"Müəllimlərə güzəşt kartının verilməsi dünyanın bir çox ölkələrində var" - AYDINLIQ GƏTİRİLDİ
"Müəllimlərə güzəşt kartının verilməsi dünyanın bir çox ölkələrində var". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu deyib.
O bildirib ki, hətta elə ölkələr var ki, müəllim balansına, büdcəsinə 1000 avroya qədər qənaət etmiş olur: "Azərbaycanda da bu, gözəl addımdır, təqdirəlayiqdir və alqışlanmalıdır. Müəllimlərin müəyyən xərclərinin qarşısının alınması, müəyyən xərclərində güzəştlərin əldə edilməsi yaxşı haldır.
Bu güzəştlər ictimai nəqliyyat, metro ola bilər, ərzaq, kitab mağazalarında endirimlərin olması ola bilər. Günlük istifadə olunan əşyaların alınmasında olan endirimlər ola bilər. Bu baxımdan çox təqdirəlayiq olar. Ümumiyyətlə, Azərbaycan müəllimi mükafata, güzəştə, təbrikə layiq müəllimdir. Bu baxımdan da güzəşt kartlarının müəllimlərə şamil olunması müsbət qiymətləndirilməlidir. Düşünürəm ki, həm bu, müəllimlərin müəyyən qədər maddiyyatına kömək etmiş olar, həm də stimul olar ki, müəllim olmaq istəyən şəxslərin sayı çoxalsın.
Təbii ki, bu güzəştlər genişlənməlidir. Özəl səhiyyə sistemində də tətbiq olunmalıdır. Eləcə də, restoran, kafe, kitabxanalar, müəllimlərin daha çox istifadə etdiyi ortalıqda olması düşünürəm ki, daha təqdirəlayiq olar. Amma xüsusilə də, ictimai nəqliyyatın siyahıya daxil olması olduqca önəmli olar. Çünki bu gün Azərbaycan müəlliminin ən çox istifadə etdiyi ictimai nəqliyyatdır. Bu nəzərə alınsa, daha çox effektini verə bilər. Amma bu endirimlərin brend mağazalarda, daha bahalı yerlərdə olması düşünürəm ki, effektini verməz. Çünki realdır ki, müəllimlərin çox az hissəsi bunlardan istifadə edir".
Bütün xəbərlər Facebook səhifəmizdə