Təhsil Nazirliyinin jurnalistlər üçün keçirdiyi təlimlər başa çatdı

Təhsil Nazirliyinin təşkilatçılığı ilə kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri üçün keçirilən maarifləndirici təlimlər aprelin 16-da başa çatıb. SİA xəbər verir ki, bağlanış mərasimində təhsil nazirinin müavini Firudin Qurbanov KİV-lərin nümayəndələrini təlimi uğurla başa vurduqları üçün təbrik edib, onlara gələcək işlərində uğurlar arzulayıb. F.Qurbanov informasiyanın ictimaiyyətə vaxtında və düzgün çatdırılmasında medianın rolundan danışıb və təhsildə aparılan islahatlarla bağlı maarifləndirmə işində media nümayəndələrinin üzərinə mühüm vəzifələrin düşdüyünü qeyd edib.

Təhsil sahəsindəki müsbət dəyişikliklərin ictimaiyyət tərəfindən maraqla qarşılandığını vurğulayan nazir müavini təlimlərin media və təhsil əlaqələrinə müsbət təsir göstərəcəyinə əminliyini bildirib.

Tədbirdə digər çıxış edənlər təlimin təşkilinin əsas məqsədinin təhsil sahəsində görülən işlərin ictimaiyyətə çatdırılması, maarifləndirmə tədbirlərinin aparılması, media ilə səmərəli əməkdaşlığın qurulması olduğunu bildiriblər.

Üç gün davam edən tədbirdə nazirliyin əməkdaşları tərəfindən media işçilərinə təhsillə bağlı aktual mövzularda məlumatlar verilib, müzakirələr aparılıb, təkliflər dinlənilib. Təlim müddətində jurnalistlər arasında müxtəlif viktorinalar və əyləncəli oyunlar keçirilib.

Tədbirdə ölkənin aparıcı media qurumlarını - xəbər agentliklərini, televiziya kanallarını və qəzetləri təmsil edən 25 jurnalist iştirak edib.

Sonda jurnalistlərə sertifikatlar təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...