“Ermənistanın hansı yolu seçməsi onun gələcəyi baxımından böyük əhəmiyyət daşıyır” - ŞƏRH EDİLDİ

“Bu son səfərdən sonra bir reallıq daha aydın görünür: artıq uzun müddətdir belə bir gözlənti var idi ki, Azərbaycan regionda bir çox məsələlərin gündəmini müəyyən edən və proseslərə təsir göstərən ölkəyə çevriləcək. Bu gün bunun şahidi oluruq. Ermənistanın hansı yolu seçməsi və necə davranması onun gələcəyi baxımından böyük əhəmiyyət daşıyır. Azərbaycan da İrəvandan müəyyən addımlar gözləyir və diqqətlə müşahidə edir ki, atılan addımlar həqiqətən səmimi niyyətə əsaslanır, yoxsa sadəcə görüntü xarakteri daşıyır”.

Bu sözləri Operativ Media-ya açıqlamasında deputat Fazil Mustafa deyib.

O bildirib ki, hazırkı Ermənistan hakimiyyətinin yanaşması və siyasi fəlsəfəsi isə ölkəni qonşularla düşmənçilik münasibətlərindən çıxarıb əməkdaşlıq və normal münasibətlər qurmağa yönəlib. Bunun nə dərəcədə uğurlu olacağını və uzunmüddətli siyasətə çevrilib-çevrilməyəcəyini zaman göstərəcək:

“Hər halda, Prezident İlham Əliyevin çıxışlarının Ermənistanda diqqətlə izlənməsi təbiidir. Onun verdiyi mesajlar Ermənistan cəmiyyəti üçün ona görə önəmlidir ki, Azərbaycanın mövqeyinin nə qədər sabit, birmənalı və dəyişməz olduğunu göstərir. Bu da öz növbəsində sülh prosesinə daha inamlı və konstruktiv yanaşmanın formalaşmasına töhfə verə bilər. Bu baxımdan həmin mesajların əhəmiyyəti və faydası kifayət qədər böyükdür”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə