BDU rəsmisi vitse-prezident seçilib

Rusiyanın paytaxtı Moskvada Avrasiya Universitetləri Həmkarlar Təşkilatları Assosiasiyasının 30-cu qurultayı keçirilib. M.V. Lomonosov adına Moskva Dövlət Universitetində keçirilən qurultayın işində Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Antonoviç Sadovniçi, AUHTA-nın prezidenti, professor İqoreviç Vladimir Kotlobovski, Rusiya Federasiyasının hökumət və dövlət nümayəndələri iştirak ediblər. Avrasiya məkanında yerləşən altı ölkənin 50-dək klassik universitetini özündə birləşdirən bu Assosiasiyada Azərbaycanı Bakı Dövlət Universiteti Həmkarlar təşkilatının sədri dosent Fikrət Şiriyev təmsil edib. Bu barədə SİA-ya BDU-nun mətbuat xidmtindən məlumat verilib.

Məlumata görə, qurultayda çıxış edən akademik V.A.Sadovniçi iclasın əhəmiyyətindən bəhs edib. Rektor Sadovniçi Universitetlər arasında elm-təhsil əlaqələrinin və sosial əməkdaşlığın möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə dosent Fikrət Şiriyevə prezidenti olduğu Avrasiya Universitetlər Assosiasiyasının Təşəkkürnaməsini təqdim edib.

Daha sonra plenar iclasda çıxışlar dinlənilib. BDU HİK-in sədri Fikrət Şiriyev Azərbaycanda Elm və təhsilin inkişafına dövlət səviyyəsində göstərilən qayğıdan, Rusiya-Azərbaycan elm-təhsil əlaqələri, Avrasiya məkanında regional inteqrasiyanın əhəmiyyəti və problemləri, həmçinin ölkəmizdə həmkarlar hərəkatı barədə məruzə edib.

Sonda qurultayda təşkilat məsələlərinə baxılıb. Bakı Dövlət Universiteti Həmkarlar təşkilatının sədri, dosent Fikrət Şiriyev Avrasiya Universitetləri Həmkarlar Təşkilatları Assosiasiyasının vitse-prezidenti seçilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...