Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. SİA-nın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə Çingiz Mehdiyevin vəkilləri məhkəməyə vəsatətlər təqdim edib.
Vəkil vəsatətində bildirib ki, Gürcüstan bankından Çingiz Mehdiyevin anasının adına olan pullar vərəsəlik əsasında onun hesabına köçüb. Vəkil bununla bağlı sənədin sübutlara daxil edilməsini istəyib.
Çingiz Mehdiyev deyib ki, sözügedən pullar Gürcüstan bankında olub:
"Bununla bağlı Gürcüstan bankına müraciət etmişdik. Pullar anamın adına idi. Anam rəhmətə getdikdən sonra vəsait Gürcüstan bankında qalmışdı".
Çingiz Mehdiyev deyib ki, Azərbaycandan aldıqları vərəsəlik sənədini əvvəlcə tanınmayıb. Buna görə də pullar bir müddət Gürcüstan bankında ilişib qalıb. Daha sonra vərəsə kimi tanınıb və pul onun adına köçüb.
Vəkil bildirib ki, Çingiz Mehdiyevin hesabında 857 min dollar pul olub. Onun sözlərinə görə, bu vəsait Bakı Şəhəri Halqası Əməliyyat Şirkətindən mənimsənilən pullarla uyğun gəlmir.
Müdafiəçi növbəti vəsatətində Gürcüstan bankına müraciət edilməsini və məbləğin dəqiqləşdirilməsi üçün həmin maliyyə sənədlərinin məhkəməyə göndərilməsini xahiş edib.
Dövlət ittihamçısı deyib ki, cinayət işi üzrə lazım olan sənədlər məhkəməyə təqdim edilib və iş materiallarına əlavə olunub. İttihamçı vəsatətin təmin olunmamasını istəyib.
Məhkəmə məbləğlərin dəqiqləşdirilməsinə görə Gürcüstan bankına müraciət edilməsi üçün verilən vəsatəti təmin etməyib. Bildirilib ki, bu məsələ müşavirə otağında nəzərə alınacaq.
Digər vəsatət təmin olunub. Belə ki, məhkəməyə təqdim olunan sənədlər cinayət işinin materiallarına əlavə olunub.
Vəkillər digər vəsatətlərində Hesablama Palatasının şirkətdə audit yoxlaması ilə bağlı faktların məhkəməyə göndərilməsini xahiş edib:
"Biz istəsək, verməyəcəklər. Xahiş edirik, məhkəmə bununla bağlı quruma müraciət etsin".
Dövlət ittihamçısı bildirib ki, sözügedən qurumun hər hansı bir sənədi əsas sayıla bilməz. İttihamçının sözlərinə görə, bu işi istintaq orqanı və məhkəmə həyata keçirir. O, vəsatətin təmin ediməməsini istəyib.
Məhkəmə vəsatəti təmin etməyib.
Növbəti proses fevralın 3-də davam edəcək.
Qeyd edək ki, Çingiz Mehdiyev Formula-1 yarışının təşkili üçün ayrılmış 400 min manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunur.
Ç.Mehdiyev barəsində istintaq dövrü müddətinə həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.
Bütün xəbərlər Facebook səhifəmizdə