"Azheimer xəstəliyi yaddaşın zəifləməsi və davranış pozulmaları ilə gedən neyrodegenerativ xəstəlikdir". Bu sözləri SİA-ya açıqlamasında həkim nevroloq Rəna Abbasova deyib.
O bildirib ki, xəstəliyin yaranma səbəbləri arasında müxtəlif intoksikasiyaları qeyd etmək olar: "Zərərli mühitdə əgər xəstə uzun müddət işləyirsə, müxtəlif damar xəstəlikləri uzunmüddətli xroniki beyin-qan dövranı çatışmamazlığı və sair kimi hallar, irsiyyət xəstəliyin inkişaf etməsinə səbəb ola bilir.
Azheimer xəstəliyi demensiyalar arasında ən çox rast gəlinənidir. Daha çox 60 yaşdan yuxarı rast gəlinir. Nadir hallarda daha gənc yaşlarda da müşahidə olunur. 85 yaşdan yuxarı isə rast gəlmə tezliyi daha çoxdur. Cavanlarda tam olaraq azheimer xəstəliyi deyə bilmirik. Çünki hər yaddaş pozulması azheimer xəstəliyi deyil. Bu xəstəlik zamanı bir çox əlamətlər olur. Burada koqnitiv funksiyaların itməsi, müəyyən müddətdən sonra xəstəliyin sürətlə inkişaf etməsi, həm də davranış pozulmaları olur. Müalicəsi erkən dövrlərdə başlanırsa, müalicə simptomlara uyğun olaraq aparılır, xəstəliyin əlamətləri, koqnitiv funksiyalarda zəifləmələr artdıqca müalicədə də müəyyən dəyişikliklər olunur".
"Əgər artıq davranış pozulmaları olursa, nevroloqla yanaşı psixiatrın da müalicəsi lazımdır. Ümumiyyətlə, əgər bir şəxs yaddaşının zəifləməsi, azalmasından müraciət edirsə, ilk olaraq müəyyən testlər olunur, bundan sonra xəstəyə tövsiyələr olunur. Hansı ki, unutduqlarını qeyd etməyi, cədvəl tutmağı, bu cədvəllə hərəkət etməyi, müxtəlif zehni oyunlar oynamağı, riyazi hesablamaları təkrar etməyi xəstəliyin ilkin dövrlərində tövsiyə olunur. Əlbəttə ki, irəli getdikcə müalicə fərqli olur. Həm də davranış pozulmaları olarsa, bu zaman psixiatrın müalicəsi lazımdır. Bu cür xəstələrdə yaddaşın tamamilə itməsi dövründə isə onlar mütləq özlərində ünvan, telefon nömrəsi, hər hansı məlumat olmalıdır ki, itərlərsə, yaxınları ilə əlaqə saxlanılsın.
Xəstələrə tövsiyyə edirik ki, daim mütaliə etsinlər, baxdıqları hər hansı filmi təkrar-təkrar yada salmağa çalışsınlar. Gün ərzində gördükləri işləri yada salsınlar. Ailədə bir neçə nəfər varsa, bunu hiss edirlərsə, həmin şəxsə yada salmaqda kömək edə bilərlər" - deyə o, əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə