Avqust-sentyabr aylarında ailələrin xərcləri niyə kəskin artır? - AÇIQLANDI

Avqust-sentyabr aylarında ailələrin xərcləri niyə kəskin artır? - AÇIQLANDI

Avqust ayı əksər ailələr üçün həm əmək haqqı, həm də məzuniyyət ödənişlərinin birlikdə alındığı dövrdür. Bu isə ailə büdcəsinə birdəfəlik əvvəlki aylarla müqayisədə nisbətən daha çox vəsaitin daxil olması deməkdir.

Bu sözləri SİA-ya İqtisadçı alim, Bakı Ali Neft Məktəbinin kafedra müdiri Altay İsmayılov deyib.

O bildirib ki, lakin məhz bu dövrdə ailələrin istirahət və səyahət xərcləri də artır. Xüsusilə orta gəlirli ailələr daxili turizmə üstünlük verir və avqust ayında səyahətə, istirahətə daha çox vəsait ayırırlar. Nəticədə ayın əvvəlində büdcəyə daxil olan vəsaitin böyük hissəsi ayın sonuna qədər xərclənir:

“Sentyabrda isə ailələri yeni tədris ili ilə bağlı əlavə xərclər gözləyir. Məktəbli forması, çanta, dəftərxana ləvazimatları, geyim, məktəb hazırlığı və digər xərclərlə yanaşı, tələbə ailələri üçün kirayə, nəqliyyat və yaşayış xərcləri də yaranır. Repetitor xərcləri də bu dövrdə ailə büdcəsinə əlavə yük gətirir.

Digər tərəfdən, avqust ayında məzuniyyətdə olan şəxsin sentyabrda əməkhaqqı almaması da büdcə planlamasını çətinləşdirir. Beləliklə, avqustda əldə olunan əlavə gəlirlə sentyabrda yaranan yüksək xərclər qarşılanmalı olur.

Bu problemin əsas həlli ailə büdcəsinin əvvəlcədən düzgün planlaşdırılmasıdır. Avqust ayında əldə olunan məzuniyyət ödənişinin hamısını istirahətə və digər cari xərclərə sərf etmək əvəzinə, sentyabr üçün nəzərdə tutulan məbləğ əvvəlcədən ayrılmalıdır.

Həmçinin məktəb hazırlığını son günlərə saxlamaq əvəzinə, avqust ayında mövcud endirimlərdən yararlanaraq zəruri alış-verişi mərhələli şəkildə həyata keçirmək ailə büdcəsinə düşən yükü azaltmağa kömək edə bilər.

Yəni ailələr üçün əsas məsələ əlavə gəlirin çox olması deyil, həmin vəsaitin qarşıdakı aylara uyğun şəkildə düzgün bölüşdürülməsidir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə