şəhərində və qonşu rayonlarda yaşayan insanların 10 faizinin etibarını, inamını qazana bilmişəsə, bu, mənim üçün çox böyük göstəricidi. Əgər insanlar öz sağlamlığını və müalicəsini mənə etibar eləyirlərsə deməli, mən bunu qazanmışam. Bu da bir həkim kimi mənə verilən ən böyük qiymətdir. Onu da vurğulayım ki, bu gün bizim xəstələr görürsən ki, müalicə olunmaq üçün xarici ölkələrə gedirlər. Amma mən qətiyyətlə deyə bilərəm ki, bu gün bizim öz işinin mütəxəssisi olan həkimlərimiz çoxdur. Qoy həmvətənlərimiz talelərini öz həkimlərimizə etibar etsinlər. Bu, bizim insanlarımızın ən zəif xüsusiyyətidir ki, öz yerində yaxşı həkimi qoyub, kənardan həkim axtarır. Hətta görürsən ki, elə Mingəçevirə Bakıdan həkim gələndə xəstələr öz həkimlərimizi qoyub, onun yanına qaçırlar. Həmin həkimi tanımasalar da, onun savadına, ağlına, təcrübəsinə bələd olmasalar da onun yanına gedirlər. Çünki o, Bakıdan gəlib. Eləcə də xarici ölkədən ortabab savadı, biliyi olan bir həkim Bakıya gəlir, hamı qaçır həmin həkimin yanına. Ona görə də lazımdır ki, yerli həkimlərimizin təbliğatı yüksək olsun və insanlarımız da bunu görüb, oxuyub, dərk edib, ona müraciət etsinlər. Bununla həmin xəstələr həm də öz maliyyə imkanı olmadan, borca-xərcə pul tapıb, xarici ölkələrə gedib, həmin xarici həkimlərinə müraciət etməzlər. Axı xarici həkimlər də onlara heç bir qarant da durmurlar və onlar, yəni həmin adamlar ikinci dəfə xəstələnəndə yenidən həmin xarici ölkəyə gedə bilmirlər. Bu adamları sonra yenə də bizim öz həkimlərimiz müalicə edirlər. Deməli, öz həkimlərimizə inamımız çox olsa, biz daha tez sağala bilərik. Axı inam, həyatın sərmayəsidir.

P.S. Mən müsahibəmi Anar həkimlə bu sözlərlə bitirsəm də amma bilirdim ki, o, Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında uzun illər həkim-kardeoloq işləyib. Amma indi oradakı işindən çıxaraq, Özəl Regional Hospitala işləməyə gəlib. Görəsən Mingəçevir şəhər Mərkəzi Xəstəxananın rəhbərliyi belə yaxşı mütəxəssisin oradan işdən getməsinə peşiman deyilmi? Axı Anar həkim əgər indi Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında işləsəydi, bu şəhərin camaatına daha böyük xeyir verə bilərdi. Çünki o, bu şəhərdə ən üzdə olan və çox savadlı kardeoloq-həkimdir. Bunu məgər xəstəxananın rəhbərliyi bilmirmi?.. Buna mən, yalnız təəssüf hissi kimi baxıram...

Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi

Bütün xəbərlər Facebook səhifəmizdə