Abdulla Şaiqin anadan olmasının 130 illiyinə həsr olunmuş elmi sessiya keçirilib
XX əsr Azərbaycan ədəbiyyatının klassiki, görkəmli pedaqoq, ictimai xadim Abdulla Şaiq Talıbzadənin anadan olmasının 130-cu ili tamam olur. Bu münasibətlə AMEA Nizami adına Ədəbiyyat İnstitutunda elmi sessiya keçirilib. SİA-nın xəbərinə görə. elmi sessiyanı giriş sözü ilə açan institutun direktoru, akademik Bəkir Nəbiyev Abdulla Şaiq Talıbzadəni Azərbaycan bədii-estetik fikir tarixinin nadir simalarından biri, ömrünün 60 ilini milli ədəbiyyata təmənnasız xidmət göstərmiş ədib kimi qiymətləndirib. Romantizm cərəyanının nümayəndələrindən olan A.Şaiqin yaradıcılığında qərb imperializminə, şərq mütləqiyyətinə qarşı nifrət həmişə özünü göstərib. Akademik B.Nəbiyev A.Şaiqi yardıcılığının populyarlığına görə Ü.Hacıbəyovla müqayisə oluna biləcək sənətkar kimi səciyyələndirib. B.Nəbiyevin fikrincə, yaradıcılığında azyaşlı oxuculara da geniş yer ayıran A.Şaiq onlara bu şeirlərlə dünyaya baxmaq üçün bədii pəncərə açıb. A.Şaiq həm də müasiri olduğu Sabirlərin, Səhhətlərin, Nasehlərin mühiti ilə gənclər arasında canlı körpü olub.
"Abdulla Şaiq XX əsr Azərbaycan ədəbi-ictimai fikrinin nadir hadisəsi kimi" mövzusunda məruzəsində professor Alxan Bayramoğlu onun yaradıcılığındakı həzinliyin, lirikanın doğulduğu torpaqla bağlı olduğunu, yaradıcılığında Vətənə məhəbbətin, Vətənin azadlığı uğrunda mübarizənin, gənc nəslin təlim-tərbiyəsinin geniş yer aldığını bildirib.
Filologiya üzrə fəlsəfə doktoru Arzu Hacıyeva "Abdulla Şaiqin ədəbi-tənqidi görüşləri" adlı məruzəsində A.Şaiqi yaradıcılığında milliliklə bəşəriliyin, ənənə ilə müasirliyin, şərqlə qərb sivilizasiyasının, romantizmlə realizmin, şeirlə nəsrin mükəmməl sintezini yarada bilən ədəbiyyatşünas alim kimi səciyyələndirərək, onun həm türklükdən, turançılıqdan yoğrulmuş bir türk mütəfəkkiri, həm də qlobal, bəşəri ideyaların carçısı, milli-mənəvi dəyərlərin yorulmaz təbliğatçısı, həm də müasirliyin, novatorluğun tərəfdarı olduğunu vurğulayıb.
"XX əsrin əvvəllərində yeni yaranmaqda olan ədəbiyyatşünaslıq elminin tədqiqatçıların qarşısına qoyduğu vəzifələrin yerinə yetirilməsi ədəbi prosesin görkəmli simalarından biri Abdulla Şaiqin də çiyinlərinə düşüb. Müasir ədəbiyyatı təhlil etmək üçün onun xələfi olan klassik ədəbiyyatla əlaqəsini müəyyənləşdirmək lazım gəlirdi. Bu da xalqımızın bütöv ədəbiyyat tarixini tərtib etmək zərurətini ortaya çıxarırdı. Ədəbiyyat tarixini tərtib etmək üçün milli yazılı ədəbiyyatın haradan başladığını və hansı ədəbi mərhələlərdən keçib gəldiyini müəyyənləşdirmək vacib idi. Abdulla Şaiq də özünün ədəbiyyat tarixi konsepsiyası ilə ədəbi prosesdə yaxından iştirak etdi və o, yeni yaranmaqda olan ədəbiyyat tarixi və ədəbiyyat tarixçiliyi sahələrinin elmi-metodoloji ənənələrinin əsasını qoyanlardan biri oldu. Onun ədəbiyyat tarixi konsepsiyası dövrün ümumi ədəbi-elmi atmosferini əks etdirməklə yanaşı, orijinal, özünəməxsus xüsusiyyətləri ilə də səciyyələnir. Alim ədəbiyyat tarixinin dövrləşdirilməsində xronoloji ardıcıllığa, tarixilik prinsipinə, ictimai-sosial amillərə və onların ədəbiyyatda əksinə əsaslanırdı", - deyə o əlavə edib.
Ədib ədəbiyyatımızı milli köklərindən ayırmır, bu qırılmaz tellərin Azərbaycan xalqı və ədəbiyyatı üçün nə qədər əhəmiyyətli olduğunu dərk edib. H.Zeynallı, S.Mümtaz, B.Çobanzadə, Ə.Abid kimi A.Şaiq də şifahi xalq ədəbiyyatını yazılı ədəbiyyatın bazisi, təməli hesab edən alimlər sırasında idi. Ədəbiyyatın mənşəyinin müəyyənləşməsində dil faktorunu əsas meyar hesab edən A.Şaiqə görə, Azərbaycan ədəbiyyatı öz başlanğıcını Vaqif poeziyasından götürür. Lakin sonralar o, öz fikirlərinə dəyişikliklər edərək "biz indiyə qədər ədəbiyyatımızı Vaqifdən başladığımız halda, bundan sonra Füzulidən daha əvvəl yaşamış Həbibidən başlayacağıq" deyib.
"Abdulla Şaiqin mənzil-muzeyi" mövzusunda məruzəsində ədibin nəvəsi və muzeyin direktoru Ülkər Talıbzadə Abdulla Şaiqin sağlığında dəfələrlə dövlət tərəfindən mükafatlandırıldığını, 40 yaşında özünün iştirakı ilə yubiley mərasiminin keçirildiyini, 110 illiyi münasibətilə ev-muzeyinin yaradıldığını, 120 illiyində muzeyin ekspozisiyasının açıldığını bildirib. O, hazırda ev-muzeyin fondunda təxminən 7 minə yaxın eksponat saxlandığını, muzeyin elmi profil üzrə fəaliyyət göstərdiyini qeyd edib.
Öz çıxışında professor Məhərrəm Qasımlı Azərbaycan bayatılarının ilk dəfə 1926-cı ildə A.Şaiq tərəfindən nəşr etdirildiyini, sonralar bu bayatıların böyük bir hissəsinin ədibin özü və anası tərəfindən yazıldığının məlum olduğunu vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB