Gürcüstandakı seçkilərdən sonrakı GÖZLƏNTİLƏR – TƏHLİL

Cənubi Qafqazın ən qaynar nöqtələrindən, daha doğrusu, ölkələrindən biri olan Gürcüstanda parlament seçkilərinə səsvermə, qonşu ölkənin süverenliyi nöqteyi-nəzərdən, hətta referendum belə səviyyəsində görünür. Çünki gürcülər bu seçkilərdə iki ssenari arasında seçim etməklə, özlərinin, öz ölkələrinin gələcəyinə səs vermiş olublar. Bununla belə, hadisələrin fərqli və müxtəlif istiqamətlərdə cərəyan edəcəyi barədə gözləntilər də, proqnozlar da kifayət qədər çoxdur. Ona görə ki, Cənubi Qafqaza burun soxmaq istəyən Qərbin Gürcüstanda öz “barmağı” var.

Regionda özünə yer etmək istəyən xarici qüvvələrin, məhz Gürcüstanın öz istədiyi yolla getmə qərarı ilə razılaşacağı qətiyyən inandırıcı deyil

Hazırda Gürcüstan üçün müharibə ocağına çevrilmə təhlükəsi və ən azından geosiyasi oyunlara alət olma kimi bir gözləntilər də mövcuddur. Qonşu ölkələrlə, region ölkələri ilə qarşılıqlı faydalı əlaqələri olan Gürcüstanı indi Qərb istədiyi istiqamətə yönləndirməyə çalışır. Xüsusən də Qərb və Avropa öz maraqları naminə Gürcüstanda istədiyi ssenarini reallaşdırmaq fikrindədir və bunu kənardan belə görmək çətin deyil. Bu ölkənin qarşılaşa biləcəyi istənilən problemin Qərbi zərrə qədər də narahat etməməsi, hətta maraqlandırmaması fonunda isə gürcülərin hələ nə ilə qarşılaşacağı da müəmmalıdır. Sual doğuran məqamlar isə kifayət qədərdir.

Azərbaycana burun soxmağın mənasız olduğunu və nəticəsiz qaldığını görən Qərb heç Ermənistanla da bağlı ciddi ssenarilər hazırlamır, çünki çoxdandır ki, haylara inanmağın, güvənməyin mənasız olduğu qənaətindədir. Xüsusən də Cənubi Qafqazda heç bir rolu olmayan Ermənistan kimi bir cılız, səfalət içərisində olan bir ölkə ilə bağlı hansısa resurslardan istifadə etməyin lazımsız olmasını düşünən, Azərbaycandan da “əli üzülən” Qərb indi diqqətini məhz Gürcüstana yönəldib. Bu baxımdan da bütün “gücünü”, resurslarını həmin ölkəyə sərf edəcəyi gözləniləndir.

Regionda özünə yer etmək istəyən xarici qüvvələrin Gürcüstanı öz istədiyi yolla getməsi barədə qərarına razılaşacağı qətiyyən inandırıcı görünmür. Bu baxımdan da hələ çox oyunları, bir sıra çirkin ssenarilərin reallaşdırılması üçün ciddi cəhdlər edilməsini müşahidə edə bilərik. Çox güman ki, əvvəlcədən hazırlanmış ssenari üzrə bir çox oyunlar seçki məntəqələri bağlandıqdan, yəni süçki başa çatdıqdan sonra başlaya bilər. Onu da təkzib etmək olmaz ki, həmin ssenarilər səsvermənin nəticəsindən asılı olmayaraq, Qərb tərəfindən artıq əvvəlcədən yazılıb. Gürcüstanda hazırki müxalifətinin fəaliyyətindən və ələlxüsus da iddialarından belə məlum olur ki, həmin ölkənin müxalif qüvvələri mövcud hakimiyyətin qələbəsini qətiyyən qəbul etmək, həzm etmək belə istəmir. Bu isə onu göstərir ki, Gürcüstan müxalifəti xeyli əvvəldən artıq Qərbdən istənilən istiqamətdə kifayət qədər dəstək olacağı barədə vəd alıb. Deməli, məsələ heç də göründüyü qədər sadə və bəsit deyil, əksinə, kifayət qədər mürəkkəbdir və yenə də həmin ölkədə Qərbin “barmağı” görünür. Ona görə də gözləntilər heç də gürcülər üçün arzuolunan olmaya bilər. Hətta gözlənilməz hadisələr belə ola bilər və əvvəlcədən bununla bağlı nə isə söyləmək belə mümkün deyil.

Vətəndaş müharibəsi təhlükəsi yaranacağı təqdirdə Gürcüstanın mövcud və legitim hakimiyyəti səs toplasa belə hakimiyyəti müxalifətə təhvil verə bilər

Ola bilsin ki, ölkə daxilində vətəndaş müharibəsi təhlükəsi belə yarana bilər. Bunun fonunda da, Gürcüstan hakimiyyəti seçkilərdə qalib gəlsə belə, məhz ölkənin idarəetməsini rəqiblərinə, ölkə müxalifətinə ötürə, təhvil verə də bilər. Daha doğrusu, xarici qüvvələrin, Qərbin layihəsi olan müxalifətə hakimiyyət kürsüsünün məcburi şəkildə güzəşt olunması da mümkündür. Çünki Gürcüstan kimi bir ölkədə qarşıdurmanın olub-olmayacağı, hətta təhlükəsi belə Qərbi maraqlandırmaya bilər, amma öz döğma vətəni olduğu üçün həmin ölkə hakimiyyəti qətiyyən buna həssas yanaşmaya bilməz. Belə olan halda isə, hakimiyyəti ələ alan müxalifət qüvvələri hazırki hakimiyyətdə təmsil olunanları heç parlamentə də qətiyyən buraxan kimi görsənmir. Görünən odur ki, Gürcüstan müxalifəti həmin ölkənin hazırki hakimiyyətini ümumiyyətlə siyasi səhnədən qovmaq niyyətindədir. Hazırki səsvermədən sonra bir il ərzində yeni parlament seçkilərinin keçiriləcəyini müxalifətin bəyan etməsi də bu baxımdan təsadüfi sayılmır və sadalananları təsdiq edir. Bu ondan xəbər verir ki, Gürcüstan müxalifəti ümumiyyətlə, ölkə hakimiyyətini siyasi səhnədə görmək belə istəmir. Daha dəqiq desək, Gürcüstan müxalifətinin söykəndiyi qüvvələrin, məhz xarici güclərin, Qərb dövlətlərinin hazırki hakimiyyətlə bağlı qərarları belədir və bu qərara da müxalifətçilərin qarşı çıxacağı heç ağıla belə gələn deyil. Çünki həmin qüvvələr, xarici güclər onlar üçün, gürcü müxalifətçiləri üçün donordurlar və bütün təminatı da özləri edirlər. Qrant ayıran, gürcü müxalifətmiləri vəsaitlərlə təmin edən Qərbin onlardan istədiyini tələb erdəcəyi gözləniləndir.

Belə görünür ki, Gürcüstan müxalifəti ölkəni birmənalı şəkildə kənar nəzarət altında idarə etməyi planlaşdırır. Daha doğrusu, həmin ölkənin müxalifəti qətiyyən müstəqillik və suverenliyi hesaba belə almır və onu xarici qüvvələrin ayaqları altına atmaq niyyətindədir. Hər halda, ödəniş edən musiqini də sifariş etdiyi kimi, Gürcüstan müxalifətinə də vəsaitlər ödənildikdən sonra lazımi “sifarişlər” də olub. Həmin sifarişlərin fonunda da həmin ölkənin müxalifət qüvvələri tapşırılan, daha doğrusu ssenarisi belə əvvəldən yazılan və göstərilən hərəkətləri etməklə “vəzifələndiriliblər”. Gürcüstan müxalifəti buna qarşı qətiyyən iradə belə nümayiş etdirə bilməyəcək. Deməli, Gürcüstan müxalifətçiləri ağılsız və hüquqsuz, eləcə də qanunsuz şəkildə ortaya atılarlarsa, çıxılmaz bir vəziyyət yarana bilər və Qərbə xidmət edən qüvvələrdən fərqli olaraq, Gürcüstanın mövcud hakimiyyəti qarşıdurmanın olmasına rəvac verməmək üçün istənilən güzəştə gedə, hakimiyyət kürsüsünü belə müxalifətə “təhvil” verə bilər.

“Saxtalaşdırılma mövzusu” ilə bağlı ssenari əvvəlcədən “yazılıb” Qərbin oyunlarının qaydaları öncədən cızılıb və planlar da artıq çoxdan hazırdır

Qonşu ölkə müxalifətinin güzəştə getməsi, hansısa kompromislər barədə düşünməsi belə qətiyyən inandırıcı deyil. Çünki həmin ölkə müxalifəti daxili qarışıqlıqları, gözlənilən xaosu hesaba belə almır. Əksinə, elə məhz xaos yaratmaq üçün xaricdən qrant da alır. Deməli, nəticədə hazırki, mövcud hakimiyyət özü güzəştə getməli, belə bir məcburiyyət qarşısında qalmalı olur. Doğrudur, Gürcüstanın mövcud hakimiyyətində təmsil olunanlar heç də hansısa qüvvələrin təsirinə məruz qalmaq və başqa yolla getməyi məqbul hesab etmirlər, amma reallıqları görməmələri də mümkün deyil. Reallıq isə ondan ibarətdir ki, Gürcüstanda müxalifət liberal diktatura və hansısa kənar nəzarətin olmasını planlaşdırır. Hazırki hakimiyyəti də gürcü müxalifətçilər “Rusiyayönlü” kimi damğalamaqdadırlar və görünən odur ki, bu xəmir hələ çox su apara bilər. Çox güman ki, belə bir vəziyyəti də Gürcüstan hakimiyyəti nəinki görür, hətta nəzərə almaq, mövcud durumla hesablaşmaq məcburiyyətindədir.

Kompromislərin olacağına zərrə qədər də ümid yoxdur. Bir halda ki, Gürcüstanın müxalifət qüvvələri qətiyyən güzəşt haqqında düşünmürlər, əksinə, ancaq iddialı, provokativ tərzdə davranırlar, deməli, onların hansısa reallıqla, daha dəqiq desək, seçkilərin demokratik keçirilməsi, xalqın öz seçimini etməsi, legitim hakimiyyətin olması kimi reallıqlarla barışacağı barədə düşünməyə belə əsas qalmır.

Yəni, Gürcüstanın müxalifət qüvvələti tamamilə dağıdıcı, radikal mövqe sərgiləməkdən zərrə qədər də çəkinmirlər. Bu radikal mövqelərinin nə ilə nəticələnəcəyini də nəzərə belə almırlar. Ancaq “buyruq qulu” kimi davranmalı olduqları qənaətindədirlər və bunun ölkələri üçün necə faciəvi nəticələr verəcəyini təsəvvür belə etmək haqqında da düşünmürlər. Lakin Gürcüstanın hazırki hakimiyyəti ölkənin coğrafi mövqeyini və milli maraqlarını, eləcə də üstünlüklərini nəzərə alaraq, suveren dövlətin müstəqil siyasətin davam etdirmək istəsə də, qarşıdurmalar olmasın deyə bəzi məqamlarla barışmaq məcburiyyətində qala bilər. Nəzərə alsaq ki, həm Birinci, həm də İkinci Dünya Müharibələrinin səbəbkarı, həmin müharibələri doğuran məhz logistika və kommunikasiya baxımından ərazilərə nəzarət uğrunda mübarizə olub, deməli, bu məqamda Gürcüstanın elə Üçüncü Dünya Müharibəsinin ocağına çevrilmə etimalı da qətiyyən diqqətdən yayınmır. Hətta bunun riskinin çox yüksək olması fonunda Gürcüstanın hazırki hakimiyyəti həmin ölkənin müxalifətindən fərqli olaraq, mühafizəkar mövqedədir və buna görə də gözləntilər eyni deyil və tamamilə fərqlidir.

İndiki durumda Gürcüstanda müxalifətin hakimiyyəti ələ keçirmək üçün zorakılıq ssenarisinə belə əl atacağı ilə bağlı ciddi qorxular var. Belə bir ssenarinin baş vermə ehtimalının yüksək olduğunu artıq bütün dünya ictimaiyyəti belə hiss etməkdədir. Əgər seçkidən öncə də bununla əlaqədar müvafiq “xəbərdarlıqlar” olubsa və açıq şəkildə səsləndirilibsə, deməli, etirazların gözlənilməsi tamamilə məntiqidir. Seçkidən də hələ bir qədər əvvəl keçiriləcək seçkinin saxtalaşdırılacağı bildirilmişdisə, deməli, etirazlarla bağlı artıq çoxdan “hazırlıqlar” gedib. Belə çıxır ki, Gürcüstanda seçkilərin “saxtalaşdırılma mövzusu” ilə bağlı ssenari əvvəlcədən “yazılıb” və bunun məntiqi olmaması fonunda işin nə yerdə olduğu bəlli olur. Bəlli olur ki, Qərbin oynamaq istədiyi oyunların qaydaları da öncədən cızılıb və planlar artıq çoxdan hazırdır. Müxalifətin öz tərəfdarlarını küçələrə çıxmağa çağıracağı da, legitim hökuməti devirmək üçün bütün vasitələrə bundan sonra əl atacağı da gözləniləndir. Təəssüflə qeyd etmək istərdik ki, qonşu ölkədə siyasi qarşıdurmanı silahlı qarşıdurmaya çevirməyə çalışanlar da ola bilər. Daha aydın və qısa şəkildə desək, Gürcüstanda vətəndaş müharibəsinin olmasını istəyənlər heç də az deyilmiş və indi onların müxalifət, yaxud, nə isə başqa adla adlandırılmasınınn zərrə qədər fərqi yoxdur. Bunun heç fərqində belə olan da tapılmaz, çünki müzakirə mövzususu hər kəsin qəbul etdiyi şəkildə yanaşma da tələb edir...

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə