Gələcəyin müəllimləri bu proqramlar ola bilərmi? - EKSPERT RƏYLƏRİ

“Süni intellekt proqramları, məsələn “ChatGPT”, suallara anında cavab verərək öyrənmə prosesini sürətləndirir. Uşaqların fərqli səviyyədə olduğu və müxtəlif öyrənmə üsullarına sahib olduqları halda, bu proqramlar hər kəsə uyğunlaşa bilir. Süni intellekt yazılı və ya şifahi qiymətləndirmə ilə tələbələrin cavablarını təhlil edə bilər. Bu, müəllimlərin daha çox tələbəyə fokuslanmasına və həmçinin qiymətləndirmə prosesinin daha obyektiv və vaxt qənaətcil olmasına imkan yaradır. Süni intellekt müəllimləri əvəz etmir, lakin onlara ciddi dərəcədə kömək edir, tədris materiallarını daha səmərəli hazırlamağa, sinifdəki fəaliyyətləri izləməyə və tələbələrin ehtiyaclarına uyğunlaşmağa dəstək göstərir. Ayrıca, müəllimlər üçün təhsil sahəsindəki yeni trendləri və üsulları öyrənmək üçün alətlər təqdim edir. Süni intellekt tələbələrə məlumat və həllər təqdim edə bilsə də, müəllimlər tələbələri motivasiya etmə və onları təhsilə cəlb etmə kimi vacib rollara malikdir. Müəllimlər, tələbələrin emosional və sosial inkişafına dəstək verirlər, bu isə süni intellekt proqramlarının təmin edə bilmədiyi bir sahədir. Süni intellekt müəyyən məlumatları təqdim edə bilər, amma kritik düşünmə və yaradıcı həllər mövzusunda müəllimin rolu daha böyükdür”. Bu sözləri təhsil eksperti Rizvan Kazımzadə SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, süni intellekt həm də təhsil mühitində məlumatları toplayıb analiz edərək təhsilin keyfiyyətini izləyə bilər: “Bu, təhsil müəssisələrinin tədris metodlarını optimallaşdırmasına və öyrənənlərin inkişafını izləməsinə kömək edir.

“ChatGPT” və digər süni intellekt proqramlarının uşaqlara mənfi təsirləri də ola bilər. Çox vaxt ekran qarşısında keçirdikləri vaxtın artması, sosial bacarıqların zəifləməsi və məlumatın doğruluğu ilə bağlı suallar yaranır. Bu alətlərdən çox istifadə edildikdə, öyrəncəlik yaranır, uşaqların analitik düşüncəsi zəifləyir və hər şeyi süni intellektdən istəyir. Başqa sözlə, uşaqlar, hər dəfə suallarını birbaşa cavablandıran bir alət istifadə etdikdə, öz analitik düşünmə və problem həll etmə bacarıqlarını zəiflədirə bilərlər. Onlar, məsələn, suallara cavab tapmaq üçün daha az tədqiqat etməyə və düşünməyə meylli ola bilərlər. Süni intellektə həddindən artıq güvənmək uşaqların öz biliklərinə və düşüncələrinə olan inamını azalda bilər. Bu, müstəqil öyrənmə bacarıqlarının zəifləməsinə səbəb ola bilər. Buna görə də, bu proqramlardan istifadə zamanı balanslı yanaşma və valideynlərin nəzarəti vacibdir. Süni intellekt bəzən səhv məlumat verə bilər, çünki o, verilən sorğulara əsaslanaraq cavablar yaradır, həmişə doğru məlumatı təmin etməyə bilər. Uşaqlar, xüsusilə onlayn dünyada, yanlış məlumatlarla qarşılaşa bilərlər, bu da onları çaşdıra və yanıltıcı ola bilər”.

Həmçinin mövzu ilə bağlı elm və təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi açıqlamasında bildirib ki, süni intellektin səmərəli və düzgün istifadə olunarsa, təhsildə böyük rolu olacaq: “Eyni zamanda müəyyən informasiyaların şagirdlər üçün əlçatan olması təmin olunacaq. Bura müxtəlif platformalar - “ChatGPT”, “Open AI” və digərləri daxildir ki, şagirdlər məhz bu platformalardan istifadə etməklə, müəyyən bilik və bacarıqları daha tez öyrənə bilərlər.

Əlbəttə ki, mənfi təsirləri də var. Təyinatı üzrə istifadə olunmayan hər bir şey insan əleyhinə işləyə bilər o cümlədən də süni intellekt.

Biz çalışıb süni intellektin insan üçün daha səmərəli olan xüsusiyyətlərini götürməliyik. Onların insanlara səmərəli olmaq üçün istifadə etməliyik. Bu proqramların müəllimləri əvəz etməsini düşünmürəm. Amma onlara işlərində kifayət qədər kömək edə bilər. Deyək ki, hər hansı bir müəllim hər hansı bir mövzunu keçmək istəyir, o mövzu ilə bağlı süni intellektə müəyyən təqdimatın, tədbirin planının hazırlanmasında komanda verə bilər. Bu nöqteyi-nəzərdən müəllimin işi bir qədər asanlaşa bilər. Bir növ müəllimin “köməkçisi” funksiyasını yerinə yetirə bilər. O cümlədən, şagirdlər üçün də qeyd etdiyim kimi öyrənmək baxımından müəyyən informasiyalar daha çevik formada süni intellektin böyük üstünlükləri var. Zamanla bunu təhsilə doğru şəkildə tətbiq edəriksə, gələcəkdə təhsildə keyfiyyət baxımından artım müşahidə edə bilərik”.

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə