"1 illik təhsil haqqının dövlət tərəfindən ödənilməsi alqışalayiq addımdır" RƏY-ÖZƏL

“Nazirlər Kabinetinin “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” qərarı tam yerində qəbul edilən qərardır. Bu qərar nəticəsində həssas əhali qrupuna aid edilən ailələr təhsil haqqı kimi problemlərini həll etmiş olacaqlar”. Bunu SİA-ya açıqlmasında Azərbaycan Respublikasının əməkdar müəllimi, təhsil eksperti Almaz Həsrət deyib.

O bildirib ki, ana və atası olmayan təhsil haqqını ödəmək üçün gündüzlər oxuyub, gecələr çalışan və ya atası olmayan, anası isə xəstə olan və yaxud da sosial vəziyyəti həddindən artıq aşağı olub müxtəlif vasitələrlə təhsil haqqını ödəyən tələbələr var idi ki, dövlət tərəfindən hazırki məqamda belə bir qərarın qəbul edilməsi və həmin kateqoriyaya aid şəxslərə bu cür diqqətin göstərilməsi alqışalayiqdir.

Ekspert söyləyib ki, bu bir daha Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın öz vətəndaşlarının yanında olduğunu və atdıqları bütün addımlarda xalqı düşündüklərini göstərir.

Müəllim olaraq dəfələrlə təhsil haqqını verə bilməyən tələbələrlə rastlaşdığını dilə gətirən A.Həsrət qeyd edib ki, müəllimlər özləri də sosial vəziyyəti ağır olan ailələrə təhsil haqqının ödənilməsində müəyyən qədər dəstək göstərsələr də bu yetərli deyildi: “Lakin qəbul edilən qərarla 1 illik təhsil haqqının məhz dövlət tərəfindən ödənilməsi belə dövlətin xüsusilə də həssas əhali qrupuna olan qayğısının əyani sübutudur”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...