Əjdər İsmayılovun 85 illik yubileyinə həsr edilmiş elmi sessiya keçirilib - YENİLƏNİB-FOTOLAR

İyunun 8-də AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında görkəmli tarixçi, filoloq-türkoloq, filologiya elmləri doktoru, professor Əjdər İsmayılovun anadan olmasının 85 illik yubileyinə həsr edilmiş elmi sessiya keçirilib. SİA xəbər verir ki, tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, AR Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, yazıçı-publisist Yunus Oğuz, Ədəbiyyat İnstitutunun, Dilçilik İnstitutunun, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşları və aidiyyəti şəxslər iştirak ediblər.

Sessiyanı giriş sözü ilə açan akademik İsa HəbibbəyliƏjdər İsmayılovun elmi fəaliyyəti ilə yanaşı, Azərbaycanın müstəqilliyinin qorunması uğrunda mübarizənin əsas fədakarlarından biri olduğunu deyib. Qeyd edib ki, bənzərsiz şəxsiyyəti ilə seçilən Əjdər İsmayılov zahirən çılğın, emosional görünsə də, hər zaman onun niyyətində xeyirxahlıq, insanlıq dayanıb və bu, onun obrazını, simasını müəyyən edən keyfiyyətlərdir.

Professor Əjdər İsmayılovun Azərbaycan ədəbiyyatşünaslıq elminə mühüm töhfələr verdiyini bildirən AMEA rəhbəri onun Hüseyn Cavid haqqında apardığı silsilə tədqiqatlarla Azərbaycan ədəbiyyatının tanınmış simalarından birinə çevrildiyini söyləyib.Diqqətə çatdırıb ki, Əjdər İsmayılov ötən əsrdə Hüseyn Cavidlə bağlı tədqiqatlar apararkən görkəmli ədibə yenicəbəraət verilmişdi və Cavid araşdırmaçıları öz işlərini ehtiyatla görürdülər: “Əjdər İsmayılov isə Cavid sənətinə bağlı olduğu üçün çəkinmədən tədqiqatlarını aparmış,cavidşünaslar arasında öz sözünü demişdir. Onun xarakteri qətiyyən dəyişməmişdir. O, təkcə Hüseyn Cavid haqqında tədqiqatlar aparmamış, bütövlükdə Cavid uğrunda mübarizə aparmışdır. Ötən əsrdə müqayisəli tipoloji tədqiqatlar aparılarkən ya Qərbi, ya da SSRİ-ni əsas götürərək, “böyük qardaş”a ehtiyac duyulardı. Əjdər İsmayılov isə belə yanaşmalara əhəmiyyət verməzdi. “İblis”in mənşəyini Qərb ədəbiyyatında deyil, Şərq mədəniyyətinin dərin qatlarında axtarırdı. Bu, onun ədəbi siması idi”.

AMEA prezidenti bildirib ki, Əjdər İsmayılovun ədəbiyyatşünaslıq, tarix, dilçilik, türkologiya və digər sahələrdə apardığı bütün tədqiqatlarda vətənpərvərlik, azərbaycançılıq mövqeyi vardı. Qeyd edib ki, Əjdər İsmayılov “Moisey Xorenatsi anonim keşiş müəllifdir”, “Mesrop Maştos əlifba ixtiraçısı deyil, fırıldaqçı anonim keşişdir” kimi uydurma tarix və şəxsiyyətlərlə bağlı ciddi əsərlər ortaya qoyub, Albaniya ilə bağlı önəmli araşdırmalar aparıb və həmin tədqiqatlar bu gün Albanədəbiyyatını, mədəniyyətini, ictimai fikrini öyrənənlər üçün qiymətli mənbələrdir.

Əjdər İsmayılovun ölkəmizin ictimai-siyasi həyatında da yaxından iştirak etdiyini vurğulayan akademik İsa Həbibbəyli onun Heydər Əliyevin ən yaxın silahdaşlarından və məşhur “91-lər”dən olduğunu, HeydərƏliyevçilik uğrunda sonacan, qətiyyətlə, təmənnasız mübarizə apardığını bildirib.

Diqqətə çatdırıb ki, Yeni Azərbaycan PartiyasınınVeteranlar Şurası yaradılarkən ölkə başçısının etimadı ilə Əjdər İsmayılov şuranın üzvü seçilib və bu, Prezident İlham Əliyevin Əjdər İsmayılovun fəaliyyətinə verdiyi ədalətli qiymət idi.

Bu gün onun oğlu Cavid İsmayılın atasının irsinin təbliğində fəal çalışdığını deyən akademik İsa Həbibbəyli tədqiqatları ilə onun yolunu davam etdirdiyini deyib və Əjdər İsmayılovun daim qəlblərdə yaşayacağını söyləyib.

AR Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov isə çıxışında Əjdər İsmayılovu gənclik illərindən tanıdığını və onun daim əhatəsində olan gənclərə dəstək göstərdiyini bildirib. Qeyd edib ki, Azərbaycanın dövlət müstəqilliyi təhlükə altına düşdüyü bir zamanda Əjdər İsmayılov sakit dayana bilməzdi və konstitusiyadakı “yaş həddi” bəhanəsi ilə Heydər Əliyevin hakimiyyətinə və şəxsiyyətinə yönəlmiş maddəyə etiraz olaraq 1992-ci ilin aprel ayındakeçirilən mitinqin əsas təşkilatçılarından idi.

“Əjdər İsmayılovun Heydər Əliyevə bəslədiyi böyük məhəbbətin səbəbi nə ola bilərdi? Bu, Ulu Öndərin Hüseyn Cavidə, onun nəşinin ölkəmizə gətirməsindən, Turançılığa olan sevgisindən qaynaqlana bilərdi.Naxçıvandan başlayan Turançılıq bu gün Türk Dövlətləri Təşkilatına çevrilib. Bəlkə də sovet hakimiyyəti illərində Heydər Əliyevin azərbaycançılıq sevgisini görmüşdü.Bəlkə də öz arzularını və xalqının gələcəyini müdafiə etmək üçün Heydər Əliyevə bu qədər bağlıydı?”, - deyə Sadiq Qurbanov bildirib.

Qeyd edib ki, bu gün ölkə başçımızın Türk dünyası istiqamətində atdığı addımlar Azərbaycan xalqının işıqlı gələcəyinə xidmət edir və bu yolda çalışmaq, xidmət etmək borcumuzdur.

Sessiyada, həmçinin AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədli, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Tahirə Məmməd, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun şöbə müdiri, professor Qafar Cəbiyev və yazıçı-publisist Yunus Oğuz çıxış edərək alimin ictimai-siyasi fəaliyyətindən, apardığı ədəbi, tarixi, albanşünaslıq, dil, filologiya sahəsindəki tədqiqatlardan danışıblar.

Sonda Əjdər İsmayılovun oğlu iqtisadçı alim, hüquqşünas Cavid İsmayıl çıxış edərək atasının 85 illik yubileyi ilə bağlı respublika ərazisində tədbirlərin keçirilməsi münasibətilə ölkə başçısına minnətdarlığını bildirib. Həmçinin bugünkü tədbirin təşkilatçılarına və iştirakçılarına Əjdər İsmayılovun xatirəsini yad etdikləri və əziz tutduqları üçün təşəkkür edib.

Bütün xəbərlər Facebook səhifəmizdə