“Göy Qurşağı” uşaq jurnalının növbəti buraxılışı oxuculara təqdim edilib

Respublika Uşaq Kitabxanasının təsis etdiyi uşaq və yeniyetmələr üçün “Göy Qurşağı” jurnalının 71-ci buraxılışı işıq üzü görüb. SİA-nın məlumatına görə, 32 səhifədən ibarət jurnalda Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağ haqqında tarixi, eyni zamanda, maraqlı məlumatlar verilib.

Jurnalın ilk səhifələri Respublika Uşaq Kitabxanasının vətənpərvərlik mövzusunda həyata keçirdiyi “Zəfər sənindir, Azərbaycan əsgəri!” adlı əsgərə məktub aksiyasında iştirak edən uşaqların yazdıqları məktublarla başlayır. Aksiya çərçivəsində kitabxananın elektron poçt ünvanına minə yaxın məktub daxil olmuşdu. Onlardan bir neçəsi jurnalda öz əksini tapıb.

Jurnalda cənnətməkan Qarabağ bölgəsinə aid xalçalar, axan çaylar, sülh və məhəbbət çiçəyi sayılan Xarıbülbül eləcə də, Ağdam bölgəsinə məxsus tarixi-mədəni abidələr haqqında məlumatlarla yanaşı, Səməd Vurğun, Məmməd Araz, Rafiq Yusifoğlu, Sevinc Nuruqızı, Solmaz Amanova, Mina Rəşid və Gülzar İbrahimovanın hərbi-vətənpərvərlik mövzusunda qələmə aldıqları şeir və hekayələri də yer alıb.

Yeni kitablar rubrikasında isə hərb və vətənpərvərlik mövzusunda yazılmış əsərlərin annotasiyaları verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə