“İşğaldan azad olunmuş ərazilər Azərbaycanın turizm potensialını daha da artıracaq” - EKSPERT

“İşğaldan azad olunmuş ərazilər Azərbaycanın turizm potensialını daha da artıracaq” - EKSPERT

"İşğaldan azad olunmuş bölgələrin, əlbəttə ki, turizm potensialı var. Hətta işğaldan öncə də, sovet dövründə həmin ərazilərdə turistik məqsədlər üçün sanatoriyalar mövcud idi". Bu sözləri SİA-ya açıqlamasında turizm eksperti Ceyhun Aşurov bildirib.

Onun sözlərinə görə, həmin ərazilərə insanlar istirahət məqsədilə gedirdilər: "Xüsusən Kəlbəcərdə bu imkanlar var idi. Laçında, eyni zamanda Şuşada və digər ərazilərdə də bu məqsədlə fəaliyyət göstərən turizm obyektləri mövcud idi. Hətta təkcə Azərbaycandan yox, Sovet İttifaqının digər ölkələrindən də turistlər gəlirdilər.

Bu mənada işğaldan azad olunmuş ərazilərin də təbii ki, Azərbaycan turizm bazarına öz qatqısı olacaqdır. Heç də təsadüfi deyil ki, məhz bu ərazilərdə dövlət artıq üç beynəlxalq hava limanı inşa edib və istifadəyə verib. Bu beynəlxalq hava limanları gələcəkdə ölkə xaricindən məhz həmin ərazilərə birbaşa uçuşların təmin olunmasına imkan yaradacaq.

Eyni zamanda, turizm infrastrukturunun yaradılması ilə bağlı ciddi infrastruktur layihələri həyata keçirilir, investisiyalar qoyulur. Əlbəttə ki, orada turizmin müxtəlif növlərinin inkişafı da gözlənilir. Sanatoriyalar, sağlamlıq turizmindən tutmuş turizmin digər növlərinə qədər müxtəlif turizm obyektləri və qonaqlama məkanları inşa olunur.

Bu da onu göstərir ki, həmin ərazilər getdikcə həm ölkə vətəndaşları, həm də xaricdən gələn turistlər üçün daha çox mənimsənilən istiqamətlərdən olacaq və Azərbaycanın turizm potensialını daha da artıracaq".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə