“Tv12” Azərbaycanla olan mədəni əlaqələrdən veriliş yayımlayıb

Azərbaycanın Batumidəki Baş Konsulluğunun təşəbbüsü və dəstəyi ilə Acarıstanın “Tv12” kanalında Gürcüstan və Azərbaycanın mədəni əlaqələrinə həsr olunmuş veriliş yayımlanıb.

SİA xəbər verir ki, “Tv12” televiziyasının kanalında aparıcı jurnalist Cemal Meqrelidzenin təqdimatında baş tutmuş verilişdə Nizami Gəncəvi və Şota Rustavelinin yaradıcılıq əlaqələrinin köklərinin dərinliyindən və Azərbaycanla Gürcüstan arasında hazırkı münasibətlərdən, tarixi köklərə bağlanan mədəni əlaqələrdən, çap edilmiş əsərlərdən söhbət açılıb.

Gürcüstan Yazıçılar Birliyinin (GYB) sədri xanım Makvala Qonaşvili, şairə Bella Keburia, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri İlqar Qarayev və Beynəlxalq Əlaqələr üzrə Milli Tərcümə Mərkəzinin əməkdaşı, şair İmir Məmmədli verilişin qonaqları olublar.

Aparıcının “Gürcüstan-Azərbaycan mədəni əlaqələri üçün gördüyünüz işlər barədə nə deyə bilərsiniz?” sualını cavablandıran Makvala Qonaşvili deyib ki, Azərbaycan ilə Gürcüstanın mədəni əlaqələri inkişaf edərək ən yüksək səviyyəyə yüksəlib.

M.Qonaşvili əlavə edib: “İmir Məmmədli ilə bərabər ilk işimiz “Əliyevin nəsli” adlı kitabın gürcü dilinə tərcüməsi olub. Nəşr ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi, sonrakı dövrdə Azərbaycanda gedən proseslərdən bəhs edir. Bu kitabın nəşr edilməsi iki ölkənin oxucuları üçün çox maraqlı olub. Eyni zamanda, gürcü dilinə tərcümə edilən dahi şair Nizami Gəncəvinin əsərləri Gürcüstan-Azərbaycan mədəni əlaqələrinin inkişafına və iki ölkənin əməkdaşlığına böyük töhfə verib”.

“Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın bir neçə kitabı Gürcüstan Mədəniyyət Nazirliyinin dəstəyi ilə gürcü dilinə tərcümə olunub və bu kitablar ölkələrimizin mədəni-ədəbi əlaqələrinin inkişafına xüsusi töhfə verib” – deyə, M.Qonaşvili vurğulayıb.

M.Qonaşvilinin tərcümələrində Leyla Əliyevanın “Qaçırıq, uçuruq, tələsirik”, “Zaman”, “Mağazalar və restoranlar”, “Göz yaşları” kimi şeirlərinə geniş yer verilib.

“Gürcüstan-Azərbaycan poeziyasının antologiya kitabının tərcümə olunmasının səbəbləri” barədə sualı cavablandıran şairə deyib: “Gürcü şairlərinin tərcümeyi-hallarının Azərbaycan dilinə və Azərbaycan şairlərinin tərcümeyi-hallarının gürcü dilinə tərcümə olunması Azərbaycanın Mədəniyyət Nazirliyinin dəstəyi ilə baş tutub. Bu kitabın tərcüməsi çoxsaylı oxucu kütləsinin marağına səbəb olub”.

M.Qonaşvili bildirib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın və antologiya kitabının təqdimatı pandemiya səbəbindən təxirə salınsa da, yaxın vaxtlarda kitablar oxuculara təqdim olunacaq.

İlqar Qarayev Azərbaycan Dövlət Tərcümə Mərkəzi, beynəlxalq dünya ədəbiyyatının Azərbaycan dilinə tərcüməsi ilə yanaşı, tarixi köklərə bağlı olan qonşu Gürcüstanın şair və yazıçılarının müəllifi olduğu kitabları azərbaycanlı oxucularına, eləcə də Azərbaycan şair və yazıçıların kitablarını gürcü oxucularına çatdırılması məqsədilə tərcümələri həyata keçirdiyini qeyd edib.

Jurnalistin Gürcüstan-Azərbaycanın mədəni əlaqələri ilə bağlı sualını cavablandıran şair İmir Məmmədli bildirib ki, Azərbaycan ədəbiyyatının ən yaxşı nümunələrinin dünyanın müxtəlif dillərinə, eləcə də müxtəlif dillərdən Azərbaycan dilinə tərcüməsi həyata keçirilir.

Bildirilib ki, şair Bella Keburianın əsərləri hər bir azərbaycanlı oxucunun marağına səbəb olub. Bu məqsədlə Azərbaycan Mədəniyyət Mərkəzində gürcü şairlərin əsərlərindən və nümunələrindən ibarət ədəbiyyat saytı fəaliyyətə başlayıb.

B.Keburianın şerləri Azərbaycan dili ilə yanaşı dünyanın 11 dilinə tərcümə olunub.

İmir Məmmədli deyib ki, hər iki ölkənin şairlərinin əsərlərinin Azərbaycan və gürcü dillərinə tərcümə edilməsi böyük əhəmiyyət kəsb edir.

Verilişdə yaxın gələcəkdə Azərbaycan və gürcü şairləri arasında görüşlərin təşkil edilməsinin, yeni yazılmış əsərlərin təqdimatının keçirilməsinin nəzərdə tutulduğu tamaşaçıların diqqətinə çatdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə