"Xəstəliyin əsas əlamətlərindən biri yaddaş pozulmasıdır" - HƏKİM DANIŞDI
"Alzheimer xəstəliyi yaddaş pozulması ilə müşahidə olunan neyrodegenerativ xəstəlikdir. Elmə ilk dəfə 1907-ci ildə bu xəstəlik barədə Alzheimer adlı mütəxəssis alim yazdığı məqalələrdə məlumat vermişdi". Bu sözləri SİA-ya açıqlamasında həkim-nevroloq Durna Ələkbərova deyib.
O bildirib ki, bu xəstəlik yaşlılarda təsadüf olunduğuna görə o qədər də öyrənilməmişdi: "Çünki yaşlı nəsildə, onsuz da yaddaş pozulması olduğuna görə yaşla əlaqələndirib tam öyrənilmədi. Lakin sonradan müharibə dövründə bu xəstəliklərin daha da artması ilə əlaqədar xəstəlik barədə yavaş-yavaş elmə məlumatlar sızmağa başladı. Ən çox da bu xəstəlik 1980-ci ildə ilk dəfə ABŞ prezidenti R. Reyqanda aşkar edildiyinə görə, artıq xəstəlik barədə müxtəlif məlumat, məqalələr dərc edilməyə başladı. Bununla da elmi işçilər xəstəlik barədə işləməyə başladılar.
Xəstəliyin əsas əlamətlərindən biri yaddaş pozulmasıdır, 65 yaş və 65 yaş üstü insanlarda müşahidə olunur. 5-10 il əvvəl orqanizmdə formalaşır. Patoloji zülallar beyində toplanır. Amiloid zülalların beyində toplanması nəticəsində neyronlar arasında ötürücülük funksiyası pozulur. Bunun da nəticəsində neyronların məhvi baş verir. Uzun müddət ərzində baş-beyində toplanmış, ölmüş neyronların miqdarının artması nəticəsində baş-beyində inkişaf getmir, neyronların məhvi baş verir, beynin ölçüsü kiçilir, beyin qidalanmasının pozulması ilə Alzheimer xəstəliyi kimi artıq simptomatik olaraq özünü göstərir.
Alzheimerin bir neçə dərəcəsi var. Birinci dərəcədə ilk olaraq rutin hərəkətləri pasiyent icra edə bilmir. Məsələn, hər gün eyni işlər görürsə, həmin işləri icra edərkən nisbətən yaddaşında ləngimə olur. İkinci mərhələdə artıq pasiyent evinin, işinin yerini belə unudur. Hər gün getdiyi yolu unuda bilər, heç xatırlamaya bilər. Üçüncü mərhələdə pasiyentin kənar şəxsin köməyinə ehtiyacı yaranır. Demək olar ki, yaxınlarının, övladlarının adlarını belə yadından çıxarır, eyni şeyi dəfələrlə soruşur. Hətta emosiyalarını da ifadə etmək bacarığı pozulur. Artıq o, yataq xəstəsi olur, insanın xarakteri dəyişir. Mülayim olan insan qəflətən sərtləşir, insanlarla ünsiyyət quranda sərt cavablar verir".
"Bunun risk faktorları yaş, genetik, qidalanma, stressdir. Normal qidalanmadıqda, ağır işlərdə işlədikdə, çox stress keçirdikdə, genetik faktorların nəticəsində ola bilər. Bu xəstəlikdən əvvəl hansısa bir xəstəlik olmaya bilər. Şərt deyil ki, mütləq damar xəstəliyi, insult keçirsin, kəllə-beyin travması almalıdır, bunlar olmaya da bilər. Müəyyən yaş dövründə meydana çıxa bilər. Buna görə də müayinələr aparmaqla diaqnoz qoyulur. Diaqnozdan sonra da pasiyentə artıq dərman müalicəsi başlayır. Yaddaşın bərpa olması, beyin-qan dövranının yaxşılaşması kimi preparatlar istifadə olunur. Alzheimer xəstəliyinin müalicəsi yoxdur. Sadəcə onun ağırlaşmasının qarşısını alırıq. Dərmanlar bizə çox kömək edir. Vaxtında nevroloqa müraciət etməklə, psixiatrla birgə xəstənin ömrünü bir neçə il uzada bilirlər. Bəzən olur ki, xəstəyə qulluq edənlərin özlərində də yaddaş pozulması yaranmağa başlayır. Müəyyən riyazi məsələlər həll etməklə, kitab oxumaqla, idman hərəkətləri etməklə yaddaşımızı bərpa edə bilərik. Ona görə də Alzheimer xəstəliyi daha çox təhsili olmayanlarda müşahidə olunur deyirlər. Onlarda beyində uzun illər eyni məlumatlar olur, yenilənmə yoxdur, neyronlar arasında əlaqənin olması üçün beyin daima yenilənməlidir" - deyə o, əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə