“Mil” romanı hazırkı İranda Azərbaycan türk xalqının əsrləri əhatə edən taleyini və mövcud vəziyyətini əks etdirir. Əsər 1977-1979-cu illərdə keçmiş SSRİ-dən Tehrana ezamiyyətə göndərilən, Azərbaycan türkü olan, “Pravda” qəzetinin şərqşünas ixtisaslı müxbirinin həyat dramıdır. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Kitabda Azərbaycan dövlət başçısı Heydər Əliyevin keçmiş SSRİ-dəki bütün ictimai-siyasi proseslərə böyük təsir etmək imkanları, onun tarixi şəxsiyyət kimi Suslov və Andropovdan çox-çox yüksəkdə dayanması ədəbi ustalıqla obrazlı şəkildə ifadə olunur.
Əsərin müəllifi AZƏRTAC-ın Türkiyə bürosunun rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru Sabir Şahtaxtı, nəşrin rəhbəri Avrasiya Yazarlar Birliyinin (AYB) sədri Yaqub Öməroğludur.
AYB tərəfindən nəşrə hazırlanan “Mil” romanı Ankaradakı “Bengü” nəşriyyatında çap edilib.
Pəhləvi dövründə indiki İran ərazisində kök salıb dərinləşən türk düşmənliyinin əsasları və onun ənənə halına gətirilməsi məsələləri əsərdə real faktların bədii fonunda əksini tapıb.
Zəngin milli-mənəvi dəyərləri özündə ehtiva edən “Mil” romanı bu mühüm amilləri əhatə edir: türk toplumunun genetik xüsusiyyətləri, Vətən və milli varlıq yolunda mübarizlik, zəngin türk ənənələri, tarixi miras olan türk dövlət idarəetmə metodları, Vətənə, millətə, dəyərlərə bağlılıq, yenilməzlik və sair.
Əsərdə cəmləşdirilən bütün tarixi proseslər, küçə, meydan və yer adları, o cümlədən vəzifəli şəxslərin ad və soyadları 1977-1979-cu illərdə mövcud olmuş şəkildə yazılıb. “Heydərbabaya salam” poemasının türkcə işıq üzü görməsinin əsl səbəbi, Urmu (Urmiya) gölünün qurudulması cəhdinin arxasındakı məkrli məqsəd, şair Behrənginin öldürülməsi, Evin həbsxanasındakı işgəncə metodları, türk ailələrindəki sandıqlarda saxlanılan əl işlərindəki şifrəli tarixi sirlər, o cümlədən azərbaycanlı ailələrdə dünyaya göz açan uşaqların doğum sənədlərinə türk adlarının yazılmaması kimi mühüm məsələlər konkret faktlar üzərində rəvayətlər, faktlar, dialoq və təsvirlərlə axıcı və oxunaqlı ədəbi dildə qələmə alınıb.
Türk və içkeriya (çeçen) əsilli iki gəncin bitib-tükənməyən eşq hekayəsi kimi qələmə alınan roman əslində böyük və dərin mahiyyətli olan beynəlxalq səviyyəli siyasi prosesləri özündə əks etdirir. Əsər milli və dini mənsubiyyətindən asılı olmayaraq hər kəs üçün tərbiyəvi əhəmiyyət daşıyır, milli və dini özünüdərk amillərini aşılayır.
Ümumtürk həmrəyliyinə böyük faydalar gətirəcək, bədii-publisist janrda qələmə alınan əsərdə həmçinin Azərbaycan-içkeriya-tatar dostluq və qardaşlıq telləri üçün olduqca vacib bir metod tətbiq edilib. Romanda Azərbaycan, çeçen və tatar qardaşlıq körpüsü üçün möhkəm sütunlar vardır. Bu sütunlar milli və dini dəyərlərdən yoğrulub. Əsərdə əvvəldən sonadək elm və yüksək mədəniyyət, mübarizlik və döyüşkənliyin vəhdət halında milli güvən formulası olduğu oxucuya aşılanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB