“Vyetnam günləri” çərçivəsində konsert proqramı

“Vyetnam günləri” çərçivəsində konsert proqramı

Avqustun 1-də ölkəmizdə 4-cü dəfə keçirilən “Vyetnam günləri” çərçivəsində Qoşa Qala qapıları qarşısındakı meydanda Vyetnamın incəsənət ustalarının iştirakı ilə konsert proqramı təqdim olunub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, konsertdən əvvəl Vyetnamın milli suvenirləri, əl işləri və təamları nümayiş etdirilib.

Əməkdar artist Dilarə Əliyeva çıxışında bildirib ki, Azərbaycan ilə Vyetnam arasında mədəni əlaqələr son illər daha da möhkəmlənib. O vurğulayıb ki, “Vyetnam günləri” iki xalqın zəngin mədəni irsinin qarşılıqlı tanıdılması, incəsənət nümayəndələri arasında əməkdaşlığın genişlənməsi və dostluq münasibətlərinin inkişafı baxımından böyük əhəmiyyət daşıyır. Belə tədbirlər xalqlar arasında qarşılıqlı anlaşmanın və mədəni dialoqun güclənməsinə töhfə verir.

Vyetnamın Hanoy Ticarət və Turizm Kollecinin rektoru Trinh Tri Thu Ha çıxışında Vyetnam ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətlərinin davamlı inkişaf etdiyini vurğulayıb. O bildirib ki, bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsində də keçirilən birgə layihələr xalqlar arasında qarşılıqlı etimadın möhkəmlənməsinə və əlaqələrin daha da genişlənməsinə mühüm töhfə verir. O, “Vyetnam günləri”nin gözəl ənənəyə çevrildiyini qeyd edərək, gələcəkdə də bu cür mədəni layihələrin davam etdirilməsi və əməkdaşlığın yeni istiqamətlər üzrə inkişaf etdirilməsi üçün birgə səylərin göstəriləcəyini diqqətə çatdırıb.

Sonra konsert proqramında milli musiqi alətlərində ifalar səsləndirilib, həmçinin opera müğənnilərinin ifasında Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından Vyetnam dilində parçalar təqdim olunub.

Qeyd edək ki, “Vyetnam günləri” ölkəmizin Vyetnamdakı səfirliyinin təşkilatçılığı, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, Vyetnam Milli Akademiyasının və Vyetnam şirkətlərinin dəstəyi ilə keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə