Ali təhsil pilləsinin dövlət standartı və proqramı dəyişib

Baş Nazir Əli Əsədov "Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə" qərar imzalayıb. SİA xəbər verir ki, qərara əsasən, "Ali təhsil pilləsinin dövlət standartı və proqramı"nda dəyişiklik edilib.

Qərara əsasən, ali təhsil proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır. Bakalavriat səviyyəsində tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəqiyyətlə keçmiş tələbələr təhsil müddətində əldə etdikləri nəticələrə (Ümumi Orta Müvəffəqiyyət Göstəricisinə) uyğun olaraq yekun attestasiyadan keçmiş hesab olunurlar. Təhsil müddətində əldə etdikləri nəticələrə (Ümumi Orta Müvəffəqiyyət Göstəricisinə) uyğun olaraq çıxarılmış yekun attestasiyanın nəticələri ilə razılaşmayan tələbə ixtisas üzrə buraxılış yekun dövlət imtahanında (fənlərarası) iştirak edə bilər. Ali təhsil müəssisəsinin Elmi Şurası tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, bakalavriat səviyyəsində müəyyən ixtisaslar üzrə təhsilalanlara əlavə olaraq buraxılış işinin yerinə yetirilməsi tələbi qoyula bilər.

Magistratura səviyyəsində tədris planının bütün şərtlərini yerinə yetirmiş tələbələr yekun attestasiyaya buraxılırlar. Yekun attestasiya magistrlik dissertasiyasının müdafiəsindən və (və ya) ixtisas fənləri üzrə imtahanlardan ibarətdir. Magistrlik dissertasiyasının müdafiəsi ixtisaslaşdırılmış şuraların iclaslarında aparılır. Magistrlik dissertasiyasının məzmununa, yazılmasına, təqdim edilməsinə və müdafiəsinə qoyulan tələblər ali təhsil müəssisəsinin Elmi Şurası və Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyənləşdirilir. Bakalavriat və magistratura səviyyələrində imtahan sessiyalarının təşkili, tələbələrin biliyinin cari və aralıq qiymətləndirilməsi, dövlət attestasiyasının keçirilməsi qaydaları ali təhsil müəssisələri və Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilir.

Bu Qərar 2020-ci il oktyabrın 1-dək qüvvədədir.

Qeyd edək ki, hazırda qüvvədə olan qərara əsasən, ali təhsil proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır. Dövlət attestasiyası bütün təhsilalanlar üçün məcburidir. İmtahan sessiyalarının təşkili, tələbələrin biliyinin cari və aralıq qiymətləndirilməsi, dövlət Respublikasının Təhsil Nazirliyi və ali təhsil müəssisələri tərəfindən müəyyənləşdirilir.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə