Bu gün dünyada, o cümlədən Azərbaycanda qida israfı ciddi problemlərdən biri hesab olunur. Qida israfı həm gündəlik istehsal olunan məhsullarda, həm də uzun müddət saxlanma yararlılığı olan ərzaqlarda müşahidə edilir. İstehlakçılar bəzən ehtiyaclarından artıq alış-veriş edir, aldıqları məhsulları düzgün şəraitdə saxlamır və ya normadan artıq yemək hazırlayırlar. Nəticədə istifadə olunmayan qidalar xarab olur və tullantıya çevrilir.
Bu fikirləri SİA-ya açıqlamasında Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova səsləndirib.
O bildirib ki, qida israfı yalnız istehlak mərhələsində deyil, istehsal və tədarük zəncirində də baş verir:
”Məhsulların daşınması, saxlanılması və istehsalı zamanı yol verilən səhvlər onların keyfiyyətinin aşağı düşməsinə səbəb olur, bəzi hallarda isə məhsullar satışa çıxarılmadan məhv edilir. Bu baxımdan istehsal qaydalarına əməl olunmaması və texnoloji xətalar qida israfının əsas səbəblərindən biridir.
Ekspertin sözlərinə görə, qida israfına təsir edən mühüm amillərdən biri də istehsal və logistika xərclərinin yüksək olmasıdır. Bəzi hallarda məhsulun maya dəyərinin artması alıcılıq qabiliyyətinin azalmasına səbəb olur və nəticədə satılmayan məhsullar məhv edilir. Eyni zamanda, bir çox istehlakçı qida israfının həm iqtisadiyyata, həm də ətraf mühitə vurduğu zərərlər barədə kifayət qədər məlumatlı olmadığından problem aktuallığını qoruyur.
Məhşəti Hüseynova qeyd edib ki, qida israfının qarşısını almaq üçün istehsal müəssisələrində daha effektiv texnologiyalar tətbiq edilməli, proseslər peşəkar mütəxəssislər tərəfindən idarə olunmalıdır. Məhsulun keyfiyyətini qorumaqla yanaşı, itkiləri minimuma endirən istehsal üsullarına üstünlük verilməlidir. Bununla yanaşı, məhsulların düzgün saxlanılması xüsusi əhəmiyyət daşıyır. Çünki yüksək risk qrupuna aid qidalar, istifadə müddəti uzun olsa belə, uyğun şəraitdə saxlanmadıqda xarab ola bilər.
Ekspert hesab edir ki, qida istehsalı zamanı yaranan artıq məhsulların təkrar emalı və alternativ məqsədlərlə istifadəsi də təşviq olunmalıdır. Məsələn, bəzi qida tullantılarından üzvi gübrələrin hazırlanmasında istifadə etmək mümkündür. Bundan əlavə, məktəblərdən başlayaraq ali təhsil müəssisələrinə qədər qida israfı və qidaların düzgün saxlanılması ilə bağlı maarifləndirmə tədbirləri gücləndirilməlidir. Kənd təsərrüfatı və qida istehsalı sahəsində çalışan şəxslər üçün mütəmadi təlimlərin keçirilməsi də vacib hesab olunur.
Onun sözlərinə görə, ən çox israf olunan qida məhsulları arasında çörək və un məmulatları xüsusi yer tutur. Bu məhsulların saxlanma müddəti qısa olduğundan tez köhnəlir və istifadə edilmədikdə tullantıya çevrilir. Buna görə də onları yalnız ehtiyac qədər almaq və düzgün şəraitdə saxlamaq tövsiyə olunur.
Meyvə və tərəvəzlər də ən çox israf olunan məhsullar sırasındadır. Xüsusilə isti aylarda onların saxlanılması daha çətin olur və tez xarab olurlar. Bu səbəbdən həmin məhsulların da yalnız lazım olan qədər alınması, artıq qalan hissəsinin isə konservləşdirilməsi, kompot hazırlanması və ya digər üsullarla emal edilməsi məqsədəuyğundur.
Ət və süd məhsulları da düzgün saxlanılmadıqda qısa müddətdə yararsız hala düşə bilir. Bəzən istehlakçılar həddindən artıq alış-veriş edir və məhsulları soyuducu və ya dondurucuda uyğun şəraitdə saxlamırlar. Bu isə onların xarab olmasına və israfa səbəb olur.
Hazır yeməklər və yarımfabrikat məhsullar da qida israfında mühüm paya malikdir. Müasir həyat tərzi səbəbindən bu məhsullardan istifadə geniş yayılsa da, onların saxlanma müddəti qısa olduğundan vaxtında istifadə edilmədikdə tullantıya çevrilirlər.
Mütəxəssis vurğulayıb ki, qida israfının qarşısını almağın ən effektiv yolu məhsulları ehtiyac qədər almaq, onları düzgün şəraitdə saxlamaq və artıq qalan qidaları mümkün olduqda təkrar emal etməkdir. Bu yanaşma həm ailə büdcəsinə qənaət etməyə, həm iqtisadi itkiləri azaltmağa, həm də ətraf mühitin qorunmasına töhfə verə bilər.
Lətifə Abdıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB