Ödənişli olması polietilen torbaların istifadəsinə necə təsir edib? - İQTİSADÇI AÇIQLADI

“Polietilen torbaların ödənişli olması bu torbalardan istifadəyə çox ciddi təsir etməyib. Bu layihə bir müddət pilot olaraq tətbiq edilməli idi. Pilot layihə kimi yoxlanılmadan tətbiq edildi. Nəticədə isə bu qanun yetərincə effekt vermədi". SİA xəbər verir ki, bu sözləri açıqlamasında iqtisadçı ekspert Rauf Qarayev deyib.

Onun sözlərinə görə, polietilen torbalardan hazırda da geniş istifadə olunur və ekologiyanı çirkləndirməyə əvvəlki kimi davam edirlər: "Qanun qəbul olunmamışdan əvvəl bir sıra sınaqlardan keçməli idi. Sınaq uğurlu olardısa, effektvermə əmsalı yüksək olardı”.

İqtisadçı bildirdi ki, polietilen torbaların keyfiyyətində də problemlər var: “Polietilen torbaların keyfiyyətinə nəzarət də düzgün aparılmır və istehsalçı burada polietilen torbaları incəldərək, keyfiyyətini azaldaraq əlavə qazanc əldə edir. Nəticədə, bu da insanları əlavə polietilen torba almağa sövq edir. Polietilen torbalar yırtıldığı zaman onu yenisi ilə əvəz etsinlər. İri marketlərdən kənar satılan polietilen torbalar da əvvəlki kimi keyfiyyətli deyil”.

Ekspert həmçinin polietilen torbaların reklam vasitəsi olduğunu nəzərə çatdırdı: “Polietilen torbaların üzərində marketlərin loqoları yerləşdirilib. Yəni polietilen torbalardan istifadə edən hər bir alıcı marketi reklam edir. Şirkətlər gəlirinin 40 faizinə yaxını marketinq siyasətinə xərclədiyini nəzərə alsaq, burada demək olar ki, heç bir xərc çəkmədən özünü reklam edir”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə