“Məktəblərimizdə təhsil mühiti yoxa çıxdığına görə narahatıq” - SORĞU

Bildiyimiz kimi, ötən gün 112 nömrəli tam orta məktəbdə şagirdlərin uyğunsuz hərəkət etdiyi vaxtda görüntüləri yayılıb. Ümumiyyətlə, məktəblərdə nizam-intizam qaydaları necə olmalıdır? Bu hallara qarşı hansı tədbirlər görülməlidir? SİA mövzu ilə bağlı təhsil üzrə ekspert və mütəxəssislərin fikirlərini öyrənib.

Təhsil eksperti Kamran Əsədov: “Hal-hazırda ölkədə 4 min 432 orta ümumtəhsil məktəbində 1,6 milyon şagird təhsil alır və təhsil özlüyündə çox geniş bir prosesi əhatə edir. Çox təəssüflər olsun ki, biz statistik nəticələrə və təhlillərə baxanda görürük ki, son iki il ərzində Azərbaycan təhsilində baş verən neqativ hallar əvvəlki 15 illə müqayisədə daha çoxdur. Xüsusən, biz bunu şagirdlərin intihar hallarının sayı son 2 ildə çoxalmasında gördük.

Məktəb daxilində şagirdlərin bir-birinə qarşı fiziki və yaxud da digər psixoloji zorakılıq hallarının həcmi son 2 il ərzində artıb. Məktəbdə pul yığma halları xoşagəlməz hallar son 2 il ərzində hədsiz dərəcədə çoxalıb. Bu, onu göstərir ki, Elm və Təhsil Nazirliyi hal-hazırda tədris prosesinə, təhsil prosesinə ümumilikdə nəzarət edə bilmir və idarəetməni tamamilə yaddan çıxarıb. Bu gün məktəblərimizdə vəziyyət o qədər də ürəkaçan deyil. Hətta biz bu il 3-cü ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələrinə baxanda görürük ki, əvvəlki illərlə müqayisədə bu il çox aşağı səviyyədə nəticə müşahidə etdik.

Eyni zamanda, 2-ci ixtisas qrupunda da yəni, hal-hazırda bizim orta ümumtəhsil məktəblərimizdə təhsil tədris mühiti yoxa çıxıb və biz son 2 ildə nəticələrin çox ciddi şəkildə aşağıya doğru getdiyini görürük. Təbii ki, baş verən hadisə, yəni, hal-hazırda Bakı məktəblərinin birində bir şagirdin digərinə qarşı qəddarcasına fiziki zorakılığın tətbiq edilməsi, artıq bizim orta ümumtəhsil məktəblərimizə təhsil mühitinin bitdiyini göstərir. Yəni, əgər həmin məktəbdə və ümumiyyətlə təhsil sistemində normal mühit olsaydı onlar başa düşərdilər ki, şagirdlər bir-biri ilə əməkdaşlıq edir, bir-birini qoruyurlar, bir-birinin çətin vəziyyətində ona arxa dururlar. Amma görünən odur ki, hal-hazırda bizim təhsil mühitimiz yoxa çıxdığına görə şagirdlər hətta bəzi sosial şəbəkələrdə video paylaşmaqdan ötrü digər həmyaşıdlarına və sinif yoldaşlarına qarşı çox ağır fiziki zorakılıqlar tətbiq edirlər. Bu, dəhşətdir, bu, dözülməz bir haldır və bu birmənalı şəkildə valideynləri narahat etməlidir. Çünki bu, onu göstərir ki, biz övladlarımızı məktəbə göndərəndə diqqətli olmalıyıq.

Məktəb mühitinin hansı vəziyyətdə olduğunu artıq bilirik. Yəni, hal-hazırda valideynlərin məktəblərə etibar etməməsi mövzusu artıq gündəmə gəlir. Valideynlər artıq məktəb mühitindən narahatdırlar. Biz orada artıq təhsil və tədris mühitinin olmadığını düşünürük və hesab edirik ki, məktəblərə nəzarət mexanizmi tamamilə itib. Bu gün valideynlər çox narahatdılar ki, övladlarını, şagirdləri müəllimlər döyə və bu proses hər an baş verə bilər. Bu fiziki zorakılığa heç bir halda haqq qazandırmaq olmaz. Bu, dəhşətli bir haldır.

Nəzərə alsaq ki, onlar azyaşlıdırlar və birinin digərinə qarşı törətdiyi bu əməl birbaşa cinayət əməlidir, hər hansı bir ciddi fiziki xəsarət də törədilə bilərdi. Yenə də deyirəm, hal-hazırda məktəblərimizdə tədris-təhsil mühiti itibdir. Bu, çox xoşagəlməz bir haldır. Bu görüntüləri yaxşı ki, uşaqlar telefona çəkiblər. Görün çəkilməyən minlərlə belə faktlar var ki, onlar itib batıb. Hal-hazırda məktəblərimizdə təhsil mühiti yoxa çıxdığına görə narahatıq. Biz bir valideyn olaraq narahatıq. Çünki övladlarımızı məktəbə göndəririk və başa düşürük ki, artıq müvafiq qurum məktəblərə nəzarət edə bilmir və onlar ancaq fərdi qaydada özünü müdafiə etməlidirlər. Belə çıxır ki, valideynlər övladlarını indi təkcə məktəblərə göndərməli deyillər, eyni zamanda idman dərslərinə göndərməlidirlər ki, onlar özünü müdafiə edə bilsinlər. Çünki Elm və Təhsil Nazirliyi bizim uşaqlarımızı, gələcəyimizi birmənalı şəkildə müdafiə etmir, onları çətin situasiyada ortada qoyur.

Mən bu halı birmənalı şəkildə pisləyirəm və hesab edirəm ki, buna görə çox ciddi şəkildə cəzalanma olmalıdır. Söhbət təkcə uşaqların, sinif rəhbərinin, direktor müavinin, yaxud direktorun cəzalanması ilə bitməməlidir. Daha yuxarı həddə, Elm və Təhsil Nazirliyi səviyyəsində nazir və nazir müavininə qədər hər kəs öz vəzifə səlahiyyətlərini yerinə yetirmədiyinə görə cəzalanmalıdır”.

Təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi: “112 saylı məktəbdə baş verən hadisə, əlbəttə, cəmiyyət tərəfindən birmənalı olaraq qarşılanmır. Çünki bu hadisə təhsil, elm və təlim-tərbiyə müəssisəsində baş verməli deyildi. Ümumiyyətlə, belə hallar olmamalıdır. Əgər olubsa da təbii ki, bununla bağlı aidiyyəti qurumlar adekvat addım atmalıdırlar.

Nəzərinizə çatdırım ki, bu gün Azərbaycan orta ümumtəhsil məktəblərində 1 milyon 600 mindən çox şagird təhsil alır. 4 min 440-dan çox orta ümumtəhsil müəssisəsi fəaliyyət göstərir və burada həmin o təhsil alan şagirdlərin hər biri eyni psixologiyaya, eyni temperamentə sahib deyil. Onların hərəsinin öz tərbiyə götürmə mənbələri var. Məsələn, bəzi ailələr var ki, onlar ümumiyyətlə övladlarına tam nəzarətsiz böyüdürlər və bu ailələr valideynlərin məsuliyyətsizliyi ucbatından əziyyət çəkir. Şagird vaxtında düzgün təlim-tərbiyə alarsa, başqasına münasibətində diqqətli olarsa, əlbəttə, bu kimi hallara yol verməz.

Xüsusilə də təlim-tərbiyə müəssisəsində, təlim təhsil müəssisəsində bu kimi hal olmamalıdır. Düşünürəm ki, bununla bağlı müvafiq məsul qurum yəni, Elm və Təhsil Nazirliyi vaxtında məsuliyyətli addım atmalı idi və indi də gec deyil yenə də ata bilər. O halda ki biz dəfələrlə təklif etdik ən azı bir saat psixologiya dərsi məktəblərdə tədris olunsun. O vaxt İnsan və cəmiyyət fənni var idi. Həmin fənni ləğv etdilər. Şagirdlərə normal münasibətlərin qurulması ilə bağlı təlimlər keçirilməli, xüsusi söhbət aparılmalıdır.

Nizam-intizam qaydalarının tətbiqi ilə bağlı mən bunu yenə də təklif edirəm ki, biz bütün orta ümumtəhsil məktəblərinə Müdafiə Nazirliyinin Tabeliyində mühafizə polisi təhkim etməliyik. Burada həm şagirdlərin təhlükəsizliyi, eyni zamanda onların kənara çıxma hallarına yol verməməsi üçün ən azı çəkinəcəkləri bir orqan olmalıdır. Bu gün görünən odur ki, məktəbdə baş verən hadisə direktorun məsuliyyətsizliyindən yaranıb. Tənəffüs zamanı hadisə baş verib. Tənəffüs zamanı da şagirdlər elə rəftar etməlidir ki, onlar tənəffüs dövründə də kitaba meyil etməli və yaxud da sakit davranış sərgiləməlidirlər. Amma bu gün o şagirdlər direktoru saymırlar. Bu da təbii ki müxtəlif məsələlərdən qaynaqlanır. Bunun qarşısını almaq üçün aidiyyəti qurumlar təcili və təxirəsalınmaz işlər görməlidirlər”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə