“Bakı İlahiyyat Kollecinin yaradılması ilahiyyat elminin inkişafına verilən töhfədir“ - MÜNASİBƏT BİLDİRİLDİ

“Bakı İlahiyyat Kollecinin yaradılması ilahiyyat elminin inkişafına verilən töhfədir“ - MÜNASİBƏT BİLDİRİLDİ

“Bakı İlahiyyat Kollecinin yaradılması din xadimlərinin daha gənc yaşlardan etibarən hazırlanmasına, Azərbaycan İlahiyyat İnstitutuna kollecdən qəbul ediləcək abituriyentlərin daha hazırlıqlı olmasına geniş imkanlar yaradacaq. İnstituta qəbul edilən tələbələrin bir qisminin dini biliyi olmur və ya zəif olur. Bu da tədris zamanı çətinliklər yaradır”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan İlahiyyat İnstitutunun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru dosent Mübariz Camalov deyib. Onun sözlərinə görə, kollecdə təməl dini biliklər əldə edən tələbələrin yüksəkixtisaslı kadr kimi yetişməsi daha uğurlu olacaq:

“Həm dünya, həm də İslam ölkələrinin təcrübələrində din xadimlərinin yetişdirilməsinə erkən yaşdan başlanıldığının şahidi oluruq. Belə olduğu halda, müəyyən yaşa çatan yeniyetmənin din xadimi olaraq yetişməsi daha effektiv nəticələr əldə etməyimizə gətirib-çıxarır. Kollecin yaradılması, IX sinifdən başlayaraq qəbul həyata keçirilməsi bu istiqamətdə olduqca uğurlu addımdır. İnanırıq ki, din xadimi olmaq istəyən övladlarımız ilkin biliklər almaq üçün Bakı İlahiyyat Kollecini seçəcəklər. Bu təhsil müəssisəsində onların doğru və düzgün dini biliklər əldə etmələri üçün hər cür şərait yaradılacaq.

“İnsanlar əksər hallarda dinə yönləndirməklə dini təhsilə istiqamətləndirməyi bir-birinə qarışdırırlar. Ümumiyyətlə, uşaqları istər dinə, istərsə də dini təhsilə erkən yaşlarda məcburi formada yönləndirmək yanlışdır. Valideynlər övladlarının İslam dinini doğru şəkildə anlayıb, ona uyğun yaşamasını istəyə bilərlər,amma bunun üçün onları dini təhsil almağa məcbur etmək olmaz. Dini təhsil almaq, artıq həmin insanın bir mütəxəssis olaraq yetişməsi, müəyyən vəzifələri həyata keçirməsi üçün ixtisaslaşmasıdır. Ümumiyyətlə, valideynlər övladlarını hər hansı bir ixtisasa məcbur etməməlidirlər. Belə olan halda məcbur edilərək yönləndirilən gənclərdə həmin sahəyə qarşı sevginin yaranmadığının şahidi oluruq. Gəncləri yönləndirmək əvəzinə, sevdirərək təhsilə istiqamətləndirmək daha məqsədəuyğundur.

Sovet dönəmində, müstəqillikdən əvvəl dini təhsil mövcud deyildi. Müstəqillikdən sonra qismən pərakəndə, qismən də ali təhsil müəssisələrində din təhsili verilməyə başlandı. Gənc, müstəqil dövlət olduğumuzu nəzərə alsaq, ölkədə dini təhsil arzuolunan səviyyədə deyildi. Xüsusilə din xadimləri və alimlərinin yetişməsi üçün xeyli yol qət etməyə ehtiyacımız var. Bu baxımdan, 2018-ci ilin fevral ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutunun təsis edilməsi, eyni zamanda, 2023-cü ilin dekabrında Nazirlər Kabinetinin qərarı ilə Bakı İlahiyyat Kollecinin yaradılması ölkədə dini təhsilə, savadlı mütəxəssislərin yetişdirilməsinə və ilahiyyat elminin inkişafına verilən töhfədir. Xalqımızın yerli, milli din xadimlərinə ehtiyacı vardır. Azərbacan İlahiyyat İnstitutu və Bakı İlahiyyat Kollecinin bu vəzifənin öhdəsindən uğurla gələcəyinə inanırıq”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə