İnkluziv təhsilin mənfi və müsbət cəhətləri nədir? - EKSPERT AYDINLIQ GƏTİRDİ
“Sağlamlıq imkanları məhdud şagird və tələbələrin rastlaşdığı bir çox problem var ki, onlar inkluziv cəmiyyətin yaranmasına və ümumiyyətlə təhsilli əhalinin yetişməsinə ciddi əngəllər törədir. Belə ki, müyəssər infrastrukturun olmadığı bir şəraitdə təhsillə bağlı proqramlar heç bir ciddi effekt verə bilməz. Hal-hazırkı nəqliyyat strukturu və küçələrin, yolların quruluşu sağlamlığı məhdud şəxslərin müstəqil hərəkətinə ciddi maneələr törədir. Hətta dövlət qurumları, təhsil müəssisələri və şirkətlərin bir çoxunun binası da müyəssərlik cəhətdən geri qalırlar”. Bu sözləri SİA-ya açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov deyib.
Ekspert bildirib ki, qonşu Türkiyənin və inkişaf etmiş Britaniyanın bu sahədəki işi ölkəmiz üçün nümunə sayıla bilər: “Hər iki ölkədə sağlamlıq imkanları məhdud şəxslərə əlavə imtahan müddəti verilməklə yanaşı, onlar ehtiyaclarına uyğun imtahan materialları ilə də təmin edilirlər. Ali təhsil müəssisəsinə qəbul olan tələbə isə nə dövlət, nə də universitetdən heç bir maddi dəstək almır. Belə dəstəyin olmaması qaçılmaz olaraq aşağı təminatlı ailələrdən gələn tələbələrin yolunu bağlayır. Təhsil haqqından başqa təhsillə bağlı dəstəkləyici texnoloji avadanlıqların da alınmasını vacib hesab etsək, o zaman tələbənin nə qədər maddi çətinlik çəkdiyini başa düşə bilərik.
Britaniyada 12 milyon sağlamlıq imkanları məhdud insan yaşayır ki, bunun da 43%-i yaşlı əhali qrupuna, 16%-i əmək qabiliyyətini cavan yaşlarında itirmiş əhalinin payına düşür. 2015-ci ildə Təhsil Departamentinin açıqladığı məlumata görə, ölkədəki şagirdlərin təxminən 18%-i bu və ya digər formada sağlamlıq imkanlarının məhdudiyyətindən əziyyət çəkir.7 Güclü təhsil sistemi ilə ad çıxarmağına baxmayaraq, Britaniyada da sağlamlıq imkanları məhdud şəxslərin nəzərə çarpacaq dərəcədə qismi ya yalnız orta məktəb təhsilinə sahibdirlər, ya da heç bir təhsilləri yoxdur. Aparılan araşdırmalara görə, sağlamlıq imkanları məhdud insanların təxminən 30%-i heç bir təhsil dərəcəsinə sahib deyildir.
Türkiyə əhalisinin (təxminən 70 milyon) 12,5%-i, yaxud 8,500,000-i sağlamlıq imkanları məhdud şəxs sayılır. 15 Bunlardan 1,100,000-i 4-18 yaş arası uşaq və yeniyetmələrdir. 16 2014-2021-ci il hesabatına əsasən, ölkədə sağlamlıq imkanları məhdud 259,282 uşaq və şagird (160,866-ı oğlan) təhsil almışdır. Bunlardan 160,000- dən çoxu sağlamlıq problemi olmayan həmyaşıdları ilə birlikdə orta məktəb təhsili almışlar ki, bu da inkluziv təhsilin müəyyən dərəcədə geniş yayıldığına dəlalət edir.
Ölkə əhalisinin 10,7%-i (137,710) sağlamlıq imkanları məhdud şəxslərdən ibarət olan Estoniyada bu qrupun 9214 nəfəri 0-15 yaş arası uşaq və yeniyetmələrdən ibarətdir. Avropa Birliyinə 2021-cü ildə qoşulan Estoniyada sağlamlıq imkanları məhdud uşaq və tələbələrin təhsillə təminatı istiqamətində nəzərə çarpacaq işlər görülmüşdür.
Hal-hazırda Azərbaycan təhsil sistemində inkluziv təhsil sistemi mövcud deyildir. Buna görə də sağlamlıq imkanları məhdud şəxslər xüsusi təhsil ocaqlarında təhsil alırlar. Lakin sevindirici haldır ki, Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının Fəaliyyət Planında yaxın gələcəkdə (2015-2023) məktəbəqədər və ümumi təhsil müəssisələrinin inklüziv təhsil üzrə məqsədli əlavə təhsil proqramlarının hazırlanması və həyata keçirilməsi nəzərdə tutulmuşdur. Effektiv təhsilin və dolğun inkluziyanın təmin edilməsinin başlıca yollarından bir neçəsi infrastrukturun müyəssərliyi, sağlamlıq imkanları məhdud şəxslər üçün adekvat vasitələrin təminatı və sağlamlıq imkanları məhdud şəxslərə uyğun tədris materiallarının hazırlanmasıdır. Estoniyada olduğu kimi, Azərbaycanda da məktəblərin xüsusi ehtiyacları olan şagirdlər üçün proqram hazırlaması və bu məsələyə məsul koordinator təşkil etməsini təklif edirik. Bundan başqa, sağlamlıq imkanları məhdud şəxslər üçün fərdiləşdirilmiş adekvat kurrikulumların hazırlanaraq həm xüsusi təhsil ocaqlarında, həm də normal məktəblərdə tətbiq edilməsi inkluziv təhsilin inkişafına dəstək ola bilər.
Görmə qüsuru olan uşaqlar üçün xüsusi məktəblərin təcrübələrinin öyrənilməsi göstərdi ki, xarici dilin öyrənilməsi zamanı şagirdlərlə tədrisə xüsusi metodiki yanaşma korrektiv-pedaqoji işin müasir təşkili sahəsi az işlənib hazırlanmışdır. Korların və zəif görənlərin hiss və görmə ilə mənimsəmələri üçün lazımi vəsaitlərin ciddi çatışmazlığı hiss olunur; böyüdülmüş və relyefli şrift ilə çap edilmiş vəsaitlər yoxdur, ümumi məktəblər üçün olan mövcud vəsaitlər isə görmə qüsuru olan uşaqlara az münasibdir. İbtidai məktəbdə xarici dilin tədrisinə 2-4-cü siniflərdə həftədə 1 saat ayrılır, bu da ilkin mərhələdə intensiv tədris prinsipinə ziddir. III və IV tip xüsusi (korreksiyaedici) ümumtəhsil müəssisələrində xarici dilin öyrənilməsindən danışdıqda öyrənənlərin psixofiziki xüsusiyyətlərini nəzərə almaq vacibdir, bunlar da növbəti əlamətlərə görə fərqlənirlər:
– görmə qabiliyyətinin pozulmasının xarakteri və dərəcəsi (tam korluqdan orta dərəcəli uzağı görməməyə qədər; qlaukoma; anadangəlmə katarakta; görmə sinirinin atrofobiyası; vaxtından qabaq doğulmuşların retinopatiyası və s.);
– intellektual inkişafın səviyyəsi (yüksək normadan yüngül səviyyəli intellektual çatışmazlığa qədər); – somatik xəstəliklərin mövcudluğu (bronxial astma, ürək damar sistemi xəstəlikləri, mədə-bağırsaq traktı xəstəlikləri, diabet, müntəzəm soyuqdəymələr);
– nevroloji simptomatika (asten-vegetiv pozuntular, nevropatiya, enurez, uşaq tserebrial iflici, SDVQ); – psixi pozuntuların mövcudluğu (epilepsiya, uşaq şizofreniyası);
– nitq pozuntularının olması (müxtəlif ağırlıqlı dizartriyanın olması, loqonevroz, rinolaliya, FFN, kəkələmə, nitq inkişafının gecikməsi);
– digər halların mövcudluğu (endokrinal pozuntular, allergiya, neyrodermit). Xarici dilin öyrənilməsi tədris və kommunikativ məqsədlər güdür, göstərir ki, xarici dillə ana dili də daxil olmaqla məktəbin digər inzibati tələbləri arasında necə böyük fərq var, çünki orada kommunikativ tapşırıq əsasən oxuyanlar məktəbə daxil olana qədər artıq həll edilmişdir.
Görmə qüsuru və psixi geriliyi olan uşaqların xarici dili nisbətən müvəffəqiyyətli mənimsəmələri üçün fərdi yanaşma tələb olunur, yəni xarici dil müəllimi ilə gündəlik fərdi çalışmalar, bu da xüsusi məktəbin müasir şəraitində, demək olar ki, imkansız görünür.
Xarici dil tədris predmeti kimi görmə qüsuru olan uşaqların əqli əməyinə əhəmiyyətli tövhə verir. Uşaqlarda lüğətdən, qrammatik məlumat kitabçalarından istifadə, tapşırılmış alqoritm üzrə tapşırıqların yerinə yetirilməsi, zəif görənlər və korlar üçün nəzərdə tutulmuş xüsusi kompyuter ləvazimatları və proqram təminatını istifadə edərək öyrədən kompyuter proqramları çərçivəsində işləmək kimi qabiliyyətlər inkişaf edir. Bütün bunlar sərbəst işləməyə kömək edir, özünüöyrətmə tələbatının inkişafı üçün zəmin yaradır.
Uşaq bağçasında da inteqrasiya olunmuş kor uşaqların öz çətinlikləri var. Kor körpələrin rejimli anları çətin gedir. Məsələn, istirahət vaxtı o, yatağa girməkdən imtina edir. Qrupdakı kor uşaqlar çox vaxt başqa uşaqlara mane olur: bir qayda olaraq, onlara oyuncaqlardan düzgün istifadə etməyi başa salmayana kimi, onlar oyuncaqlardan tamamilə istifadə edə bilmirlər. Onlara başqa uşaqlarla qarşılıqlı əlaqədə olmağı xüsusən başa salmaq lazımdır, əks təqdirdə, onlar gözü görən digərləri ilə oynaya bilməyəcəklər. Bundan başqa, qrupda gözü görən bütün uşaqlara kor uşaqlarla oynamağı öyrətmək lazımdır. Hətta adi ünsiyyəti də öyrətmək lazımdır.
Sağlam uşaqlarla inkişaf qüsurları olan uşaqların bir yerdə təhsil almasına dair mübahisələr indiyədək səngimək bilmir. Əlil uşağın uşaq bağçasında kollektivlə konfliktdən yayınmasına və təhsil proqramının öhdəsindən gəlməsinə necə kömək etmək olar, necə etmək olar ki, o, dərslərdə yorulmasın və özünə inamını itirməsin. Hər bir uşağın təhsil hüququ var. Səhiyyə və təhsil orqanları onu məhdudlaşdırmır. Bu prosesdən hər iki tərəf udur. Bununla yanaşı, hələ bilinmir hansı tərəf daha çox qazanır – buna daha çox ehtiyacı olan əlil uşaq, yoxsa xeyirxahlıq və tolerantlıq dərsləri keçən adi uşaqlar”.
Bütün xəbərlər Facebook səhifəmizdə