Kredit götürən şəxs vəfat edibsə, borcun aqibəti necə olacaq? - AYDINLIQ GƏTİRİLDİ

"Azərbaycan Respublikası Mülki Məcəllənin 1151-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir". Bu sözləri SİA-ya açıqlamasında vəkil Turan Abdullazadə deyib.

O bildirib ki, bu o deməkdir ki, vərəsə vəfat edən miras qoyan şəxsin hüquqlarını qəbul edirsə, deməli vəzifələrini də qəbul edir: "Başqa cür desək, miras aktivini istəyirsə, miras passivininə daxil olan öhdəlikləri də icra etməlidir. Məsələn, vəfat edən şəxsin 1 övladı var. Vəfat edən sağ ikən hansısa bankdan 5000 AZN kredit götürmüş, 2000 AZN kredit ödənişi etdikdən sonra rəhmətə getmişdir. O sağ ikən bir avtomobil və bir ev almışdır. Onun övladı əgər atasından qalan həmin əmlakları (avtomobili və evi) qəbul edirsə, demək ki, atasından qalan 3000 AZN borcu da qəbul etmiş sayılır. Bankın hüququ var ki, qalan kredit borcunu övladdan tələb etsin. Yox əgər övlad atasından qalan miras əmlakdan imtina edirsə, bankın övladdan nə isə tələb etmək hüququ yoxdur.

Mülki Məcəlləyə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq ola bilərlər".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə