"Azərbaycanda mənzil əlçatanlığının zəifləməsinin əsas səbəbi mənzil qiymətlərinin artım sürətinin əməkhaqqı artımını xeyli üstələməsidir. Məsələ təkcə mənzil qiymətlərinin artması və ya ipoteka faizləri deyil. Problemin kökü daha dərindir – söhbət ölkədə tətbiq olunan iqtisadi modeldən gedir".
Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Asif İbrahimov deyib.
.jpg)
İqtisadçı-ekspert bildirib ki, son illərdə tikinti xərclərinin bahalaşması, torpaq qiymətlərinin yüksəlməsi, şəhərləşmənin sürətlənməsi və mənzil təklifinin tələbi tam ödəyə bilməməsi nəticəsində mənzil bazarında ciddi qiymət artımı müşahidə olunur:
"Eyni zamanda, orta aylıq əməkhaqqı artsa da, bu artım mənzil qiymətlərindəki yüksəlişlə müqayisədə kifayət etmir. Nəticədə gənc ailələr üçün nə ilkin ödənişi toplamaq, nə də uzun illər ipoteka ödənişlərini daşımaq asan deyil.
Burada əsas məsələ bankların nə qədər kredit ayırması deyil. Əsas sual budur ki, əhalinin ödəmə qabiliyyəti buna imkan verirmi?
İpoteka Fondu, hətta banklar belə istəsələr, daha çox ipoteka krediti ayıra bilərlər. Amma gəlirlər aşağı, yaşayış xərcləri yüksək olduğu halda insanlar həmin kreditləri ödəyə bilməyəcəklər. Deməli, problem kredit resursunun həcmi deyil, vətəndaşın iqtisadi gücüdür.
Digər mühüm məsələ ipoteka sisteminin əhatə dairəsidir. Güzəştli ipoteka hər kəs üçün əlçatan deyil, adi ipoteka isə minlərlə gəncin gəlir səviyyəsinə uyğun gəlmir. Rəsmi gəliri aşağı olan və ya qeyri-rəsmi çalışan insanların əhəmiyyətli hissəsi bu sistemdən kənarda qalır.
İpoteka və Kredit Zəmanət Fondunun yaradılmasından uzun illər keçməsinə baxmayaraq, Fondun açıqladığı statistikaya əsasən, bu müddətdə cəmi 59 min 200–59 min 300 nəfər ipoteka kreditindən yararlana bilib. Bu rəqəm 10 milyondan çox əhalisi olan ölkə üçün olduqca kiçik göstəricidir və əhalinin heç 1 faizini belə əhatə etmir. Bu fakt göstərir ki, mövcud mexanizm geniş əhali kütləsinin mənzil problemini həll etmək gücündə deyil.
Lakin məsələ bununla bitmir. Mənzil bazarında qiymətlərin formalaşmasına təkcə tələb deyil, təklif də ciddi təsir göstərir. Təklifin artması üçün isə tikinti sektorunun daha rəqabətli, daha açıq və daha çox investisiya cəlb edən bir sahəyə çevrilməsi vacibdir.
Bu da bizi yenidən eyni nöqtəyə – iqtisadi modelə gətirib çıxarır.
Azərbaycanda iri investisiya layihələrinin böyük hissəsinin maliyyə mənbəyi dövlət büdcəsidir. Dövlət büdcəsinin əsas gəlirləri isə neft və qaz sektorundan formalaşır. Sadə dillə desək, bu gün iqtisadiyyatda dövriyyədə olan hər 100 manatın təxminən 92 manatı birbaşa və ya dolayı yolla neft gəlirlərinə söykənir. Bu isə uzunmüddətli və dayanıqlı inkişaf modeli hesab oluna bilməz.
Normal iqtisadiyyatda inkişafın əsas hərəkətverici qüvvəsi dövlət deyil, özəl kapital və investisiyadır. Yerli və xarici investor ölkəyə sərmayə qoyur, yeni müəssisələr yaradır, yaşayış layihələri həyata keçirir, mənfəət əldə edir, yeni iş yerləri açır və iqtisadiyyat böyüyür. Azərbaycanda isə özəl investisiyaların, xüsusilə də xarici investorların iqtisadiyyatda iştirak payı hələ də arzuolunan səviyyədə deyil.
Bu gün biz mənzil bahalığını müzakirə edirik, amma səbəblərini kifayət qədər müzakirə etmirik. Mənzil bahadır, çünki gəlirlər kifayət qədər yüksək deyil. Gənclər ipoteka ala bilmirlər, çünki ödəmə qabiliyyətləri zəifdir. Ödəmə qabiliyyəti zəifdir, çünki iqtisadi model kifayət qədər yüksək məhsuldarlıq, rəqabət və yüksək gəlir yaratmır.
Əlbəttə, müəyyən iqtisadi mexanizmlər vəziyyəti qismən yaxşılaşdıra bilər. Gənclər üçün daha aşağı faizli və uzunmüddətli ipoteka proqramlarının genişləndirilməsi, ilk evini alanlar üçün dövlət zəmanətli ilkin ödəniş mexanizminin tətbiqi, sosial və münasib qiymətli kirayə mənzillərin sayının artırılması, tikinti sektorunda rəqabətin gücləndirilməsi və torpaq təklifinin genişləndirilməsi faydalı addımlar ola bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB