Yaxın 5–10 il perspektivində Azərbaycan üçün xüsusilə mühüm rol oynayacaq iki əsas tendensiyanı qeyd etmək olar.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə innovasiya və texnologiyalar sahəsində beynəlxalq ekspert Alexandro de Leon Moreno söyləyib.
O, birinci əsas tendensiya kimi rəqəmsal inklüzivliyi göstərib. Vurğulayıb ki, məhz bu prinsip əsasında “Microwd” şirkətinin mikromaliyyələşdirmə və sosial təsir sahəsində fəaliyyət göstərən beynəlxalq fintex platforması qurulub və məhz rəqəmsal inklüzivlik şirkətin böyüməsinə və real sosial təsir yaratmasına imkan verib.
Onun fikrincə, texnologiyalar ənənəvi olaraq bu proseslərdən kənarda qalmış əhali qruplarına – kənd sakinlərinə, girovu olmayan və ya maliyyə imkanları məhdud olan insanlara maliyyə və rəqəmsal xidmətlərə çıxış təmin edə bilər. Rəqəmsal alətlər bu cür xidmətləri sürətli, münasib qiymətə və təhlükəsiz edir. Nəticədə bu, təkcə ayrı-ayrı insanlar üçün deyil, bütöv icmalar üçün də transformasiyaedici faktora çevrilir.
İkinci əsas tendensiya kimi ekspert süni intellektin inkişafını qeyd edir. O bildirib ki, “Microwd”da süni intellekt məhdud miqyasda tətbiq olunsa da belə, şirkətin əməliyyat modelini tamamilə dəyişib. Süni intellektdən istifadə ştatın genişləndirilməsinə ehtiyac olmadan minlərlə qadın sahibkara fərdi dəstək göstərməyə imkan verib. Bu isə öz növbəsində xərclərin azalmasına, səmərəliliyin artmasına və sosial təsirin güclənməsinə səbəb olub.
Daha geniş, milli kontekstdə Alexandro de Leon Moreno əmindir ki, süni intellekt cəmiyyətin fəaliyyətini köklü şəkildə dəyişə bilər, yəni dövlət xidmətlərini, kənd təsərrüfatını, nəqliyyatın mobilliyini, vergi sistemlərini və şəffaflıq səviyyəsini yaxşılaşdıra bilər.
Bununla yanaşı, o xüsusi olaraq vurğulayır ki, rəqəmsal transformasiya təhsil və empatiya olmadan dayanıqlı ola bilməz. Onun fikrincə, dövlətlər erkən yaşlardan rəqəmsal savadlılığı və texnoloji təhsili inteqrasiya etməli, eyni zamanda dəyişikliklərə uyğunlaşması daha çətin olan insanlara – yaşlılara və həssas əhali qruplarına xüsusi diqqət göstərməlidir. Onun sözlərinə görə, heç kimin geridə qalmamasına zəmanət vermək təkcə texniki vəzifə deyil, həm də mənəvi çağırışdır.
Ekspert hesab edir ki, rəqəmsal inklüzivlik, süni intellektdən məsuliyyətli istifadə və insanyönümlü təhsil Azərbaycan üçün həqiqətən inklüziv və dayanıqlı rəqəmsal gələcəyə aparan ən perspektivli yolu təşkil edir.
Ağıllı şəhərlərin yaradılmasının fəlsəfi və etik aspektləri, xüsusilə Bakıda həyata keçirilən layihələr kontekstində danışarkən Alexandro de Leon Moreno qeyd edib ki, əsas prinsip insanın texnoloji inkişafın mərkəzinə qoyulmasıdır. Texnologiya məqsəd yox, vasitə olaraq qalmalıdır. O vurğulayıb ki, bu, açıq-aşkar görünsə də, praktikada bunu unutmaq asandır, xüsusilə innovasiyaya canatma və ya miqyaslanma təzyiqi şəraitində özünü büruzə verir.
Azərbaycan hökumətinin və biznes ictimaiyyətinin rəqəmsal texnologiyalara ictimai etimadı formalaşdırmaq və rəqəmsal uçurumun qarşısını almaq üçün hansı addımlar atmalı olduğu ilə bağlı suala cavab verən Alexandro de Leon Moreno yenidən kompleks və insan mərkəzli yanaşmanın vacibliyini önə çəkib.
Birincisi, onun fikrincə, dövlət və biznes vətəndaşların qorunmasına yönəlmiş aydın hüquqi və etik çərçivələr formalaşdırmalıdır. Fərdi məlumatların qorunması, süni intellekt və ifadə azadlığı sahəsində güclü tənzimləmə, eləcə də saxta xəbərlərə qarşı mübarizə və insan yaradıcılığının qorunması üzrə tədbirlər insanlara onların ləyaqətinin, kimliyinin və ideyalarının etibarlı şəkildə qorunduğunu hiss etdirməyə kömək edir. Məhz bu təhlükəsizlik hissi, onun vurğuladığı kimi, rəqəmsal mühitdə etimadın və aktiv iştirakın əsasını təşkil edir.
İkincisi, Alexandro de Leon Moreno uzunmüddətli baxışın nümayiş etdirilməsinin vacibliyini qeyd edib. Bu, təkcə rəqəmsal infrastruktura deyil, həm də tədqiqatlara, innovasiyalara və xüsusilə gənclərə yönəlmiş təhsilə investisiyaların yatırılmasını nəzərdə tutur. Onun sözlərinə görə, gələcəyin peşə və sahələrinə növbəti nəslin hazırlanması həlledici əhəmiyyət daşıyır. İnsanlar, texnologiyaların imkanları yalnız imtiyazlı azlıq üçün deyil, cəmiyyətin geniş təbəqələri üçün yaratdığını gördükdə, rəqəmsal dəyişikliklərin qəbulu səviyyəsi əhəmiyyətli dərəcədə artır.
Üçüncüsü, ekspert texnologiyaların dəyərinin elə bir formada izah edilməsinin vacibliyini vurğulayıb ki, bu, insanlar tərəfindən şəxsi və ilhamverici şəkildə qəbul olunsun. Onun fikrincə, əsas prinsip dəyişməz olaraq insan yönümlülükdür, yəni texnologiyalar insan potensialını genişləndirməli, onu əvəz etməməli və ya şəxsiyyətsizləşdirməməlidir.
Nəhayət, Alexandro de Leon Moreno hesab edir ki, texnologiyalara çıxış hələ də son dərəcə qeyri-bərabər şəkildə paylanır. Onun fikrincə, istənilən milli rəqəmsal inkişaf strategiyası əhalinin bütün müxtəlifliyini, o cümlədən kənd regionlarının sakinlərini, internetə çıxışı məhdud olan və rəqəmsal savadlılıq səviyyəsi aşağı olan insanları nəzərə almalıdır. Həllər mahiyyət etibarilə inklüziv olmalıdır, əks halda mövcud sosial və iqtisadi bərabərsizliyin daha da dərinləşməsi riski yaranır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB