ADU-nun tələbələrini Hindistan səfirliyi mükafatlandırdı FOTOLAR

Dillər Universitetində Hindistan Konstitusiyasının banisi hesab olunan doktor B. R. Ambedkarın anadan olmasının 125-ci ildönümünə həsr olunmuş tədbir keçirildi ADU-dan SİA-ya verilən məlumata görə, Azərbaycan Dillər Universitetində (ADU) Hindistan Konstitusiyasının banisi hesab olunan doktor Bhimrao Ramci Ambedkarın anadan olmasının 125-ci ildönümünə həsr olunmuş tədbir keçirildi. Universitetin və Hindistanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə baş tutan tədbirin keçirilməsində məqsəd ADU və Hindistanın Azərbaycandakı səfirliyi arasındakı mövcud əlaqələri daha da gücləndirmək idi.

Tədbirdə ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov, Beynəlxalq əlaqələr üzrə prorektor, professor Jalə Qəribova, Tərbiyə işləri üzrə prorektor, professor Ələddin Əliyev, Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin dekanı, dosent Anar Nağıyev, Milli Məclisin deputatı Asim Mollazadə, Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana, səfirin xanımı Barbara Rana, tarixçi, Hindistan haqqında müxtəlif kitabların müəllifi Afət Sadiqoğlu, Azərbaycanda fəaliyyət göstərən Hindistan icmasının üzvləri, səfirliyin əməkdaşları və universitetin müəllim-tələbə heyəti iştirak edirdi.

Öncə Hindistan adət-ənənələrinə uyğun olaraq ölkə Konstitusiyasının banisi hesab olunan doktor Bhimrao Ramci Ambedkarın ruhu bir dəqiqəlik sükutla yad edildi və səfir Sanjay Rananın iştirakı ilə lampa yandırıldı.

ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov qonaqları salamlayaraq doktor B.R. Ambedkarın anadan olmasının 125-ci ildönümünün Dillər Universitetində qeyd olunmasından məmnunluğunu dilə gətirdi. Universitetdə 22 dilin tədris olunduğunu qeyd edən professor onların sırasında hind dilinin olduğunu da vurğuladı. O, Hindistan mərkəzinin fəaliyyətindən də söz açdı və tələbələrin Hindistanın tarixini, mədəniyyətini, iqtisadiyyatını maraqla öyrəndiklərini vurğuladı. Çıxışının sonunda professor Dünyamin Yunusov səfirliklə universitet arasında əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini ifadə etdi.

Səfir Sanjay Rana öz növbəsində qonaqları salamlayaraq ADU rəhbərliyinə tədbirin keçirilməsinə şərait yaratdıqları üçün təşəkkürünü bildirdi. Hindistan Konstitusiyasının banisi hesab edilən B.R. Ambedkar haqqında iştirakçılara ətraflı məlumat verən səfir onun bütün həyatı boyu aşağı kastalar, qadınlar və işçilər də daxil olmaqla cəmiyyətin daha zəif təbəqələrinin hüquqlarının qorunması üçün çalışdığını söylədi. O, bütün Hindistanda B.R. Ambedkarın anadan olmasının 125-ci ildönümünün qeyd olunduğunu vurğuladı.

Sonra Bhimrao Ramci Ambedkarın həyatından bəhs edən qısa film nümayiş olundu.

Tədbirdə çıxış edən tarixçi Afət Sadiqoğlu Hindistan Konstitusiyasında B.R. Ambedkarın adının xüsusi yer tutduğunu bildirdi. Onun fəaliyyəti haqqında danışan Afət Sadiqoğlu B.R. Ambedkarın bütün vətəndaşlar üçün dünyəvi demokratiyada bərabər imkanların təmin olunması və ifadə, inam azadlığı da daxil olmaqla əsas hüquqları təmin etdiyini qeyd etdi. O, doktor Ambedkarın fikri və ideyalarının bugünkü dirçələn Hindistanın konteksində daha çox aktual olduğunu vurğuladı.

Daha sonra Hindistanın Azərbaycandakı səfirliyinin "B.R. Ambedkarın Hindistan Konstitusiyasının hazırlanmasında və qadınlara bərabər hüquqlar verilməsində rolu" mövzusunda elan etdiyi inşa müsabiqəsinin qalibləri mükafatlandırıldı. Onu da bildirək ki, ADU-nun səkkiz tələbəsi də qaliblər arasında idi.

Sonda Hindistan mətbəxindən müxtəlif təamlar qonaqlara təqdim olundu.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...