Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsi keçirilib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) fevralın 20-də 2011/2012-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsini keçirib.

SİA-nın xəbərinə görə, İmtahan 4 şəhərdə - Bakı, Naxçıvan, Gəncə və Lənkəran şəhərlərində aparılıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından SİA-ya verilən xəbərə görə, ərizələrin qəbulu internet vasitəsilə yanvarın 25-dən fevralın 7-dək aparılmış və imtahanda iştirak etmək üçün 16 mindən çox bakalavr ərizə verib.

Qəbul imtahanı Bakı şəhərində 22, Naxçıvanda 1, Gəncədə 2, Lənkəranda 1 binada aparılıb.

İmtahanlara 1207 nəzarətçi-müəllim nəzarət edib. Bütün bölgələrdə qəbul imtahanının gedişini TQDK-da akkreditasiyadan keçmiş KİV nümayəndələri müşahidə ediblər.

İmtahan bütün binalarda eyni vaxtda - saat 14.00-da başlanmış və sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılıb. Bakalavrlara ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkür) yoxlanılması üzrə 50, xarici dil üzrə 25 və informatika fənni üzrə 25 test tapşırığı təqdim olunub.

Birinci mərhələnin nəticələrinə görə ümumi balı 50-dən az olmayan, o cümlədən ümumi intellekt səviyyəsini (məntiqi təfəkkürü) yoxlayan testdən topladığı bal 20-dən, informatika üzrə testdən topladığı bal 10-dan, xarici dil üzrə testdən topladığı bal 10-dan az olmayan bakalavrlar ikinci mərhələyə buraxılacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə