BDU-da Atatürkü anma, Gənclik və İdman Bayramı qeyd edilib

Bu gün Bakı Dövlət Universitetində Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkü anma, Gənclik və İdman Bayramı qeyd edilib. BDU-dan SİA-ya verilən xəbərə görə, bayram M.Kamal Atatürkün 1919-cu il mayın 19-da silahdaşları ilə birlikdə Samsun səfərinə, yadelli işğalçılara qarşı müqavimət hərəkatına başçılıq etməsinə həsr olunub. Ümummilli lider Heydər Əliyevin və Mustafa Kamal Atatürkün xatirələri bir dəqiqəlik sükutla yad edildikdən sonra hər iki ölkənin dövlət himnləri səslənib.

Tədbiri giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov bu günü böyük tarixi bayram adlandırıb, Atatürkün Türkiyə həyatında oynadığı roldan, əbədiyaşar ideyalarından bəhs edib. Azərbaycan-Türkiyə münasibətlərindən, bu əlaqələrin dostluq, qardaşlıq, tərəfdaşlıq zəminində inkişafından danışan Abel Məhərrəmov Türkiyədə də ümummilli lider Heydər Əliyevin anım günlərinin keçirildiyini, Türkiyənin müxtəlif şəhərlərində onun abidələrinin ucaldığını qeyd edib. Akademik eyni zamanda, türk dünyasının parlaq gələcəyinə inandığını bildirərək ötən il Avrovizion yarışmasında qalib gələn Eldar və Nigarın səhnəyə Türkiyə və Azərbaycan bayraqları ilə çıxmasının Azərbaycan-Türkiyə dostluq və qardaşlıq əlaqələrinin sarsılmaz olduğunu göstərdiyini qeyd edib.

Türkiyənin ölkədəki səfiri Hülusi Kılıc isə ölkəsinin tarixindən, inkişaf mərhələlərindən, regionda nüfuzundan, dünya siyasətinə təsirindən, beynəlxalq təşkilatlarla işbirliyindən, onun səlahiyyətli qurumlarında təmsilçiliyindən bəhs edib. Tədbirdə Türkiyə səfirliyinin təhsil müşaviri Halis Koyuncuoğlu da çıxış edib. Tədbirdə maraqlı konsert proqramı da nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə