Kilo ilə satış zamanı qiymətin formalaşması hansı meyarlara əsaslanır? - İQTİSADÇI AÇIQLADI

“Özbək bazarında ikinci əl məhsulların satışı əsasən aşağı gəlirli əhali üçün alternativ alış imkanı yaradan bir seqment kimi formalaşıb. Bu bazarlarda alıcı davranışı klassik istehlak bazarlarından xeyli fərqlənir: burada əsas seçim meyarı keyfiyyət, brend və ya estetika deyil, birbaşa qiymətdir. Yəni alıcılar üçün prioritet – minimum xərclə ehtiyacın ödənilməsidir”.

Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.

O bildirib ki, belə bazarlarda çeşid imkanları məhdud olur və məhsulların keyfiyyətinə görə seçim etmək imkanı da zəifdir:

“Bu isə bazar mexanizmlərinin, xüsusilə də rəqabət və keyfiyyət üzərindən seçim faktorlarının tam şəkildə formalaşmamasına səbəb olur. Nəticədə alıcı daha çox “nə varsa onu almaq” davranışı sərgiləyir.

Qiymətlərin formalaşmasında mühüm amillərdən biri məhsulların mənşəyidir. Daha ucuz istehsal olunan və ya keyfiyyət baxımından zəif hesab edilən ölkələrdən gətirilən mallar bazarda aşağı qiymətlə təklif olunur. Əksinə, əgər ikinci əl olsa belə, Avropanın tanınmış brendlərinə aid məhsullar daha yüksək qiymətə satılır. Bu da göstərir ki, hətta ikinci əl bazarında belə brend və mənşə amili müəyyən rol oynayır.

Digər tərəfdən, məhsulun tərkibi (parça keyfiyyəti), istifadədə aşınma səviyyəsi və mövsümi faktorlar da qiymətə təsir edir. Məsələn, qış mövsümündə isti geyimlərə tələbat artdığı üçün qiymətlər nisbətən yüksələ bilər.

Bu tip bazarların mövcudluğu təkcə sosial deyil, iqtisadi baxımdan da müəyyən üstünlüklər yaradır. Əvvəla, aşağı gəlirli əhali üçün əlçatanlıq təmin olunur. İkincisi isə istifadə olunmuş məhsulların dövriyyəyə qaytarılması tullantıların azalmasına və resursların daha səmərəli istifadəsinə səbəb olur.

Dünya təcrübəsində də bu cür bazarlar geniş yayılıb. Məsələn, London kimi böyük şəhərlərdə ikinci əl mağazalar və bazarlar həm sosial, həm də ekoloji baxımdan aktiv rol oynayır. Bu, göstərir ki, belə bazarlar yalnız yoxsul təbəqəyə xas deyil, ümumilikdə istehlak mədəniyyətinin bir hissəsinə çevrilə bilir.

Rəqabət baxımından isə bu bazarlar əsasən aşağı və orta seqmentdə fəaliyyət göstərən tekstil satıcıları ilə rəqabət aparır. Xüsusilə qiymətə həssas alıcı kütləsini özünə cəlb etməklə həmin seqmentdən müəyyən müştəri axını yarada bilir.

Nəticə etibarilə, Özbək bazarı kimi ikinci əl satış məkanları bazar iqtisadiyyatında spesifik, amma sabit bir yer tutur. Bu bazarlar nə ümumi tekstil sektoruna ciddi zərər vurur, nə də onu əvəz edir. Sadəcə olaraq, cəmiyyətin müəyyən təbəqəsinin ehtiyaclarını qarşılayan paralel bir alış platforması kimi fəaliyyət göstərir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə