"Hörmüz boğazı ABŞ-İran savaşının əsas mübarizə meydanına çevrilib" - ŞƏRH

"Hörmüz boğazı ABŞ-İran savaşının əsas mübarizə meydanına çevrilib" - ŞƏRH

"Yaxın Şərqdəki savaş hazırda qeyri-müəyyən istiqamətlər üzrə inkişaf edir. Yəni, hərbi-siyasi böhran öz mövcudluğunu qoruyub saxlayır, qarşı duran tərəflər arasındakı gərginlik və ziddiyyətlər eyni ilə öz aktuallığını qoruyur".

Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.

Onun sözlərinə görə, burada hazırda önəmli bir faktor ondan ibarətdir ki, ABŞ-İran savaşının ağırlıq mərkəzi artıq Hörmüz boğazı üzərinə yerləşib:

"İndi əsas mübarizə Hörmüz boğazına nəzarət uğrunda davam edir. İran Hörmüz boğazına nəzarəti öz əlinə almağa çalışır, ancaq Amerika Birləşmiş Ştatları İrana belə bir imkan vermək niyyətində olmadığını göstərir. Əksinə, Amerika Birləşmiş Ştatları Hörmüzə özünün nəzarət etməsinə yönəlik addımlar atmağa çalışır.

Əsas məqsəd də ondan ibarətdir ki, İranın iqtisadi-ticari fəaliyyətini nəzarətdə saxlaya bilsin. Üsul olaraq da neft ixracı prosesi Amerika Birləşmiş Ştatlarının nəzarətində olsun. ABŞ hesab edir ki, İrana qarşı iqtisadi-siyasi nəzarət mexanizminin tətbiqi rəsmi Tehranın qarşısında qoyulan şərtləri daha tez qəbul etməsinə yol aça bilər.

Bu baxımdan hesab etmək olar ki, hazırda nə müharibənin, nə də sülhün vəziyyəti tam formalaşıb. Hər iki tərəfə indiki vəziyyətdə savaşı tərk etmək qətiyyən sərf etmir. Çünki tərəflərdən heç biri öz hədəflərinə çatmayıb.

Eyni zamanda, savaşın dayandırılması və yaxud sülhlə bağlı danışıqların yekunlaşdırılması da qətiyyən inandırıcı görünmür. Çünki bu prosesin dayandırılması sonrakı mərhələdə hər iki tərəfin qarşıya qoyduğu məqsədlərdən uzaq qalmasına səbəb ola bilər.

Bütün bunları nəzərə alanda hesab etmək olar ki, Yaxın Şərq savaşı ətrafında kifayət qədər mürəkkəb situasiya yaranıb və bu mürəkkəb situasiyanın yaxın aylarda çözülmə ehtimalı o qədər də yüksək deyil".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə