"Tədrisin məzmunları ilə bağlı ciddi problemlərimiz var" - EKSPERT AYDINLIQ GƏTİRDİ

“Məktəbəqədər təhsildə əhatəlilik baxımından həqiqətən də ciddi problemlərimiz var. Artıq məktəbəqədər təhsil müəssisələri Elm və Təhsil Nazirliyinin balansına verilib. Amma təkcə regionlarda deyil, Bakının özündə belə məkətəbəqədər təhsilin əhatəliliyi baxımından Azərbaycanda çox ciddi problemlər var”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti İlqar Orucov bildirib.

Onun sözlərinə görə, bu əhatəliliyi təmin etmək kifayət qədər zaman tələb edən bir məsələdir: “Hətta mən hələ məktəbəqədər təhsildə məzmun problemindən danışmıram. Çünki məktəbəqədər təhsilin əhatəliliyi nə qədər böyük problemdisə, məzmun problemi də kifayət qədər çoxdur. Eyni zamanda ibtidai təhsildə də çox ciddi problemlər və xeyli boşluqlar var. Bu boşluqlar həm də müəyyən zaman ərzində yığılmış problemlərdir. Burada məktəb mühitində məzmun problemindən tutmuş, bütövlükdə müəllim ilə bağlı da ciddi problemlər var.

Daha sonra isə orta və tam ümumtəhsil səviyyəsində də xeyli çətinliklər var. Məktəb infrastrukturunun yenilənməsi ilə bağlı son illərdə nə qədər böyük işlər görülsə də problem tam olaraq öz həllini tapmayıb. Xüsusilə Heydər Əliyev Fondununun və Fondun prezidenti Birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycanda yeni məktəb infrastrukturunun formlaşdırılması istiqamətində olduqca böyük işlər görülüb. Amma görünən budur ki, məktəb infrastrukuturu ilə bağlı bizim böyük problemlərimiz var. Məsələn 1500 şagird tutumu olan məktəbdə 4000 şagird təhsil alırsa, bu həqiqətən ciddi problemdir. Bu halda Nazirlər Kabinetinin qəbul etdiyi normaldan üç dəfə artıq şagird təhsil alırsa, bu təbii ki, birbaşa təhsilin keyfiyyətinə öz təsirini göstərir. Bu baxımından da hesab edirəm ki, məktəb infrastrukturunun yenilənməsinə çox ciddi ehtiyac var. Eyni zamanda məktəb direktorları ilə bağlı da problemlər mövcuddur. Hansı ki, bu problemin həll yolu təkcə Elm və Təhsil Nazirliyindən keçmir. Cəmiyyət də bu məsələ də öz mövqeyini və dəstəyini göstərməlidir.

Müəllim probleminə isə çox böyük önəm verirəm. Müəllimlərin peşəkarlığı çox vacib bir məsələdir. Bu problem həqiqətən də zaman-zaman özünü göstərir. Tədrisin məzmunları ilə bağlı da bizim ciddi problemlərimiz var. Bu təkcə orta təhsil bazasına aid deyil. Eyni zamanda bu problemlə biz ali təhsil pilləsində də rastlaşırıq. Bütün bu istiqamətlərdə müəyyən işlər, tədbirlər görülür, lakin daha çox işlərin görülməsinə ehtiyac var”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə