Millətimizin dünya səviyyəli pasportu - DAHİ RƏHBƏR - (Portret cizgiləri)
Heydər Əliyev-100
Eldar Abasov: “Ulu öndər həm də çox səmimi insan idi. Onun Azərbaycan üçün, Sovetlər birliyi üçün etdikləri bir yazının yox, cild-cild kitabların mövzusudur”
Azərbaycan tarixində əbədi yaşayacaq, Ulu Öndər, dahi şəxsiyyət Heydər Əliyevin xidmətləri əvəzsizdir. Onun ən böyük xidmətlərindən biri də azərbaycanlı gənclərin Rusiyanın və başqa SSRİ məkanında olan ölkələrin ali məktəblərində təhsil almasına yaratdığı şərait və bu müqəddəs məsələnin ideya müəllifi olması idi. 1970-ci illərdən başlayaraq bu gənclər məhşur təhsil ocaqlarında oxuyub, elm ocaqlarında çalışıb, Vətənə qayıdıb, burada əsas işlərdə işləməklə məmləkətimizin yüksək səviyyədə inkişafına böyük köməklik ediblər. Bu gün də həmin mütəxəssislər respublikamızda aparıcı kadrlar hesab olunurlar. Onlardan biri də dünyada tanınmış həkim, professor Eldar Abasovdur. Ulu Öndərin 100 illik yubileyi ərəfəsində onunla həmsöhbət oldum.
- Salam, Eldar müəllim. Bu gün sizin adınız dünya tibb aləmində yaxşı tanınır və respublikamızın tibb aləminə öz sahənəzində çoxlu yeniliklər gətirmisiniz. Həm də bu gün Allahın lütfüdür ki, mən dünya şöhrətli iki məhşur həkimlə üz-üzə əyləşmişəm. Professor, tibb elmləri doktoru, Aktipol adlı dərmanın ixtiraçısı Paşa Qəlbinur və professor, tibb elmləri doktoru, ortopediya sahəsində çoxlu yeniliklərə imza atmış Eldar Abasov. Çox maraqlıdır ki, biz hər üçümüz mart ayında dünyaya gəlmişik. Elə görüşümüz də mart ayına təsadüf edir.
- Düz deyirsiniz. Hər üçümüz bahar övladlayırıq. Mən martın 3-də, siz martı 16-da və Paşa müəllim də martın 30-da dünyaya gəlmişik. Başqa ayda doğulanlar məndən inciməsin. Mart ayında doğulanlar insanlara qarşı daha mərhəmətli və həm də isdedadlı insanlar, yaxşı mütəxəssislər olurlar.
- Sizin Ulu Öndərlə çox maraqlı görüşləriniz, təmaslarınız olub. İlk öncə özünüz haqqında qısa məlumat verərdiniz.
- Mən Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirmişəm (indiki Dövlət Tibb Universiteti). İndi də bu ali məktəbin professoruyam. Bu ali məktəbi bitirəndən sonra Moskvada, Elm-Tədqiqat Revmatalogiya İnstitutunda iki ixtisas üzrə - Ortopediya və Revmatalogiya sahəsində təhsilimi davam etdirmişəm. Biz hər üçümüz çox xöşbəxt insanlarıq ki, təhsil dövrümüz Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə düşüb. Mən və Paşa müəllim tələbəlik illərinin dostlarıyıq. 1968-ci ildə biz Azərbaycan Tibb İnstitutuna qəbul olduq və sonra eşitdik ki, Azərbaycan Respublikasının rəhbərliyində dəyişiklik olub. Heydər Əlirıza oğlu Əliyev Azərbaycan KP Mərkəzi Komitəsinin birinci katibi seçilib. Az bir vaxtda hiss etdik ki, onun Azərbaycan rəbərliyinə gəlişi ilə respublikada ab-hava kəskin surətdə yaxşılığa doğru dəyişir. Tez-tez eşidirdik ki, o, bazarlara, müəssələrə, kolxozlara, sovxozlara gedib və orada olan haqsızlıqları yerindəcə görüb, onların qısa bir zamanda həll olunmasına göstəriş verirdi. Günakarları cəzalandırırdı. Beləliklə, az bir vaxtda respublikamızda mövcud olan bütün neqativ hallar, hərc-mərcliklər düzəlməyə başladı. Az bir vaxtda bacarıqsız müəssisə rəhbərləri də dəyişdirildi. Rüşvətxor adamlar rəhbərlikdən işdən çıxarılır, onların yerinə daha bacarıqlı, işgüzar adamlar təyin olunurdu. İnanın ki, tez bir vaxtda respublikada böyük inqilabi dəyişikliklər baş verməyə başladı. Mühit dəyişdi, qayda-qanun əmələ gəlməyə, yaranmağa başladı. Onun gəlişi ilə biz tələbələrin də həyatı dəyişməyə başladı. Belə ki, respublikanın ali məktəblərində oxuyan tələbələrə qarşı daha da diqqət artdı. Ali məktəblərdən rüşvət yığışdırıldı. Əsasən təhsilin keyfiyyətinə, tələbələrin yaxşı oxumasına fikir verilməyə başlanıldı. Beləliklə, bizim təhsil illərimiz Ulu Öndərlə bağlı oldu. Həmin illər baxmayaraq ki, Sovetlər ittiaqında yaşayırdıq, hər yerdə böyük ətalət vardı, amma başqa respublikalarla müqayisədə Azərbaycanda sanki bir intibah dövrü başladı. Az bir vaxtda təkcə təhsildə yox, bütün sahələrdə çoxlu yeniliklər və inkişaf oldu. Azərbaycanlı gənclərimiz müxtəlif ixtisaslar üzrə SSRİ məkanında olan ölkələrin qabaqcılcıl institutlarında təhsil almağa göndərildi. Çoxlu sənaye müəssələri açıldı. Artıq Azərbaycan keçmiş SSRİ məkanında qabaqcıl bir ölkə kimi tanınmağa başlandı. Məhz Ulu Öndərin fəaliyyətinə görə bizə SSRİ məkanında bir millət kimi hörmət çox artdı. Çünki Moskvada aspiranturada, doktoranturada oxuyanda biz bunun əyani şahidi olmağa başladıq. Eləcə də mən on ildən çox Moskvada təhsil aldığım və işlədiyim dövrdə bunun tam şahidi olmuşam. Həmin illərdə dahi rəhbər özünün məqsədyönlü, yorulmaz və fərqli fəaliyyəti ilə bizi bir millət kimi tanıtmaqla yanaşı özünün Moskvada və SSRİ məkanındakı fəaliyyəti və maraqlı çıxışları ilə sanki, millətimizin pasportuna çevrildi. Çünki Zaqafqaziya deyəndə hər kəs söhbətin yalnız gürcü və erməni millətindən getdiyini düşünürdü. Azərbaycanlıları tanımaq istəmir və bizlərə bazarda alvelçi kimi baxırdılar. Amma tez bir vaxtda Moskva başda olmaqla Rusiyanın aparıcı şəhərlərində və SSRİ məkanında bizim çoxlu alimlərimiz, tanınmış insanlarımız meydana çıxdı.
Ədəbiyyatımız, incəsənətimiz geniş təbliğ olunmağa başladı, idmançılarımızın səsi dünyanın müxtəlif şəhərlərindən gəldi. Səhiyyə sahəsində çalışan insanlarımız da tanınmağa başlandı. Zaqafqaziyada yaşayan başqa millətlər arasında azərbaycanlıların daha ağılllı, savadlı, elmli olduğu məlum oldu. Dahi Heydər Əliyev həmin vaxtı SSRİ-nin bir çox rəhbər şəxslərini, o cümlədən səhiyyə naziri Çazovu, təhsil naziri Yelyutini Azərbaycana gətirdi. Onlar gəlib Azərbaycanda səhiyyənin və təhsilin yüksək səviyyədə olduğunu görürdülər və bu sahələrin daha da inkişaf etməsinə lazimi köməkliklər edirdilər. Onların gəlişi ilə bağlı həmçinin Tibb İnstitutunda və başqa ali məktəblərdə yeni fakultələr açıldı. Bir sözlə Azərbaycan təhsilinə diqqət çox artdı. Bilirsiniz ki, hər bir millətin inkişafı onun təhsili ilə bağlıdır. Təhsil yoxdursa millətin gələcəyi də yoxdur. Dahi Lider də buna çox diqqət verirdi və təhsilimizin yüksək səviyyədə olmasına var qüvvəsi ilə çalışırdı. Məhz buna görə də cavanlarımızı daha çox SSRİ məkanında olan məhşur ali məktəblərə təhsil almağa göndərirdi. Elə həmin zamandan da yeni təfəkkürlü mütəxəssislər, alimlər yetişməyə başladı. Biz də burada ali məktəbi bitirəndən sonra təhsilimizi davam etdirmək üçün Moskvaya can atırdıq. Bilirsiniz ki, həmin vaxtı SSRİ təhsilinin beşiyi Moskva idi. Biz hər üçümüz - Paşa müəllim, siz və mən orada təhsil almışıq və bunun tam şahidi olmuşuq. Həmin vaxtı Heydər Əliyevin ideyası ilə respublikamızda belə bir məsələ qaldırıldı ki, səhiyyənin geridə qalan sahəsi olan oynaq xəstəlikləri üzrə ixtisas almaq üçün cavan mütəxəssislər seçlib Moskvaya göndərilsin. Bu məsələnin zəruriliyini Azərbaycanda bununla bağlı yaxşı mütəxəssislər olmadığına görə Ulu Öndərin təsadüfən oynaqlarında olan problemlə bağlı Moskvada mütəxəssislərə müraciət edərkən anlamışdı. Ona görə də istəyirdi ki, bu sahədə yaxşı mütəxəssislərimiz olsun. Ümumiyyətlə, Prezidentimiz Heydər Əliyev də vətənpərvər bir lider kimi istəyirdi hər sahədə Azərbaycanda çox yaxşı mütəxəssislər olsun. Ulu Öndər səhiyyə sahəsinə daha çox diqqət edirdi. Məhz buna görə bu gün respublikamızda həm ürək cərrahiyyəsi, həm oftalmalogiya, həm revmatologiya və ümumiyyətlə səhiyyənin bütün sahələrində dünya səviyyəli mütəxəssislər yetişdirildi. Millətimizin nümayəndələri olan mütəxəssislərdən xarici ölkələrdə işləyənləri də çoxdur. Bu da məhz ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində baş verdi.
- Ulu Öndər səhiyyəmizin inkişafında misilsiz xidmət göstərib, yəni...
- Ulu Öndər istəyirdi ki, bütün sahələr üzrə bacarıqlı həkimlərimiz olsun. Mən də Moskvada təhsil almağa ilk göndərilənlərdən oldum. Moskvalı alimlər də Ulu Öndərə münasibətə görə deyirdilər ki, sizi Azərbaycan üçün yaxşı kadrlar hazırlamaq məsuliyyəti daşıyırıq. Çünki bu Heydər Əliyevin ciddi tapşırığıdır. Mən də orada elmi işimin ilk etapını müvəffəqiyyətlə başa çatdırıb, yenidən Azərbaycana qayıtdım. Həmin dövrdə mütəxəssislərimiz, tibb sahəsində elmlər doktorlarımızın çoxu yaşlaşmışdı. Yenə də Ulu Öndərin təşəbbüsü ilə yüksək elmi kadr çatışmamazlığı yaranmasın deyə, biz cavan kadrları yenidən Moskvaya göndərdilər ki, elmi işlərimizi müdafiə edib, elmlər doktorları kimi Azərbaycana qayıdıb, həmin yaşlı nəsli əvəz edə bilək. Elə həmin vaxtlar mən çox böyük alim, səmimi və qayğıkeş insan olan akademik Zərifə xanım Əliyeva ilə tanış oldum. O, çox alicənab, sadə bir insan, böyük oftalmoloq idi. Zərifə xanım bilirdi ki, mən tibbin hansı sahəsi üzrə mütəxəssisəm. Mən həmin vaxtı doktorluq işimlə bağlı yenidən Moskvaya getməli idim. Artıq bilet də almışdım. Səhiyyə Nazirliyindən dedilər ki, getmə, sizi Azərbaycan Mərkəzi Komitesinə çağırırlar, ora getməlisiniz. Mən Mərkəzi Komitəyə gəldim və Ulu Öndər Heydər Əliyevlə ilk şəxsi tanışlığım həmin gün oldu.
- Həmin görüsü necə xatırlayırsız?
- Bu görüşün ən kiçik detalları da yaddaşımdadır. Açığı çox boyük cavabdehlik hiss edirdim və həyəcan keçirirdim. Məndən onu müayinə etməyimi istədi. Dərman yazdım və müalicəsini nəzarətə götürdüm. Sonra mənimlə və Moskvadakı işlərimlə maraqlandı. Onu da vurğuladı ki, mən istəyirəm artralogiya ilə (yəni oynaq xəstəlikləri) bağlı Azərbaycanda bir Mərkəz yaradılsın. Bununla bağlı mənim fikirlərimi soruşdu. Mən də lazım olan bütün işləri dedim. Sonra mənim fikirlərimi Moskva ilə məsləhətləşəndə də deyiblər ki, mən düz demişəm. Beləliklə, mənim Moskvada doktorantura təhsil illərim başladı. Elə həmin vaxt Ulu Öndər də Moskvaya işləməyə gəldi. SSRİ Nazirlər Sovetinin birinci müavini təyin edildi və MK Siyasi Bürosunun üzvü seçildi. Eyni zamanda sahənin kuratoru oldu. Həmin vaxtı SSRİ səhiyyə işçiləri qarşısında onun “SSRİ Səhiyyəsinin inkişafı prespektivləri haqqında” çox məhşur bir çıxışı oldu. Həmin çıxışa qulaq asan Moskvanın tanınmış tibb alimləri o cümlədən bizim rəhbərimiz olan V.Nasonova və məhşur həkimlər onun səhiyyəni belə incəliyinə qədər bilməsindən mat qalmışdılar. Mənim rəhbərim V.Nasonova deyirdi ki, “biz belə düşünə bilməzdik. Heydər Əliyev elə çıxış etdi ki, sanki bu sahənin akademikidir”. Həmin vaxtı Donetsk vilayətinin partiya komitəsinin yüksək rəhbər işçilərindən biri mənim xəstəm olmuşdu. O, Heydər Əliyevi yaxşı tanıyıdı və deyirdi ki, “siz fəxr etməlisiniz ki, sizin Heydər Əliyev kimi bir rəhbəriniz var”. Ulu Öndər Moskvaya gəldiyi ilk günlərdən ayrı-ayrı təşkilatlarda tez-tez yüksək səviyyədə çıxışlar edirdi. Onun yüksək savadı, dərin biliyə malik olması SSRİ Kommunist Partiyası Siyasi Büro üzvlərindən çox seçilirdi. Həmin dövlərdə SSRİ -də baş verən fövqəladə hadisələrin həllini də məhz ona təpşırıdılar, o da bütün bu tapşırıqları peşəkarlıqla çox qısa vaxtda və yaxşı həll edirdi.
- Eşitmişəm ki, Zərifə xanım vəfat edəndə siz də Moskvada olmusunuz.
- Bəli. Həmin vaxtı Paşa müəllim və mən də Moskvada idik. Dəfn mərasimində iştirak etdik. Həmin vaxtı Siyasi Büronun bütün üzvləri həyat yoldaşları ilə həmin mərasimdə iştirak etdilər. Dəfn SSRİ Tibb Elmləri Akademiyasının binasında təşkil olundu. SSRİ-nin bütün yüksək vəzifəli şəxsləri və məhşur insanları orada idi. Həmin hadisədən təxminən bir neçə gün sonra SSRİ səviyyəsində Kremlin əzəmətli iclaslar salonunda çox böyük tədbir keçirildi. Həmin tədbirdə əsas çıxışı da Siyasi Büronun üzvü kimi məhz Ulu Öndər Heydər Əliyev etdi. Sevimli həyat yoldaşını itirəndən iki gün sonra onun belə əhatəli, səlis və yüksək səviyyədə çıxış etməsindən hamı heyrətə gəlmişdi. Onun gözəl bir arator, natiq kimi belə yüksək səviyyəli, dolğun çıxışları Siyasi Büro üzvləri və yüksək səviyyəli rəhbərlər arasında böyük qıcıq yaradırdı. Ona həsəd edənlərin sayı günbəgün artırdı. Amma biz azərbaycanlı tələbələr dahi rəhbərin belə məhşur olmasından qürur duyurduq. Bu, bizim üçün böyük fəxarət idi. Doktorluq işimi qurtardıqdan sonra mən çox istəyirdim ki, Moskvada qalıb işləyim və daha da inkişaf edim. Bunun üçün işlədiyim institutda zəmin də vardı, həm də mənə təklilfər də olunurdu. Amma mən bu sahənin inkişafı üçün və ən nəhayət Azərbaycandan göndərişlə göndərildiyimə görə yenidən Vətənə qayıtdım. Həmin vaxtı Xalq Cəbhəsinin dövrü idi. 1988-ci illərdən başlayan xaos dövrü hələ də davam edirdi və bunu həll edə bilən rəhbər də yox idi. Həmin vaxt ölkəyə rəhbərlik edənlər də təcrübəsiz adamlar idilər, dövlət idarəçiliyində böyük problemlər var idi. Digər tərədən erməni separatçıların vəhşiliyi, arxalarında Moskvanın dayanması, Qarabağ müharibəsi, bu müharibədə bizim təklənməyimiz ölkəni dağılmaq, parçalamaq qarşısında qoymuşdu. Biz də istəyirdik ki, Ulu Öndər Azərbaycana rəhbərlik etməyə gəlsin. Ona görə həmin "91-lər" siyahısına mən də imza atdım. Çox şadam ki, həmin "91-lər"dən biri də mənəm. Millətimizin böyük təkidi, istəyi və çağırışı ilə əbədiyaşat Heydər Əliyev Bakıya gəldi və Milli Məclisin sədri oldu. O vaxtı Milli Məclisə seçkilər başladı və təklif olundu ki, mən də namizədliyimi verim. Əlbəttə, mən heç də deputat olmaq istəmirdim, öz sahəmdə çalışmaq istəyirdim. Amma məsləhət bilindi ki, mən də bu seçkilərdə iştirak edim. İştirak etdim və millət vəkili seçildim. Həmin vaxtı da Artrologiya Mərkəzini yaratmaq istəyirdik. Artıq yüksək ixtisaslı hazırlanmış kadrlarımız da Moskvada təhsil alıb qayıtmış, tibb elmləri doktorlarımız, elmlər namizədlərimiz də vardı, amma bizdə Artrologiya Mərkəzini yaratmaq böyük çətinliyə düşmüşdü. Qonşu respublikalarda belə mərkəzlər çoxdan vardı, amma bizdə kadrların hazırlanmasına baxmayaraq yox idi. Keçmiş rəhbərlərin dövründə Mərkəzin açılışı müşkülə düşmüşdü. Ulu Öndərin yenidən rəhbərliyə qayıdışı bizə bu işdə böyük təkan verdi və mən Millət vəkili seçiləndən sonra bu məsələni reallaşdırdıq. Nəhayət 1998-ci ildə uzun illər təşkil olunması üçün mücadilə etdiyimiz və bilavasitə Ulu Öndərin təşəbbüsü ilə əsası qoyulmuş Respublika Elmi Artroloji Mərkəzi onun özünün iştirakı ilə açıldı.
Onun Mərkəzin açılışında keçirdiyi məmnunluq hissləri və biz həkimlər üçün verdiyi qiymətli tövsiyyələr heç vaxt unudulan deyil.
Bu mərkəzin açılışı ilə Respublikamızda Artroloji qulluğun əsası qoyuldu. İnsanların sağlamlığı üçün çox böyük əhəmiyyət kəsb edən bu mərkəz minlərlə xəstələrin güman yerinə çevrildi, burada yeni bir tibb məktəbi kimi yüksək ixtisaslı kadrlar hazırlanmağa başlandı. Ölkəmizdə səhiyyənin bu sahədə olan gerilikləri aradan qaldırıldı.
- Eşitmişəm ki, siz Ulu Öndərlə bir sıra xarici səfərlərdə də olmusunuz. Deyirlər ki, əbədiyaşar Heydər Əliyev həmin səfərlərdə elə bil ki, tam başqa insan olurdu. Çox maraqlı söhbətlər edir, hətta maraqlı lətifələr də danışırmış. Yəni onun yol-yoldaşlığı böyük bir dünya idi. Siz bu haqda nə deyə bilərsiniz?
- Düz deyirsiniz. O, həqiqətən həmin səfərlərdə bir Prezident olmaqla yanaşı, ətradakılara qarşı daha ünsiyyətli və səmimi idi. Yadıma gəlir ki, bir dəfə Moskvaya uçurduq. Millət vəkili olsam da pratakolla həmin siyahıda yox idim. Yəni Prezidentin səfər qrupunun üzvü deyildim. Amma mən də həmin Prezident təyyarəsində idim. Artroloji Mərkəzi açmaq üçün xaricdən tibbi avadanlıqlar gətirməli idim. Ulu Öndər həmin təyyarə ilə Almaniyaya uçmalı idi. Təyyarədəki deputatları yanına fikir mübadiləsi üçün çağırdı. O, həmişə belə səfərlərdə dövlət nümayəndələri ilə təmas qurur, müzakirələr edirdi. Məni də çağırdılar ki, onun yanına gedim. Dedim ki, axı mən siyahıda yoxam. Dedilər ki, sizi də çağırır. Həyacanlanırdım ki, buna mənfi reaksiya verə bilərdi, çünki onun icazəsi olmadan “müəyyən tanışlıqla” o təyyarədə uçmalı oldum. Gədim yanına, gülə-gülə dedi ki, ”sən hara gedirsən, ay Eldar?”. Dedim sizin təyyarədən pulsuz istiadə edib Artroloji Mərkəz üçün avadanlıqlar almağa gedirəm, cənab Prezident. Ucadan güldü. Sonra xaricdəki azərbaycanlı diaspora haqqında fikir mübadiləsi oldu. Mən də öz fikirlərimi dedim. Həmin vaxtı dünya azərbaycanlıları və diaspora ilə bağlı mənim də çoxlu təmaslarım olurdu, bu məsələ məni də çox maraqlandırırdı. Hətta Ulu Öndərə bununla bağlı bir təkliflər məktubu da yazmışdım ki, bu məsələni mən necə görürəm. Çünki həmin vaxtı diaspora ilə bağlı bir pərakəndəlik vardı. Təklif eləmişdim ki, bu sahədə bir dövlət qurumu olsun və bütün işləri də həmin qurum görsün. Məhz bundan sonra həmin vaxtı Prezident Administrasiyasında bununla bağlı bir sektor yaradıldı. Sonra Diasporlarla bağlı iş üzrə Dövlət Komitəsi yaradıldı. Bundan sonra bütün işlər qaydasına düşdü.
Bir dəfə də mən protakolla siyahıda idim. Prezidentlə nümayəndə heyəti kimi Moskvaya getmişdik. Moskvada ona xüsusi yer vermişdilər. O vaxti Rusiyanın Xarici İşlər Naziri Yevgeniy Primakov onun yanına gəldi. Çox səmimi görüşdülər. Rəsmi söhbətdən sonra Primakov xahiş elədi ki, köməkçisi olan bir erməninin anasının qəbri Bakıdadır, onun sümüklərinin Bakıdan Moskvaya aparılmasına icazə versin. Onun sözlərini eşidən vaxtı Ulu Öndər Primakova çox sərt formada dedi: “Yevgeni, bizim minlərlə azərbaycanlıların qəbrləri Ermənistandadır. Bəs onların qəbrlərinin Azərbaycana gətirilməsinə kim köməklik edəcək?”. Primakov onun bu sərt cavabından sonra heç nə demədi.
Oradan qayıdandan sonra Naxçıvana uçmalı olduq. 1998-ci il idi. Həmin vaxtı dahi Hüseyn Cavidin məqbərəsinin açılış mərasimi keçirilirdi. Soyuq bir gün idi. Ulu Öndər üç saat həmin açılışda iştirak etdi. Ümumiyyətlə, Ulu Öndər çox səmimi və yüksək iradəli bir insan idi. Onun Azərbaycan üçün, Sovetlər birliyi üçün etdikləri bir yazının yox, yüzlərlə kitabların mövzularıdır. Müasir Azərbaycanımızın müstəqilliyinin təməlini O, hələ Sovetlərin vaxtında qoymuşdu. Çünki Ulu öndər bilirdi ki, hər şeyin əsasını güclü iqtisadiyyat təşkil edir. Ona görə o var-gücü ilə Azərbaycanda sənayənin bütün sahələrinin, o cümlədən kənd təsərrüfatının, elmin, mədəniyyətin, hərbi sahənin inkişafı üçün nə mümkündürsə onu etməyə çalışırdı və buna ümumən nail də olmuşdu. SSRİ-dən böyük məbləğdə pulları Azərbaycana cəlb elədi. Sovetlər qruluşu dağılandan sonra gör neçə il biz, həmin vaxtı tikilən zavodların, fabriklərin, böyük müəssələrin hesabına ayaq üstə olduq. İndi də həmin müəssisələrin çoxu işləyir. Strateji sahələrin təməl daşı da məhz həmin vaxtı quruldu. Çoxlu sosial binalar, mehmanxanalar, böyük obyektlər, mədəniyyət sarayları həmin vaxtı tikilirdi. Gərək bütün bunları xalqımız heç vaxt unutmasın. Azərbaycan həmin vaxtı Ulu Öndərin sayəsində bir intibah dövrü yaşadı. Ona görə biz hər bir azərbaycanlı bu böyük Öndərin 100 illik yubileyini, eləcə də görkəmli akademik Zərifə xanım Əliyevanın yubileyini çox yüksək səviyyədə keçirməliyik. Hər kəsin onlarla bağlı xatirələri varsa, bütün bunlar yazılmalı və gələcək nəsillər üçün qalmalıdır.
Çox sevinirik ki,Ulu Öndərimizin davamçısı, cənab İlham Əliyev onun bu kursunu çox yüksək səviyyədə davam etdirir. 44 günlük Vətən müharibəsindəki qələbəmiz isə bütün bu işlərin ən pik nöqtəsi oldu. İlham Əliyev bir prezident kimi xalqımızın həyatında ən önəmli tarixi hadisəsi olan Qarabağın faşist ermənilərdən azad edilməsi, böyük qələbəsi ilə tarixdə qalib sərkərdə kimi əbədi yaşayacaq. Hətta həmin vaxtı mənim dostum Paşa Qəlbinur öz statusunda prezidentə müraciətlə belə bir cümlə yazmışdı: “Şuşaya sancılan bayrağımız, ən uca zirvəmizdir”. Gəlin danmayaq. İndiki dünyada gedən çox çətin siyasi vəziyyətlərdə cənab prezidentimiz İlham Əliyev elə zərgər dəqiqliyi ilə işlər görür və dərin siyasət aparır ki, xalqımızı bu çətin vəziyyətlərdən böyük ustalıqla keçirir. Elə bu, böyük alqışa layiqdir. Dahi Heydər Əliyev deyirdi ki, “Milli azadlığa nail olmaq üçün milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır”. Bax, cənab İlham Əliyev də bu kəlama riayət etməklə, millətimizin milli oyanışına, milli dirçəlişinə çalışır.
Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi
Bütün xəbərlər Facebook səhifəmizdə