Tələbə hansı hallarda təhsil ödənişindən azad olunur? - EKSPERT AÇIQLADI

Azərbaycanda bir sıra istisna hallarda ödənişli əsaslarla təhsil alan universitet tələbələri ödənişdən azad edilir. Bəs bu hansı tələbələrə şamil edilir? Tələbə hansı hallarda ödənişdən azad olunur? Mövzu ilə bağlı SİA-nın suallarını təhsil eksperti Rizvan Fikrətoğlu cavablandırıb.

Onun sözlərinə görə, ödənişli qəbul olub, lakin bəzi həssas məqamlara görə bir qrup tələbələrin təhsil ödənişi dövlət tərəfindən qarşılanır: “Bu məsələ Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir. Buraya məcburi köçkün statusu olan, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının, şəhid ailəsi statusunu almış ailənin üzvləri, hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslər, hər iki valideyninin himayəsindən məhrum olmuş uşaqlar, bir valideyni vəfat etmiş və o biri valideyni I və II qrup əlil olan 18 yaşınadək şəxslər və s. aid edilir. Lakin burada sui-istifadə hallarına da yol verilir. Namizəd ödənişli qəbul olsa belə ödənişsiz oxuyacağını bildiyi halda ixtisas seçimi zamanı topladığı baldan yuxarı olan yalnız ödənişli yerləri yazır. Bu da həmin ixtisas istiqaməti üzrə yaxşı nəticə göstərənlərə ədalətli yanaşma deyil. Bu mənada, belə hallarda nəzarət və müəyyən məhdudiyyətlərin tərəfdarıyam”.

Ekspert bildirib ki, təhsil haqqından azad edilmə yalnız dövlət ali təhsil müəssisələrinə şamil edilir: “Özəl təhsil müəssisələrində bu və digər kateqoriyaya aid olan şəxslər təhsil haqqından azad edilməyə bilər. Çünki özəl təhsil müəssisələri korporativ sosial məsuliyyət təşəbbüsündən uzaqdırlar. Bu, sadəcə özəl universitetin öz daxili məsələsidir. Əvvəllər təhsil haqqını ödəyə bilməyən bir çox tələbə təhsilini davam etmirdi. Dövlət bunu nəzərə alaraq Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunu yaratdı. Bu fond 2021-ci ildən etibarən tələbələrə təhsil krediti verir. Tələbə kreditinin ayrılmasında məqsəd təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılması və təhsilin əhatə dairəsinin genişləndirilməsidır. Bu kredit dövlət dəstəyi ilə çox kiçik faizlərlə və uzun müddətə verilir. Nazirlər Kabineti tərəfindən təsdiqlənən müvafiq qaydaya əsasən, təhsil tələbə kreditinin sosial və standart növləri mövcuddur. Sosial təhsil tələbə kreditindən yalnız sosial həssas təbəqəyə aid ailələrin üzvü olan tələbələr istifadə edə bilər və onlara kreditlər güzəştli şərtlərlə verilir”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə