Gürcüstanda “Rusiyanın xüsusi əməliyyatı”..?

Gürcüstan prezidenti Salome Zurabişvili parlament seçkilərinə “Rusiya əməliyyatı” ilə müdaxilə edildiyini iddia edərək seçkinin nəticələrini qəbul etməyəcəklərini bəyan edib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Paytaxt Tbilisidə ölkədə keçirilən parlament seçkilərilə bağlı Prezident sarayında açıqlamalar verən Zurabişvili deyib: “5 faizlik baryeri keçən müxalifətin “Gürcüstanı xilas etmək üçün birlik”, “Dəyişiklik üçün koalisiya” və “Güclü Gürcüstan” seçki bloklarının sədrlərini dəstəkləyirik. Hakim Gürcü Arzusu Partiyasının seçkilərdə qalib gəldiyini göstərən nəticələri qəbul etmirik, çünki bu seçkilər tamamilə saxtalaşdırılıb, xalqın səsləri oğurlanıb. Biz “Rusiyanın xüsusi əməliyyatı” kimi qələmə verilə biləcək bir hadisənin qurbanı olduq. Xalqımıza və ölkəmizə qarşı yeni növ hibrid müharibə tətbiq edildi.

Gürcüstan Avropa ilə gələcəyi olan bir ölkədir. Geri durmayacağız.

Bu seçkini tanımaq olmaz, çünki Rusiyanın buraya daxil olması Gürcüstanın Rusiyadan asılılığı deməkdir.

Seçkinin nəticələrini tanımayan müxalifət partiyalarını və ictimaiyyəti 28 oktyabr axşam saatlarında Tbilisidə parlament binası qarşısına toplaşmağa çağırıram. Qərb dövlətlərinin də ölkəmizi və xalqımızı dəstəkləməsini istəyirik. Gürcüstanı qorumaq geosiyasi tarazlığı qorumaq deməkdir”.

Qeyd edək ki, Gürcüstanda keçirilən parlament seçkilərində 53,93 faiz səs toplayan hakim Gürcü Arzusu Partiyası qalib gəlib.

“Dəyişiklik üçün koalisiya” 11,03 faiz səslə ikinci, “Gürcüstanı xilas etmək üçün birlik” 10,16 faizlə üçüncü, “Güclü Gürcüstan” 8,81 faizlə dördüncü, “Gürcüstan Naminə Qaxariya” beşinci yerdə qərarlaşıb.

Müxalifət seçkinin nəticələrini tanımayacaqlarını bəyan etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə