"Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə Prezident İlham Əliyev regionun bu günü və gələcəyi üçün vacib olan məsələlərə münasibət bildirdi". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.
O bildirib ki, Azərbaycan inteqrasiya işində əsas komponentlərdən biri kimi nəqliyyat sisteminin, qovşaqların inkişafını müəyyən edib: "Həm daxili proqramımız üçün, həm də regiondakı gediş-gəliş, daşımalar, mübadilə və sair prosesləri üçün vacib olan bir məsələdir. Əlbəttə ki, bizim Cənubi Qafqaz regionu nəqliyyatın, kommunikasiyaların inkişafı baxımından daha yüksək bir vəzifədə, daha yüksək bir mövqedə ola bilərdi. Amma bu imkanları məhdudlaşdıran Ermənistanın əyləc roludur. Çünki Ermənistan heç bir öhdəliyi üzərinə götürərək onun öhdəsindən gəlməyib. Birincisi ona görə gəlməyib ki, istək yoxdur. Digər tərəfdən də onlar sanki vəsait xərcləmək istəmirlər. Misal üçün, silah-sursat almağa vəsaiti xərcləyirlər, amma nəqliyyatın inkişafına, 10 noyabr 2020-ci ilin öhdəliklərindən, yəni 3 şərtli bəyanatın içində olan öhdəliklərdən irəli gələn vəzifələrə heç bir münasibət bildirmirlər. Çünki Ermənistan öz ixtiyarı ilə hərəkət edən məmləkət deyil. Onun açarı özgə qüvvələrdədir və onlar çalışırlar ki, Ermənistanı öz siyasətlərinin alətinə çevirsinlər, çevirirlər də. Amma Ermənistan xalqı üçün bu, heç bir müsbət dəyişiklər vəd etmir. Çox təəssüf ki, Ermənistan xalqının səsini çıxarıb söz deməyə heç bir cürəti də yoxdur. Əgər deyərsə də, onu heç kəs dinləmir. Əlbəttə, bu vəziyyət belə qalmayacaq, çünki region, həqiqətən də, çox əlverişli mövqelərə malik regiondur. Şimal-cənub, şərq-qərb, cənub-qərb, cənub-şərb, bütün müxtəlif variantların hamısı bizdə cəmlənib. Onlardan istifadə etmək mütləq lazımdır. Ancaq buna bəzi qüvvələr, o cümlədən də bölgədə yerləşən Ermənistan icazə vermir. Amma biz də Ermənistanın icazəsini gözləyən deyilik. Yəni, faktiki olaraq Ermənistanla bizim münasibətlərimiz hələ ki, yoxdur. Bu baxımdan da biz görürük ki, Ermənistanın iştirakı olmadan Azərbaycan öz imkanlarını həyata keçirir, Azərbaycan inkişaf meyllərini gücləndirir, dayanıqlı bir vəziyyət yaradır.
Təsadüfi deyil ki, Azərbaycan özü regionda nəqliyyat xabıdır və digər tərəfdən də Cənubi Qafqazda nəqliyyat xabı kimi daha böyük anlamda, daha geniş bir kompleksli şəkildə görmək istəyir. Bu baxımdan əlbəttə ki, Ermənistan gərək öz gələcəyinə ağlasın. Çünki əlverişli regionda ola-ola yarıtmaz siyasət aparmaq ancaq əqli, koqnitiv baxımdan naqis bir qüvvənin şakəri ola bilər. Ona görə də Prezident İlham Əliyev müşavirədə açıq-aşkar bütün proseslərə münasibətini bildirdi. Bir daha yada saldı ki, Ermənistan gərək ən azı öz öhdəliklərini yerinə getirsin. Əgər bunu etmək istəmirsə, onda biz yenə də Ermənistanı oyundan kənar vəziyyətdə saxlamağa qadirik. Amma digər tərəfdən də, gərək bölgəmizdə yerləşən digər ölkələr də bu vəziyyəti layiqincə dəyərləndirsinlər. Bilsinlər ki, Azərbaycanın istəkləri, tələbləri haqlı tələblərdir və biz imkan verməyəcəyik ki, Ermənistan özgə qüvvələrin fitvaları ilə burada vəziyyəti tündləşdirsin, sonra prosesləri ləngitsin və eləcə də dağıdıcı qüvvəni bura gətirib çıxarsın".
"Bizim istəklərimiz yalnız bütün istiqamətlərdə inteqrasiyanın genişlənməsidir və təsadüfi deyil ki, elə 2020-ci ilin 2-ci Qarabağ müharibəsinin hərbi kampaniyası bitdikdən dərhal sonra Prezident İlham Əliyev 3+3 formatını gündəmə gətirmişdi. Bu gün yenidən o formatın aktuallığı özünü büruzə verir. Biz görürük ki, həqiqətən də, Azərbaycan lideri bölgədə elə bir sabitləşdirici rol oynayır ki, demək ki, həm Azərbaycan qazansın, həm də bizim qonşular. Ola bilsin ki, haçansa, yaxın gələcəkdə Ermənistanın da ağlı yerinə gələcək. Görəcəklər ki, nifrət və qarşıdurma siyasətindən əl çəkməyin özü onlar üçün böyük bir xeyr vəd edirdi. Hələ ki, onlar bu məntiqi anlaya bilmirlər. Görünür, naxoş, yəni nəqis ruhun olması, bunların daxil aləminin bəsitliyi imkan vermir ki, onlar başa düşsünlər. Ümumiyyətlə, insan cəmiyyətinin qayəsi ondan ibarətdir ki, inkişaf üçün imkanlar açsın, təşəbbüsləri həyata keçirərək insanların rifahını artırsın və onlara gələcəklə bağlı ümidlər bəxş etsin. Hələ ki, Ermənistanda bunu anlamırlar, hələ ki, orada türkofobiya, islamofobiya güclüdür. Amma Azərbaycan onlara rəğmən öz konseptual inkişafına nail olur, digər tərəfdən bizim gücümüz, bizim artan nüfuzumuz, imkanlarımız həm də dostluq və tərəfdaşlarımız üçün də yeni imtiyazlar gətirməkdə davam edir" - deyə o, əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə