"İkinci dəfə ailə qurmaq ikrah hissi doğurmamalıdır" - RƏYLƏR

"Filan qadın ərindən boşanıb ikinci dəfə ərə getdi. Görürsüz də, digər qadınlara necə pis nümunədir?!”. Bu cür düşünənlərin təbirincə, boşanmış qadınlar cəmiyyətdə daş-qalaq olunmalıdır. Bu səbəbdən də Azərbaycan cəmiyyətində ailə qurmaq haqqında təsəvvürlər bir-birinə qarışıb. Maraqlıdır, müasir zəmanədə boşanmış qadınların ikinci dəfə ailə qurması niyə ikrah hissi doğurur? Məsələnin sosioloji və psixoloji tərəfləri necə izah olunmalıdır? SİA mövzu ilə bağlı sosioloq Əhməd Qəşəmoğlunun və psixoloq Vüsalə Əmiraslanovanın fikirlərini öyrənib.

Sosioloq Əhməd Qəşəmoğlu: "Boşanmış qadınlarla bağlı sosioloji problemlərimiz var. Qadın boşananda bizim cəmiyyət elə vəziyyətdədir ki, bir çoxları həmin qadına macəra obyekti kimi baxır. İkincisi, boşanmış qadınlar elə davranış sərgiləməlidirlər ki, onlara macəra obyekti kimi baxmasınlar. Qadın özünü daha ciddi aparsa, özünü obyekt kimi görməyə imkan verməsə, ona normal baxırlar. Uşağı ilə boşanan qadın var, uşaqsız boşanan qadın var. Onların da problemləri fərqlidir. Boşanmış qadının yanında uşaq olanda və qadın ailə quranda problemi fərqli olur. Uşaq olmayanda problem az olur. Ona görə cəmiyyətimiz indiki vaxtda boşanmış qadınlarla bağlı müəyyən sosial-psixoloji problemlərə malikdir. Biz bu istiqamətdə çalışmalıyıq ki, cəmiyyətimizdə normal münasibətlər yaranması üçün işlər aparaq. Bunun üçün boşanmış qadınların sosial müdafiəsi ilə bağlı dövlət orqanlarının üzərinə müəyyən işlər düşür. Bir çox halda kişilərin çoxu qadına qarşı zülmkarlığı çox olur, bilir ki, qadın boşansa, problemi çox olacaq. Ona görə də qadına qarşı zülmkar olur. Bilsə ki, boşanmış qadının həyatı ondan asılı deyil, elə rəftar etməz.

İndiki zamanda cəmiyyətimizdə bu sahədə ciddi problemlər, boşluqlar var. Çalışmalıyıq ki, boşluqları ortadan götürək. Bir tərəfdən sosial müdafiə məsələləridirsə, digər tərəfdən mənəvi məsələlərdir, başqa tərəfdən də cəmiyyətin özünü hazırlaması üçün kütləvi informasiya vasitələrində bəzi işlər getməlidir. Əvvəllər də tarixdə belə şeylər olub. Bu məsələlərə normal baxıblar. Cəmiyyətdə bu problemlər varsa, bununla bağlı düşünülmüş işlər görməyə ehtiyac var".

Psixoloq Vüsalə Əmiraslanova: "Əvvəlki dövrlərdə bu məsələyə daha fərqli yanaşırdılar. Amma tam da demək olmaz ki, hər yerdə ikrah hissi var. Səbəblər var, situasiyaya bağlı olan məsələlər var. Əlbəttə ki, boşanmış qadın sözü Azərbaycan cəmiyyətində birmənalı qarşılanmır. Düşünürəm ki, bəzən ikrah hissi ona görə yaranır ki, insanların öz daxili baxış bucaqları, hiss və düşüncələri fərqli olur. Amma ikinci dəfə ailə qurmaq pis deyil və bu ikrah hissi doğurmamalıdır. Psixoloji tərəfləri isə belə izah olunmalıdır ki, əgər qadının ailəsi nəyəsə görə dağılıbsa, özü də ikinci dəfə ailə qurmaq istəyirsə, niyə ailəsi olmamalıdır? Əgər burada övladlar məsələsi varsa, boşanmış qadının uşağına ayırdığı vaxta baxmaq lazımdır. Yaxud da, kifayət qədər uşağının tərbiyəsi ilə məşğul ola bilirmi? Uşaqların yaş məsələləri var. Uşağa necə izah etmək məsələsi də var. Hər şey izahla mümkündür. Uşaqlar da psixoloji dəstək alarsa, valideynlər də psixoloji dəstək alarsa, hər iki tərəf bunu normal qarşılayarsa, bu, pis addım deyil. Hətta daha gözəl addımdır. Çünki hər bir qadının ailəsi olmalıdır. Hər bir kişinin də ailəsi olmalıdır. Psixoloqlar da bunu aşılanmalıdırlar".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə