ADU-nun rektoru avstriyalı jurnalistlərlə görüşüb- FOTO

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, millət vəkili, professor Səməd Seyidov Avstriyadan olan bir qrup jurnalistlə görüşüb. ADU-dan SİA-ya verilən məlumata görə, Avstriya Mətbuat Agentliyinin nümayəndəsi xanım Viola Bauerin rəhbərlik etdiyi qrupa universitet haqda məlumat verən ADU-nun rektoru S. Seyidov Azərbaycanın Bolonya prosesinə qoşulduqdan sonra digər universitetlərdə olduğu kimi, Azərbaycan Dillər Universitetində də əsaslı işlər aparıldığını bildirib.

Qonaqlara ADU-nun "Erasmus Mundus" proqramlarında iştirak etdiyini bildirən professor S. Seyidov universitetin bir qrup tələbəsinin bu proqramın növbəti mərhələsində iştirak etmək üçün ötən ay Tbilisiyə yola düşdüklərini qeyd edib. O, ADU-nun ABŞ, Avropa və Asiya universitetləri ilə əməkdaşlıq etdiyindən və Universitetdə 15 yaxın müxtəlif dil və mədəniyyət mərkəzlərinin fəaliyyət göstərdiyindən söz açıb. ADU-nun rektoru aprel ayının sonlarında İsrailin xarici işlər naziri Aviqdor Libermanın universitetdə İsrail mərkəzinin açılışında iştirak etdiyini sözlərinə əlavə edib. Rəhbərlik etdiyi universitetin əlaqələrindən danışan S. Seyidov görüş zamanı Azərbaycanın regionda aparıcı rolundan, "Avroviziya" mahnı müsabiqəsinə ev sahibliyindən və 2020-ci ildə keçiriləcək Olimpiya oyunlarını qəbul etmək iradəsindən bəhs edib.

Sonda qonaqlar ADU-da fəaliyyət göstərən Avstriya mərkəzi ilə tanış oldular.




Bütün xəbərlər Facebook səhifəmizdə