Qlobal internetin arxasında gizlənən həqiqətlər

İnternet və internet texnologiyalar ilə bağlı şəxsi münasibətinin məzmunundan asılı olmayaraq dünyada müşahidə edilən müasir tendensiyalarının təbiəti haqqında düşünən hər bir insan tez-gec o qənaətə gəlir ki, qlobal internet sosial mühəndisliyin universal aləti kimi qaçılmaz dəyişikliklərin katalizatorudur. Kiçik remarka: qlobal tendensiyalar, ideoloji tənəzzül, münaqişəli situasiyalar, sosial apatiya, ənənəvi dəyərlərin təhrif olunması, sosial məsuliyyətsizlik, siyasətdə populizmə meyillilik, sosial depressiya, etiraz mədəniyyəti, yanlış sosial-siyasi stereotiplər, estetik zövqün cılızlaşması və digər bu kimi təzahürlər məhz sosial mühəndisliyin “məhsuludur”. “Sosial mühəndisliyin” cəmiyyət və dövlət üçün nə dərəcədə qorxunc və hətta təhlükəli “silah” olduğunu indi hər kəs daha aydın şəkildə təsəvvür edə bilir. Hətta onu da əlavə edə bilərik ki, informasiya texnologiyaları dövründə “sosial mühəndislik” nüvə silahı kimidir: onun dağıdıcı və ya yaradıcı qüvvə olması sözügedən “silahdan” kimlər istifadə edəcəyindən asılıdır.

SİA xəbər verir ki, bu fikirlər politoloq Asif Adilin “Qlobal internetin arxasında gizlənən həqiqətlər” sərlövhəli məqaləsində yer alıb.

Yazıda, həmçinin bildirilir: “Mütəmadi olaraq dünyada müxtəlif siyasi stressli situasiyalara şahidlik edən müasir vətəndaş çoxdan təxmin edib ki, qlobal gücləri təmsil edən nəhəng maliyyə və informasiya korporasiyaları reallaşdırdıqları layihələrinin əsasında heç də onların “dünyasevərliyi” dayanmır. Uzun onilliklər ərzində dünya ölkələrinin cəmiyyətlərinə xas olan “siyasi sadəlövhlük” adlı sosial-mədəni keyfiyyət antik mədəniyyət nümunələri kimi tədricən tarixə qovuşur. Qlobal internet siyasəti əlçatan edib, “yanlış həqiqətləri” tirajlayan informasiya mənbələrinin sayı isə sürətlə artır. Bununla da öncə mədəniyyət və incəsənətimiz, sonra ictimai-siyasi münasibətlərimiz mənəvi “əyləclərdən” məhrum oldu, bəzi proseslər isə geriyədönməz səviyyəyə qədər inkişaf etdi.

Dünyada informasiya bolluğunun yaranmasının əsas “səbəbkarı” olan internetin bəzi xüsusiyyətlərini və milyonlarla “informasiya tullantılarının” mövcudluğunu nəzərə alaraq, şahidlik etdiyimiz informasiya bolluğunun heç də təsadüfi təzahür olmadığını rahat şəkildə isbat edə bilərik. Burada tərəddüdsüz onu da əlavə etməliyik ki, “informasiya bolluğu” olan yerdən mütləq sosial mühəndisliyin “ecazkar” ətri də gəlməlidir. Məlumat çox, peşəkarlıq isə az olan yerdə qərəzli şərhlər artır, manipulyasiya adi hala çevrilir, habelə idarəetmə sistemində mütəmadi olaraq “qısaqapanmalar” müşahidə olunur”.

Müəllif qeyd edib ki, mövcud kontekstin inkişafında bilməyimiz vacib olan qlobal internetin bilavasitə gizli tərəflərinin üstünə çıxmış oluruq. Peşəkarlıq səviyyəsi və analitik təhlil bacarığı olmayan sistemlərdə nəzarətsiz və tükənməyən informasiya axını idarəetmə böhranına gətirib çıxara bilir. Buna görə də biz davamlı olaraq süni şəkildə təhrik olunan geosiyasi transformasiya proseslərinə şahidlik edirik. Qlobal sosial mühəndislərin bu cür addımları dünyada süni streslərin çoxalmasına hesablanıb. “Stresli” situasiyalar isə dövlətlərin idarəetmə sistemlərində “boşluqları” ifşa edir. Əlbəttə ki, təsir coğrafiyalarının artması uğrunda mübarizə aparan qlobal güclərin “yırtıcı” geostrategiyalarının əsas hədəflərindən biri də məhz müstəqil dövlətlərin idarəetmə sistemlərində müxtəlif xarakterli “böhranların” yaradılmasıdır. Ən azından ona görə ki, bu cür böhranlar “super güclərin” konkret ölkələrin daxili məsələlərinə müdaxilə etmək imkanlarını artırır.

“Beynəlxalq təcrübəyə istinadən deyə bilərik ki, yalnız inzibati resurslara arxalanan və peşəkarlıq səviyyəsi real situasiyalara adekvat olmayan sistemlərdə nəzarətsiz məlumat bolluğu növbəti əsas neqativ fəsadlara gətirib çıxara bilər: stressli mühit, inersiyalı davranış, emosional qərarlar, strateji hədəf və prioritetlərin davamlı dəyişilməsi, sistem daxilində mübarizə tendensiyalarının yaranması, ardı kəsilməyən problemlərin həlli üçün əlavə vəsaitinin ayrılması, iqtidar komanda daxilində əlavə “sığorta kartlarının” əldə olunması istəyi, total ehtiyatlılıq və qarşılıqlı şübhə mühiti, səhvlərin artması və s. Analoji tendensiyalar inkişaf edəndən sonra konkret dövlətin hakimiyyəti yaşanan çətinliklərinin çarəsini ölkənin xaricində axtarmağa başlayır və bununla da geosiyasi tələyə düşə bilir.

Təsadüfi deyil ki, Prezident İlham Əliyev öz rəsmi çıxışlarında hər zaman Azərbaycanın müstəqil siyasət aparmaq bacarığını prinsipial olaraq dövlətin toxunulmaz strateji resursu kimi qeyd edir. Burada dövlətimizin başçısının 2020-ci il 10 mart tarixində keçirilmiş altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında səsləndirilmiş növbəti fikirlərini bir daha yada salaq: “Bizi istəməyə bilərlər məhz bu hərəkətlərimizə görə, bu müstəqil siyasətimizə görə”, “Biz Azərbaycan olaraq bu şər-böhtan kampaniyaları ilə çoxdan üz-üzəyik. Bunun əsas səbəbi bizim müstəqil siyasətimizdir, heç kimin qarşısında baş əyməməyimizdir.”, “Bu gün biz müstəqil ölkə kimi yaşayırıq, müstəqil siyasət aparırıq, heç kimin işinə qarışmırıq, heç kimə də imkan vermirik ki, bizim işimizə qarışsın”.

Odur ki, bilavasitə milli maraqlar üzərində qurulmuş müstəqil siyasətinin məhdudlaşdırılmasına yönəlmiş bütün cəhdlərinin qarşısı sərt şəkildə alınmalıdır. “Demokratiya” adı altında təhlükəli manipulyasiyalarla məşğul olan qüvvələrin internet üzərində informasiya təxribatlarına göz yummaq olmaz. Müstəqil siyasəti müstəqilliyimiz qədər qorumalıyıq. Gələcək nəsillər qarşısında olan məsuliyyəti dərk edərək ərazimizin növbəti dəfə kimlərinsə nüfuz və təsir etmə uğrunda aparılan sərt geosiyasi mübarizənin meydançasına çevrilməsinə imkan verməməliyik.

Yeni dövr idarəetmə sistemlərindən yeni keyfiyyət və bacarıqları tələb edir. Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə davamlı şəkildə aparılan sistemli islahatlar məhz dəyişən reallıqlara adekvat olan zəruri keyfiyyətlərin formalaşmasına yönəlib. Bəli, mövcud istiqamətdə atılan addımlar bəzən populyar olmaya bilər, ancaq onlar mütləq ki, gələcəyə yönəlmiş və milli siyasi sisteminin müqavimət potensialının artmasına xidmət edir. Beləliklə, məlumatlılıq idarəetmədə önəmli amil sayılsa da, müasir dövrün xüsusiyyətləri dövlət siyasətində “analitika” və “kreativliyi” önə çəkir”, - deyə Asif Adil bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə