İxtisas seçimi zamanı nələrə diqqət etmək lazımdır? - TƏHSİL EKSPERTİ AYDINLIQ GƏTİRDİ

“İxtisas seçimi mərhələsində üç əsas məsələyə toxunulur. Bunlardan birincisi hansı ixtisas, ikincisi hansı universitet, üçüncüsü isə ixtisasın ödənişli və ya dövlət hesabına olması məsələsidir. Bu prosesdə ən böyük problem abituriyentin seçəcəyi ixtisası dəqiqləşdirməməsidir. Bu, çox ciddi bir problemdir. Belə ki, bu gün yüzlərlə, bəlkə də minlərlə insan tanıyırıq ki, onlar ali təhsil aldığı sahə üzrə çalışmırlar. Bu, onu göstərir ki, onlar vaxtilə düzgün ixtisas seçimi etməyib və ya əmək bazarını doğru qiymətləndirməyib”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Cahid İmanlı deyib.

“Sırf ixtisasla bağlı onu qeyd edim ki, əslində, Dövlət İmtahan Mərkəzi hazırkı prosesdən xeyli qabaq ixtisas qrupları elan edir. Bildiyiniz kimi, beş ixtisas qrupu var. Abituriyentlər əvvəlcə qruplarını seçir, yəni maraq dairələrini müəyyənləşdirirlər. Abituriyentlər kodlaşdırmaya gələnə qədər istədikləri ixtisası müəyyən etməlidir”- deyə o əlavə edib.

Ekspert sözlərinə davam edərək bildirib ki, abituriyentlər adətən paytaxtda yerləşən ali təhsil müəssisələrinə üstünlük verirlər: “Hətta onlar universitetin şəhərin hansı hissəsində yerləşməsinə belə fikir verirlər. Lakin abituriyentlər ilk növbədə universitetin ixtisaslaşmış olmasına fikir verməlidir. Məsələn, əgər onlar iqtisadyönümlü ixtisas seçiblərsə, bu zaman Azərbaycan Dövlət İqtisad Universitetinə və ya xarici dil üzrə mütəxəssis olmaq istəyirlərsə Azərbaycan Dillər Universitetinə müraciət etməlidirlər. İkinci məsələ isə universitetin prestijidir. Abituriyentlər fikir verməlidir ki, onlar həmin universitetdə ali təhsili başa vurduqdan sonra işlə təmin olunmaq məsələsi nə dərəcədə önəmlidir. Bu baxımdan özəl universitetlər içində Xəzər Universitetinin reytinqi daha yüksəkdir. Ona görə də yüksək bal toplamış abituriyentlərin həmin universiteti seçməsi təsadüfi deyil.

Üçüncü məsələ olan təhsili ödənişli və ya dövlət hesabına başa vurmaq da mühüm rol oynayır. Çünki əvvəlcə ödənişli ixtisas seçib daha sonra ikinci və ya üçüncü kursdan maddi çətinlikdən dolayı universiteti tərk edən tələbələr olur. Ona görə bu məsələyə də xüsusi diqqət etməlidirlər”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə