"Ticarət sferasında inhisarçılıq aradan qaldırılmalıdır" - İQTİSADÇI MÜNASİBƏT BİLDİRDİ

"Bu təcrübə bazar iqtisadiyyatının tətbiq edildiyi bütün ölkələrdə mövcuddur. Azərbaycanda bu sistem tam olaraq mövcud deyil. Ümumi dövlət ehtiyatlarının yaradılması indiyədək üstü açıq qalan bir məsələ idi. Bu istiqamətdə qanunun qəbul edilməsi nəzərdə tutulur. Bu məsələ barədə məlumatı olan-olmayan da müxtəlif fikirlər uydurur". Bu sözləri SİA-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.

Onun sözlərinə görə, doğrudur, dövlət ehtiyatları ölkə daxilində məhsul qiymətlərinin, ümumilikdə bazarın tənzimlənməsinə xidmət edən elementlərdən biridir: "Xüsusilə, kənd təsərrüfatı məhsullarından söhbət gedir. Bunun mahiyyəti ondan ibarətdir ki, ölkədə hər hansı bir fövqəladə vəziyyətdən və ya hər hansı bir iqlim dəyişikliyindən məhsuldarlığın aşağı olduğu halda qiymətlərin həddindən artıq yüksəlməsinin, o cümlədən, bolluq səbəbi ilə qiymətlərin aşağı düşməsinin qarşısı alınsın. Dövlətin yaratdığı ehtiyatlardan istifadə edib bazarda tənzimləmə işləri aparmaq olar və qiymətlərin görünməz əl vasitəsilə korrektə edilməsi mümkündür.

Məsələn, bu üsuldan Amerikada hələ ötən ilin 80-ci illərində istifadə edilib. Bu gün də istifadə edilir. Bu necə baş verir? Götürək elə kartof məhsulunu, hökumət əvvəlcədən araşdırmalar aparıb müəyyənləşdirir ki, ölkədə kartof məhsulu nə qədər məhsuldardır, ona tələbat nə qədərdir və sair. Müəyyən edir ki, bu il kartof boldur. Yeni kartof məhsulu bazara çıxmamış həmin artıq kartofu hökumət dövlət büdcəsi hesabına fermerlərdən satın alır. Beləliklə, artıq kartofu bazardan çıxarmaqla qiymətləri sabitləşdirir".

İqtisadçı sözlərinə davam edərək bildirib ki, Azərbaycanda isə qiymətlər heç vaxt ucuzlaşmır, bir qayda olaraq yalnız bahalaşır: "Bunun qarşısını almaq üçün dövlət ehtiyatlarının yaradılması o qədər də səmərəli məsələ deyil. Mövcud problemləri aradan qaldırmaq və məhsul bolluğu yaratmaq, ölkə daxilində məhsul istehsalını genişləndirmək, stimullaşdırmaq lazımdır. Onun sözlərinə görə, bunlarla yanaşı ölkənin həm istehsal, həm də satış, ticarət sferasında inhisarçılıq aradan qaldırılmalıdır, rəqabət mühiti yaradılmalıdır. Bundan sonra bəli, dövlət ehtiyatlarının bir vasitə kimi istifadə olunması məqbuldur".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə