Gözdəymə: xurafat, yoxsa mənfi bioenerji? - ARAŞDIRMA

Yəqin ki, sizin də həyatınızda “Sosial şəbəkədə uşağımın şəklini paylaşmıram, göz dəyər”, “Həyat yoldaşımla paylaşım etmirəm, nəzər olar” kimi fikirlər səsləndirən kifayət qədər insanlar var. Bir sıra araşdırmalar göstərir ki, əslində biz belə düşünərək sanki o nəzər enerjisini üzərimizə çəkirik. Həmçinin qeyd edirlər ki, burada gizli eqo məsələsi də var. Yəni, mənə, başqasına, qonşuya yox, nəzər sırf sənə dəyər. Bir sözlə biz nəzərə inandıqda onu həyatımıza dəvət etmiş oluruq.

Bəs, həqiqətən də belədirmi?

SİA mövzu ilə bağlı araşdırma aparıb.

Sosial şəbəkədə bəd-nəzər haqqında paylaşılan izləyici şərhlərini sizə təqdim edirik:

- İnsanlar hərşeyə nəzər dəyəcəyini düşünür. Hər kəsdə olan bir şeyə belə nəzər olacağını fikirləşirlər.
- Belə düşünüb, heçnə paylaşmayanların əksəriyyətinin ailə münasibətləri yaxşı deyil və bunu hərkəsdən gizlətməyə çalışırlar.
- Ötən gün rəfiqəm nə gözəl çiçəklərin var dedi. Sonrakı gün çiçəklərimin hamısı məhv oldu.
- Uşağımın şəklini paylaşdıqdan sonra gözünün hər dəfə eyni yerində sızanaq əmələ gəlir.

Tarixi

Bütün cəmiyyətlərdə rast gəlinən bəd nəzər inancının mənşəyi Neolit ​​dövrünə gedib çıxır. Tunc dövrünə aid balta şəklində hazırlanmış amuletlər Krit, Aşağı Misir, Malta, Şimali Fransa və İngiltərədə tapılıb.

Türkiyədə bəd-nəzər anlayışı

Üstəlik, həyatında bəd nəzərlərə aludə olanların sayı da az deyil. Xüsusilə Anadoluda heyvan başları, qurbağa quyruğu, qoç buynuzları və nal kimi əşyalardan bəd nəzərlərə qarşı istifadə edilir.

Türkiyədə nəzərdən qorunmaq üçün ən çox tanınan nümunə“qurğuşun tökdürmək” dir. Əgər şəxs göz dəyibsə onun başından qurğuşun su dolu ləyənin içinə tökülür. Sonra müxtəlif dualar oxunardı.

Dünyada bəd-nəzər anlayışı

Məsələn, fransızlar "mauvais oeil" deyirlər, almanlar pis gözü "böser blick" kimi təyin edirlər.

Hollivud mədəniyyətində tez-tez rastlaşdığımız “pis göz” inancının özüdür. Yenə də bu gün gündəlik dilimizdə işlətdiyimiz “sehir” sözünün hind mənşəli “sihi” mənası pis göz deməkdir.

Bu gün bəd nəzər türk cəmiyyətində ən ziyalıdan kəndliyə qədər güclü bir inanc olaraq özünə yer tapır.

Azərbaycanda bəd-nəzər

Qafqaz Müsəlmanlar İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev: “Nəinki din, həyatda da bəd-nəzər var. Bəd- nəzər deyilən anlayış bəd nəfs deyilən anlayış ruha söykənir, o hisslərlə bağlıdır. Məsələn, mənfi aura deyilən bir anlayış var. Bəzi adamla rastlaşırsan, ondan müsbət enerji əldə edə bilirsən. Bəzi də adamla rastlaşırsan o mənfi enerji sənə yönəlir və özünü çox pis hiss edirsən. Bəli, bəd nəzər, bəd nəfs deyilən bir anlayışdır, nəfslə bağlıdır. Yəni bir insanın iç dünyası ilə bağlıdır, bir insanın ruhu, varlığı ilə bağlı olduğu üçün özündən ətrafa müsbət enerji, bir də mənfi enerji paylayanlar var.

Müxtəlif formada mütəxəssislər, elm və din alimləri bunu təbii ki təsdiq edirlər. Əgər məsələn dünyəvi baxış və düşüncəyə sahib olan alimlər əgər bunu dinlə əlaqələndirmirsə, amma istər-istəməz hər bir insan təsdiq edir ki, mən müəyyən adamla təmasda olan zaman ondan müsbət enerji alıram, bəzi adamla təmas qururam və ondan mənfi enerji alıram. Bu reallıqdır, bu insanın zatına, geninə, fitrətinə bağlıdır. Məsələn, müsbət enerjiyə sahib olan insanlar onlar yaxşı əməl sahibidirlər, yaxşı insanlardır. Onlardan təbii ki ətrafa müsbət enerji səpələnir, onlarla həmsöhbət olanda onlardan qidalana bilirsən, onların dediklərindən güc toplayırsan. Amma elə insan var ki, onunla həmsöhbət olanda yüklənirsən, ağırlaşırsan, narahat olursan. Bunlar reallıqdır. Məsələn, hətta bəzi adamlar burada xırdalıqlara da varırlar. Müxtəlif formada nəhsliklərin ortaya qoyulması, qara pişik qabağımdan keçdi, bunu din təsdiq etmir. Mənə bəd nəzər dəydi. Bəd nəzər, pis nəfs, nəzər var. Amma bundan qorunmaq üçün bəzi adamlar gözmuncuğundan istifadə edirlər. Dində bu təsdiqlənmir. Bu hərəkətləri din inkar edir. Amma bəd nəzərin, bəd nəfsin olmasını təsdiq edir və bundan insanlar ziyanlıq çəkə bilərlər, insanın əhval-ruhiyyəsi pisləşə bilər, mənfi enerjili adamlarla təmas olanda və yaxud insanın əhval-ruhiyyəsi yaxşılaşa bilər, müsbət enerjili adamlarla təmasda olanda. Hətta bəzi adamlar ürəyinə salır ki, evindən küçəyə, bayıra çıxanda müsbət adamla rastlaşanda işi də yaxşı olur. Yəni həmin gün müsbət enerji ilə gəzir, müsbət əhval-ruhiyyə ilə dolanır. Amma bəzi adamlar var ki, onlar cəmiyyətdə mənfi adamlar kimi tanınırlar, yaxşı əməl sahibi kimi tanınmırlar. İnsan bəzən evindən çıxanda elə mənfi insanla rastlaşanda görürsən hətta bunu yoxlayıblar, bunu təcrübədən keçirən adamlar var deyir ki, pis adamla rastlaşdım işim düz gəlmədi və yaxud bəzi adamlar elə pis əməl sahiblərini, pis enerji paylayan adamları görəndə geri qayıdırlar və yenidən sonra Ya Allah, Bismillah deyib öz işinə davam edir. Belə faktlar da olur.

Bəli, bəd nəzər deyilən bir hisslər, bir mövcud olan belə bir mahiyyət kəsb edən belə bir anlayış mövcuddurmu? Bəli, mövcuddur, həqiqətdir və bəd nəfs deyilən belə bir anlayış da mövcud və həqiqətdir. Bunu dinimiz təsdiq edir və bunlardan qorunması üçün bizə məsləhət görür. İnsan nə etməlidir? Deyirlər ən gözəli Allaha sığınmaq, Allaha təvəkkül etməlidir. Ən gözəl də Allaha sığınmaq yolu necədir? Belə mənfi enerjili adamlar görəndə bunlardan uzaq olsun deyə sədəqə çıxarsın, yoxsullara, fəqirlərə, imkansızlara öz maddi imkanından nəsə versin, bir də maddi imkanı yoxdursa istiğfar, dua etsin, Allaha pənah aparsın, desin Allahım sən məni bədnəzərdən, bədnəfsdən qoru. Məsələn bildiyi Quran surələri varsa onlardan oxusun. Bunu dinimiz bəyənir və insan belə bir halda yalnız Allahına sığınmalıdır, Allahdan da köməklik istəməlidir. Bunlar faktdır. Allah-təala bizi bəd nəzərdən, bəd nəfsdən qorusun. Allah köməyiniz olsun”.

Açıq-mavi gözlərdə nəzər olduğuna inanılır

İnsanlar arasında mavi gözlərin pis göz gücünə malik olduğuna inanılır. Bu inanca əsaslanaraq, mavi gözlü insanların pis niyyətli, paxıl və başqalarına zərər verməyi sevdiyi deyilir. Ancaq bu anlayışın düzgünlüyünü sübut edən qəti dəlil yoxdur. Bəzi bölgələrdə qısqanclığın pis gözə səbəb olması inancı da geniş yayılmışdır.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə