“Təhsildən yayınma küçə uşaqlarının sayının artımını qaçılmaz edəcək” - EKSPERT MÜNASİBƏT BİLDİRDİ

“Şagirdlərin dərsdən yayınması təhsil təcrübəmizin müxtəlif illərində fərqli səviyyələrdə təzahür edib və bu kimi halların qarşısını almaq üçün müxtəlif formalarda mübarizə aparılıb. Sovet dönəmində mövcud təlimata əsasən rüb ərzində 40 saat dərs buraxan şagird proqram materialını mənimsəməmiş, biliyi isə qiymətləndirilməmiş hesab olunaraq, həmin şagirdin müvafiq olaraq payız imtahanına cəlb edilməsi və ya təkrar sinifdə saxlanılması barədə qərar çıxarılırdı. Türkiyə təhsil sistemində tətbiq olunan qaydalara əsasən il ərzində 29 gün dərs buraxılması üzrlü sayılır, 30-cu günə keçdikdə artıq bu şagirdin ziyanına hesablanır və o, təkrar sinifdə saxlanır”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Nadir İsrafilov deyib.

Onun sözlərinə görə, 2015-ci ildə vəziyyətdən çıxış yolu kimi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu ilə İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında İnzibati Xətalar Məcəlləsinə edilən yeni dəyişikliklər layihəsi müzakirəyə çıxarılarkən bu məsələ bir daha gündəmə gətirildi: “Nəzərdə tutulan dəyişikliyə görə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla, dünyəvi icbari ümumi orta təhsil üzrə dərs gününün şagird tərəfindən 1 ay ərzində 7 gündən çox buraxılmasına görə 100 manat miqdarında cərimə tətbiq edilir. Qaldırılan məsələ təhsil cəmiyyətində birmənalı qarşılanmadı.

Məsələnin həlli düşündüyümüz qədər də sadə və asan olmasa da, bununla belə hər şeydən əvvəl dərsdən yayınmanın səbəbləri hərtərəfli araşdırılmalı, geniş müzakirə olunmalı, yaranan vəziyyətdən çıxış yolu kimi ilk növbədə daxili nizam-intizam qaydalarının gücləndirilməsi üzrə məktəblə yanaşı valideynlərin və şagirdlərin məsuliyyətinin artırılması istiqamətində ciddi addımlar atılmalıdır. Əks təqdirdə, dərsdən yayınma təhsildən yayınmanı, təhsildən yayınma isə küçə uşaqlarının və erkən nikahların sayının artımını qaçılmaz edəcək”.

Nadir İsrafilov sözlərinə belə davam edib: “Səbəb kimi nəyi görürəm. Elmi-texniki tərəqqi, yüksək texnologiyaların insani münasibətlərin önünə keçməsi əsas bilik ötürücüsü kimi məktəb, müəllim faktorunu böyük ölçüdə arxa plana keçirib. Başqa sözlə ifadə etsək, müəllim məktəbdən, şagird müəllimdən uzaq düşüb. Korporativ maraqların əksinə olaraq məktəb mühitinin deformasiyaya uğramasının qarşısı alınmalı, müəllim və şagird məktəbə qaytarılmalıdır.

Məktəb kollektivi və valideyn icmaları arasında qarşılıqlı münasibətləri tənzimləyən əməkdaşlıq konsepsiyası hazırlanmalıdır. Bu qarşılıqlı münasibətlərin təşkil edilməsi və tənzimlənməsinin vahid sistemi yaradılmalıdır. Məktəb rəhbərlərinin pedaqoji kollektivlə valideyn resurslarından səmərəli istifadə etmə istiqamətində apardıqları işin effektivliyi artırılmalı müəllimlərin valideynlərlə apardığı iş gücləndirməli, valideynlərin məktəb həyatına cəlb olunması mexanizmi, onların təhsilin imkişafında iştirakı, məktəbə dəstək imkanlarını müəyyənləşdirən konsepsiya ortalığa qoyulmalıdır. Şagirdlərin internetdən asılılığını məhdudlaşdırmaq istiqamətində iş aparılmalıdır. Məktəblərimizin repetitor və hazırlıq kurslarının əlavəsinə çevrilməsinə, qeyri-rəsmi fəaliyyət növünün rəsmi fəaliyyət növünü üstələməsinə yol verilməməsi üçün müvafiq addımlar atılmalıdır. Nə qədər ki, rəsmi fəaliyyət sahiblərinin görməli olduğu işi qeyri-rəsmi fəaliyyətlə məşğul olanlar görəcək, Nə qədər ki, dərs deməyə müəllimin, dərs dinləməyə şagirdin həvəsi olmayacaq, dərsdən yayınmalar da bir o qədər qaçılmaz olacaq...”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə