Azərbaycan-Ermənistan sülh prosesində əldə olunan irəliləyişlər Cənubi Qafqazda siyasi zəmin yaradır” - ŞƏRH
“ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələnin əsasını qoyan 2025-ci il avqustun 8-9-da Prezident İlham Əliyevin ABŞ-a səfəri həm ikitərəfli əlaqələrin transformasiyası, həm də Azərbaycan-Ermənistan sülh prosesinin gələcək istiqamətlərinin müəyyənləşməsi baxımından tarixi hadisə kimi qiymətləndirilə bilər”. Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar İskəndərov deyib.
Onun sözlərinə görə, son illər beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər fonunda ABŞ-ın Cənubi Qafqaza yanaşmasında yeni tendensiyalar müşahidə olunur:
“Azərbaycanın bölgədə yaratdığı reallıq, enerji təhlükəsizliyində artan rolu, nəqliyyat-logistika imkanları və regional sabitliyə verdiyi töhfələr Vaşinqtonun Bakı ilə münasibətlərinə daha praqmatik yanaşmasını zəruri edib. Bu baxımdan Prezident İlham Əliyevin ABŞ-a səfəri qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın yeni mərhələsinin başlanğıcı kimi dəyərləndirilə bilər.
Səfərin ən mühüm nəticələrindən biri Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində əldə olunan irəliləyişdir. Uzun illər davam edən münaqişədən sonra sülh gündəliyinin konkret mərhələyə keçməsi regionun gələcəyi üçün mühüm əhəmiyyət daşıyır. Azərbaycanın irəli sürdüyü və beynəlxalq hüququn norma və prinsiplərinə söykənən yanaşma artıq beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunan əsas platformaya çevrilib.
Əldə olunmuş nəticələr Prezident İlham Əliyevin uzun illər ərzində həyata keçirdiyi praqmatik, ardıcıl və milli maraqlara söykənən xarici siyasətin məntiqi davamıdır. Dövlət başçısı bütün beynəlxalq platformalarda Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və milli maraqlarını qətiyyətlə müdafiə edib, heç bir təzyiq qarşısında prinsipial mövqeyindən geri çəkilməyib. Məhz bu ardıcıllıq Azərbaycanın bu gün danışıqlar masasında təşəbbüsü müəyyən edən tərəf kimi çıxış etməsini təmin edib.
Azərbaycan sülh prosesinə qalib dövlət mövqeyindən yanaşsa da, revanşizmi deyil, davamlı sabitliyi prioritet hesab edir. Bu yanaşma regionda uzunmüddətli təhlükəsizliyin təmin olunmasına, iqtisadi inteqrasiyanın genişlənməsinə və Cənubi Qafqazın əməkdaşlıq məkanına çevrilməsinə xidmət edir.
ABŞ üçün də Azərbaycanla münasibətlərin yeni məzmun qazanması strateji əhəmiyyət daşıyır. Enerji təhlükəsizliyi, Orta Dəhlizin inkişafı, regional kommunikasiyaların açılması, terrorizmə qarşı mübarizə və geosiyasi sabitlik kimi məsələlər iki ölkənin maraqlarını üst-üstə gətirən əsas istiqamətlərdir. Bu səbəbdən münasibətlərin yeni mərhələsi yalnız ikitərəfli əməkdaşlığı deyil, bütövlükdə regional təhlükəsizlik arxitekturasını da gücləndirəcək.
Prezident İlham Əliyevin ABŞ-a səfəri Azərbaycanın artıq beynəlxalq proseslərdə gündəliyi müəyyən edən, təşəbbüsləri ilə regional və qlobal qərarlara təsir göstərən dövlətə çevrildiyini bir daha nümayiş etdirdi. ABŞ-Azərbaycan münasibətlərində formalaşan yeni dinamika və Azərbaycan-Ermənistan sülh prosesində əldə olunan irəliləyişlər Cənubi Qafqazda uzunmüddətli sabitliyin və əməkdaşlığın möhkəmlənməsi üçün mühüm siyasi zəmin yaradır”.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB