Könüllü açıqlamanın əhatə müddəti artırılır - Dövlət Vergi Xidməti

Sahibkarlar üçün daha əlverişli biznes mühitinin yaradılması və vergi inzibatçılığının sadələşdirilməsi ölkəmizdə aparılan vergi siyasətinin başlıca priotetlərindəndir.

Dövlət Vergi Xidmətindən SİA-ya bildirilib ki, bu istiqamətdə Vergi Məcəlləsinə edilən dəyişikliklərdən biri də könüllü açıqlamanın əhatə dairəsinin genişləndirilməsi ilə bağlıdır.

Hazırda qüvvədə olan qanunvericiliyə əsasən, səyyar vergi yoxlaması başa çatdıqdan sonra aşkar edilməyən və vergi öhdəliyinin, habelə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə öhdəliyin yaranmasına səbəb olan hallar ödəyicilər tərəfindən vergi orqanlarına könüllü şəkildə bəyan edilə bilər. Könüllü açıqlandığı halda təqdim edilmiş hesabat üzrə vergiödəyicisi tərəfindən yalnız hesablanmış vergi məbləği, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları ödənilir.

Hazırda vergiödəyicilərinə yalnız səyyar vergi yoxlaması ilə əhatə olunmuş dövr üzrə vergilərin könüllü şəkildə bəyan edilməsi imkanı verilib. Səyyar yoxlama ilə əhatə olunmayan, 3 ildən artıq müddət keçmiş dövrlər üzrə vergiödəyicisinin gəlirlərini könüllü bəyan etmək hüququ mövcud qanunvericiliklə məhdudlaşdırılır.

Bu səbəbdən könüllü açıqlama mexanizminin əhatəsinin genişləndirilməsi nəzərdə tutulur. 2026-cı ildən etibarən səyyar vergi yoxlamasının keçirilməsindən asılı olmayaraq, vergi və sığorta öhdəliklərini yaradan halların vergiödəyiciləri tərəfindən 3 illik müddətdən əvvəlki dövrlər üzrə də könüllü şəkildə bəyan edilməsi mümkün olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə