Körpələrin ölümünə səbəb olan məqamlar BƏLLİ OLDU - RƏYLƏR

“Uşaq ölümlərində azalma dinamikası müşahidə olunmalıdır. Çünki qlobal tendensiyada uşaq ölümü istiqamətində xeyli azalma müşahidə olunur. Azərbaycanda isə uşaq ölümü ilə bağlı artım dinamikasının müşahidə olunması, hələ də ölkəmizin uşaq ölümlərinin qarşısının alınması ilə bağlı arzuolunan hədəfə çata bilmədiyini göstərir. Bu səhiyyə keyfiyyəti ilə bağlı olan məsələdir”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Üzeyir Şəfiyev deyib.

O bildirib ki, səhiyyə menecmenti və tibbi personalın tələb olunan səviyyədə hazırlığı və ölkə üzrə düzgün paylanması çox vacib məsələdir: “Statistikaya nəzər yetirdikdə ölkə üzrə 100 minə yaxın tibbi personalın olduğunu görərik. Lakin cəmi 32 min ixtisaslaşmış həkim var. Həmçinin uşaq həkimlərinin də ölkə üzrə paylanması məsələsinə xüsusi diqqət ayrılmalıdır. Eyni zamanda əhalinin qidalanması, keyfiyyətli tibbi xidmət alması, əhalinin səhiyyə savadlılığı kimi məsələlərə də diqqət ayrılmalıdır. Bir sıra hallarda uşaq ölümlərinin səbəbi kimi irsi qan xəstəlikləri yer alır. Baxmayaraq ki, irsi qan xəstəliklərinin aradan qaldırılması üçün ölkə rəhbərliyi tərəfindən düzgün olaraq nikaha girməzdən öncə qan testi tələb olunur. Amma bununla belə cəmiyyətin səhiyyə savadlılığının artmasına nail olmalıyıq. Çünki bəzi xəstəliklər məhz ana vasitəsilə uşağa keçir və uşaq immunitet qazana bilmədiyi üçün 5 yaşına kimi dünyasını dəyişir. Bu birbaşa olaraq səhiyyə savadlılığının olmaması və zamanın proflaktik tədbirlər görməməyin ucbatından baş verir.
Eyni zamanda valideyn məhsuliyyətsizliyi məsələsi də uşaq ölümlərində özünü göstərən amildir”.

Məsələ ilə bağlı pediatr Sevda Novruzlu fikirlərini bölüşüb: “Uşaq ölümləri müxtəlif səbəblərdən baş verir. İlk növbədə anadangəlmə qüsurlar buna səbəb ola bilir. Belə ki, uşaq doğulan zaman müxtəlif ürək qüsurlarının ortaya çıxması ölümə aparır. Digər tərəfdən hamiləlik zamanı ananın keçirdiyi müxtəlif hüceyrədaxili infeksiyalar yeni doğulan körpənin ölümünə səbəb ola bilər. Həmçinin virus infeksiyalarının ağırlaşmaları da uşaq ölümünün səbəbləri sırasında yer tutur. Eyni zamanda respublika üzrə tətbiq olunan peyvənd təqviminə uymaq lazımdır. Lakin bəzi valideynlər peyvənd təqvimindən imtina edirlər, bu isə uşağın həmin xəstəlikləri ağır keçirməsi ilə nəticələnir. Buna görə də peyvənd təqviminə xüsusi diqqət etmək çox vacibdir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə